Siyasi varislikdən siyasi liderliyə

post-img

İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

Növbədənkənar seçki zərurəti və növbəti tarixi zəfərlər

II HİSSƏ

Müstəqil dövlətimizin hərtərəfli şəkildə inkişaf etdirilməsi sahəsindəki xüsusi xidmətləri və dünya birliyində qazandığı böyük imic Prezident İlham Əliyevin 2018-ci ildə növbədənkənar Prezident seçkilərinin keçirilməsinə dair qəti qərara gəlməsinə imkan vermişdi. Bu mənada Azərbaycan Respublikasının Prezidentinin 5 fevral 2018-ci il tarixli sərəncamı ilə 11 aprel 2018-ci il tarixdə növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qəbul etdiyi qərar xalqımız qarşısında bütün öhdəliklərini yüksək səviyyədə yerinə yetirmiş dövlət başçısının özünə inamının əyani ifadəsidir.

Bununla bərabər, 2018-ci ildə Azərbaycanda ilk növbədənkənar seçkilərin keçirilməsi həm də ölkəmizdə cəmiyyət həyatının bütün sahələrində daha böyük nailiyyətlər qazanmaq, respublikanı möhtəşəm uğurlara doğru aparmaq, yeni və genişmiqyaslı islahatlar həyata keçirmək üçün əlavə vaxt və imkan qazanmaq məqsədi daşımışdır.

Əslində, Azərbaycan Respublikasının Nazirlər Kabinetində aparılan islahatların, Milli Məclisdə formalaşdırılan yeni siyasi konfiqurasiyanın, ölkə həyatının bütün sahələrində genişmiqyaslı dəyişikliklərin həyata keçirilməsinə nail olmaq üçün növbədənkənar prezident seçkilərinin keçirilməsi zəruri və əhəmiyyətli idi. Dövlət müstəqilliyinin bərpa edilməsindən sona Azərbaycan Respublikasında keçirilmiş ilk növbədənkənar prezident seçkiləri olan bu səsvermədə Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevin seçicilərin 3 394 898 nəfərinin etibarını qazanaraq 86,02 faiz səs toplaması seçkilərdə tam inamlı qələbənin əldə olunması deməkdir. Bu, həm də güclü dövlət, güclü xalq və güclü liderin üzvü vəhdəti səviyyəsində qazanılan mühüm qələbə kimi də yaddaşlara yazılmışdır.

Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev 2018-ci il aprelin 18-də keçirilmiş andiçmə mərasimindəki nitqində növbədənkənar seçkilərin fəlsəfəsini xalqımıza çatdırmaqla bərabər, həm də sanki yaxın gələcəkdə ölkəmizi gözləyən II Qarabağ müharibəsinin də anonsunu vermişdir: “Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır… Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaransın… Bu reallıq həm də onu göstərir ki, bizim ordu quruculuğu ilə bağlı apardığımız siyasət yeganə düzgün siyasətdir… Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır… Bu, onu göstərir ki, biz öz torpaqlarımızı azad edəcəyik...”

Müstəqil Azərbaycan dövlətinin tarixində yeni mərhələ kimi qiymətləndirilməli olan 2018-ci ildən başlanan yol bir çox mühüm istiqamətləri və xüsusiyyətləri ilə diqqəti cəlb edir. Bu tarixi mərhələdə ölkənin idarə olunmasında yeni dalğaya nail olmaq üçün struktur və idarəetmə islahatları genişləndirilmiş, yeniləşdirilmiş kadr islahatları həyata keçirilmişdir. Nazirliklərin adları dəyişdirilmiş, funksiyaları konkretləşdirilmiş və müasirləşdirilmişdir. Məsələn, 2018-ci ildə iqtisadiyyatyönlü bir neçə nazirlik, komitə və xidmətin bazasında İqtisadiyyat Nazirliyinin, yaxud mövcud Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaradılması yeni tarixi mərhələnin struktur və idarəetmə islahatlarının mühüm göstəriciləri sırasındadır.

Bu tarixi mərhələdə ölkəmizdə müstəqil dövlətçilik və azərbaycançılıq ideyaları əsasında vətənpərvərlik tərbiyəsinin qüvvətləndirilməsinə xüsusi diqqət yetirilmişdir. Prezident İlham Əliyevin 2018-ci il seçkilərindən sonra andiçmə mərasimində bəyan etdiyi aşağıdakı fikirlər və çağırışlar ölkə üzrə azərbaycançılıq və və-tənpərvərlik hərəkatının yeni dövrün prioritet istiqamətlərindən birinə çevrilməsi-nin göstəricisidir: “Azərbaycan uğurla inkişaf edib. Azərbaycan xalqı birlik, həm-rəylik nümayiş etdirib. Bizim gələcək fəaliyyətimiz üçün milli ideologiyamız əsas rol oynayır. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub, Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşib və ölkəmiz çox uğurla inkişaf edir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi mehri-banlıq şəraitində yaşayır və bundan sonra da yaşayacaqdır. Bizim siyasətimiz və cəmiyyətin istəkləri bu istiqamətdə atılacaq addımları da şərtləndirəcək”.

Ən əsası Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti, sərkərdəlik məharəti və “dəmir yumruğ”u nəticəsində 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ermənistan Silahlı Qüvvələrinin 30 illik işğalından sonra Qarabağda qazanılmış tarixi Zəfər çoxəsrlik Azərbaycan tarixinin nadir və təkrarsız hadisəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 sentyabr 2023-cü ildə Qarabağda həyata keçirilən antiterror hərəkatı ilə ölkəmizin ərazi bütövlüyü və tam suverenliyi təmin edilmişdir. Qarabağ Zəfəri regionda və dünyada yeni reallıqları meydana çıxarmış, daha böyük gələcəyin qurulmasına təkan vermişdir. Prezident İlham Əliyev II Qarabağ müharibəsində qazandığı tarixi Zəfərlə dünyada ədalətli müharibə aparıb, qələbə qazanmağın nümunəsini göstərmişdir.

Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Respublikasının beynəlxalq əlaqələri genişləndirilmiş və daha da möhkəmləndirilmişdir. Xüsusən, ulu öndər Heydər Əliyevin bəyan etdiyi “Bir millət, iki dövlət” tezisi əsa-sında Azərbaycan – Türkiyə münasibətləri daha da inkişaf etdirilərək, ən yüksək zirvəyə çatdırılmışdır. Vətən müharibəsində Azərbaycan – Türkiyə münasibətlərinin sarsılmazlığı və əbədiliyi bütün dünyaya bəyan olmuşdur. Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında 15 iyun 2021-ci il tarixdə imzalanmış “Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi” qardaş ölkələrin münasibətlərinin dönməzliyinin siyasi-diplomatik və hərbi-iqtisadi təminatının ifadəsidir.

Prezident İlham Əliyevin başçılığı ilə uğurla həyata keçirilməkdə olan işğal-dan azad edilmiş torpaqlarımıza Böyük Qayıdış hərəkatı erməni işğalçıları tərəfindən Qarabağda dağıdılmış kəndlərin və şəhərlərin bərpası və yenidən qurulması ilə bərabər, həm də bütövlükdə, müstəqil Azərbaycanın daha güclü və parlaq gələcəyini də aydın şəkildə təsəvvür etməyə imkan verir. Böyük Qayıdış hərəkatı Azərbaycanın dünyaya Zəfər yolu, “Ağıllı kənd”, “yaşıl” iqtisadiyyat, “yaşıl” enerji, regionlarda beynəlxalq aeroport və sair kimi yeni və fərqli reallıqları təqdim etməsi ilə tarixə çevrilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2022-ci ildə Qərbi Azərbaycan İcmasının təsis edilməsi və Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların tarixi torpaqlarına qayıdışı hərəkatı ideyasının genişləndirilməsi ölkəmizin tarixinin mühüm dönüş nöqtələrindən biridir. Qərbi Azərbaycan ideyasının genişlənməsi könüllü olaraq Qarabağı tərk etmiş erməniləri məkrli məqsədlərlə yenidən Ermənistanın işğalından azad edilmiş Azərbaycan torpaqlarına qaytarmağı təbliğ edilən qüvvələrin haqsız cəhdlərinə ölkəmizin ədalətli cavabıdır.

Artıq dünyada Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyev Müzəffər Ali Baş Komandan, xalqımız isə qalib xalq kimi qəbul olunur. Prezident İlham Əliyevin “Türk dünyasının Ali Ordeni” ilə təltif olunması dövlət rəhbərimizin liderlik istedadının və beynəlxalq nüfuzunun dövlətlər səviyyəsində etiraf olunması və yüksək qiymətləndirilməsi deməkdir.

Göründüyü kimi, Azərbaycan Respublikası müstəqillik dövründə qarşıya qoyulmuş əsas vəzifələri yerinə yetirmişdir. Belə ki, ölkəmizin ən zəruri problemi olan Qarabağ problemi Azərbaycan dövlətinin qələbəsi ilə həllini tapmışdır. 10 noyabr 2020-ci il tarixdə erməni işğalçıları üzərində qazanılmış tarixi Zəfər və 20 sentyabr 2023-cü ildə keçirilmiş birgünlük antiterror tədbirləri ilə ölkəmiz ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin etmişdir. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin 8 noyabr 2023-cü ildə Xankəndidə qəbul etdiyi möhtəşəm hərbi parad ölkəmizin qazandığı böyük tarixi Zəfərlərin təntənəsidir. Bütün bu hərbi-siyasi uğurlar Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsini gündəmə gətirmişdir.

Azərbaycan Respublikasında nöbədənkənar prezident seçkilərinin keçirilməsi aşağıdakı siyasi-ideoloji və iqtisadi-mədəni zərurətdən doğmuşdur:

1. Məlum olduğu kimi, 10 noyabr 2020-ci il tarixli Bəyannamədən sonra Qarabağda Böyük Qayıdış Hərəkatının həyata keçirilməsi nəticəsində artıq bir çox yaşayış yerlərində insanlar məskunlaşdırılmış, məcburi köçkünlər ata-baba torpaqlarına qayıtmışlar. Bundan başqa, 20 sentyabr 2023-cü il tarixdə baş vermiş birgünlük antiterror tədbirlərindən sonra ölkəmizin tam ərazi bütövlüyünün qazanılması ötən dövr ərzində işğaldan azad edilmiş digər ərazilərə də məcburi köçkünlərin qayıdışına təkan vermişdir. Beləliklə, Azərbaycan tarixində ilk dəfə olaraq, ölkəmizdə tam ərazi bütövlüyü şəraitində seçkilərin keçirilməsi obyektiv reallığa çevrilmişdir.

2. Azərbaycan Respublikasının müstəqillik dövründə əsas problemlərini uğurla həll edib başa çatdırması xalqımız və ölkəmiz üçün yeni bir tarixi dövrü meydana çıxarmışdır. Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 2003–2023-cü illər ölkəmizin müstəqillik tarixinə möhtəşəm tarixi nailiyyətlər dövrü kimi daxil olmuşdur. Bu mühüm tarixi mərhələdə müstəqil Azərbaycan dövləti bütün sahələrdə özünü təsdiq edərək söz sahibinə çevrilmişdir. Zaman Azərbaycan üçün yeni üfüqlər açmışdır. Müasir inkişafın doğurduğu, irəli sürdüyü çağırışlar 7 fevral 2024-cü ildə növbədənkənar Prezident seçkilərini şərtləndirən əsas səbəblərdəndir. Bu baxımdan yeni tarixi dövrün yeni üfüqlərinin müəyyən edilərək, strategiyasının və taktiki vəzifələrinin məqsədyönlü şəkildə həyata keçirilməsi növbəti Prezident seçkiləri üçün siyasi-ideoloji tələbat yaratmışdır.

3. Bundan başqa, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və mövqeyi güclənmiş, Türk dünyasının formalaşdırılması və daha da inkişaf etdirilməsində rolu artmışdır. Beynəlxalq aləmdə ölkəmizin qarşısında duran yeni vəzifələri həyata keçirmək üçün də inteqrasiya proseslərinin yeni hədəflərinin müəyyən edilməsinə ehtiyac yaratmışdır.

4. Eyni zamanda, Azərbaycan Respublikasının Ermənistanın Qarabağdakı işğalçılıq fəaliyyətinə və seperatçılığa son qoyması da xarici siyasətdə qonşu dövlətlə əlaqələrin qurulması, sülhsevər bir siyasətə keçid proseslərinin başlanması da Prezident seçkilərinə getmək üçün həmin addımların atılmasını tələb etmişdir. Doğrudur, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev II Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra, yəni 10 noyabr 2020-ci il tarixindən etibarən Ermənistana sülh sazişi bağlamaq üçün ilk təkliflə çıxış etmişdir. Lakin Ermənistanın daxilindəki revanşist qüvvələrin, erməni daşnak diasporunun haqsız və yersiz müdaxilələri və təzyiqləri ötən dövr ərzində sülh sazişinin imzalanmasına imkan verməmişdir. Sülh sazişi üçün Azərbaycan tərəfindən təklif edilmiş müddəalar Ermənistanın məkrli dairələri tərəfindən arzu edilən şəkildə dəyərləndirilə bilməmişdir. Ona görə də yeni tarixi dövrdə Ermənistanla münasibətlərə yenidən baxılması məsələsi daha aktual problem kimi qalmışdır.

5. Həmçinin 20 sentyabr 2023-cü il tarixdən etibarən, yəni Azərbaycan Respublikası özünün ərazi bütövlüyünü təmin etdikdən sonra ölkəmizin logistika, kommunikasiya imkanlarının genişlənməsi də yeni nəqliyyat siyasətinin ön mövqeyə çıxarılmasına qapı açmışdır. Xüsusən, 10 noyabr 2020-ci il birgə Azərbaycan – Ermənistan və Rusiya Bəyanatında öz əksini tapmış Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər regionları ilə əlaqələrinin bərpa olunması və Zəngəzur dəhlizinin açılması məsələlərinin həlli nəqliyyat-logistika probleminin həm regional və həm də beynəlxalq səviyyədə yenidən gündəmə gətirilməsini irəli sürmüşdür. Həmçinin beynəlxalq birlik üçün cəlbedici və əhəmiyyətli olan Orta dəhliz məsələsi də problemin həllinə yeni enerji ilə başlamağa ehtiyac doğurmuşdur.

Bütün bunlara görə Azərbaycan Respublikasının tarixi Qarabağ Zəfəri və ərazi bütövlüyü məsələsinin həll edilməsi nəticəsində ölkəmizdə və regionda yaranmış yeni tarixi reallıq növbədənkənar Prezident seçkiləri üçün bütün zəruri tələbatları meydana qoymuşdur.

Bu mənada dövlət başçımızın ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərar qəbul etməsi zamanın tələbi kimi meydana çıxmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük uğurlar və qarşıda duran məsul vəzifələr növbədənkənar prezident seçkilərinin strateji mahiyyətini təşkil edir.

Bu, Azərbaycan tarixində müstəqil dövlətimizin tam ərazi bütövlüyü şəraitində keçirilmiş ilk prezident seçkiləridir. Azərbaycanın üçrəngli bayrağının ölkəmizin bütün ərazisində dalğalandığı bir dövrdə keçirilmiş prezident seçkiləri dövlət müstəqilliyimizin real təntənəsini təcəssüm etdirmişdir. Eyni zamanda, 7 fevral 2024-cü il seçkiləri Azərbaycanda artıq başlanmış olan yeni tarixi dövrün başlanğıc seçkiləri kimi də mühüm əhəmiyyətə malikdir.

Cənab İlham Əliyev müzəffər Ali Baş Komandan olaraq 7 fevral 2024-cü il tarixli növbədənkənar seçkilərdə dövlət başçısı seçilərək növbəti parlaq qələbəsini qazanmışdır. Azərbaycan xalqı Qarabağda tarixi Zəfər qazandımış, ərazi bütövlüyümüzü və dövlət müstəqilliyimizi tam təmin etməyə nail olmuş prezidentinə seçkilərdə birmənalı şəkildə dəstək vermişdir. Müstəqillik tariximizdə ən çox seçici fəallığının müşahidə olunduğu 7 fevral 2024-cü il tarixli Prezident seçkilərində ölkə üzrə seçicilərin 76,43 faizi iştirak etmişdir.

Növbədənkənar seçkilərdə iştirak edən Azərbaycan vətəndaşlarının 92,12 faizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilmək üçün İlham Əliyevə səs vermişdir. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın mütləq əksəriyyətinin iradəsi ilə beşinci dəfə Prezident vəzifəsinə seçilmək haqqı qazanmışdır. Prezident seçkilərində qazanılmış 92,12 faizlik qələbə yeni tarixi epoxada dünya seçki təcrübəsində əldə olunmuş rekord göstəricidir.

Beləliklə, 7 fevral 2024-cü il seçkilərində Prezident İlham Əliyev Azərbaycan xalqının tam dəstəyini qazanmış, etibarlı mandatını əldə etmişdir. Bu, Azərbaycan xalqının özünün qüdrətli liderinə bəslədiyi sarsılmaz inamın, ümumxalq məhəbbətinin və yüksək etimadının parlaq təntənəsidir. Bu, xalq – dövlət həmrəyliyi və birliyinə möhtəşəm və parlaq nümunədir. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanı, İlham Əliyev qalib xalqın qalib lideridir. Prezident İlham Əliyev yeni tarixi epoxada böyük beynəlxalq nüfuza malik olan və xalqının tam dəstəyini qazanmış dünya liderlərindən biridir.

Növbədənkənar seçkilərdə Prezident İlham Əliyevin qələsbəsində, onun zəngin dövlətçilik təcrübəsi, sərkərdəlik məharəti ilə yanaşı, bütöv və parlaq şəxsiyyəti də mühüm rol oynamışdır. Prezident İlham Əliyevin rəsmi şəkildə bəyan etdiyi “sözümüz imzamızdır” devizi, onun “mən indiyə qədər verdiyim bütün vədləri yerinə yetirmişəm” sözlərindəki gerçəklik Azərbaycan xalqının qəlbində Prezident İlham Əliyevin bütöv şəxsiyyət kimi də parlaq obrazını canlandırmışdır. Dövlət başçımızın “Mən nəyi, nə vaxt və necə edəcəyəmi yaxşı bilirəm” – sözlərinin də obyektiv reallıq olduğunu Azərbaycan xalqı II Qarabağ – Vətən müharibəsində və sonrakı hərbi-siyasi proseslərdə əyani şəkildə görmüşdür. Bütün bunlar İlham Əliyevin simasında özünəməxsus xarizmalı bir şəxsiyyətin bütövlüyünün əməli ifadəsidir. Prezident İlham Əliyev qətiyyətli dövlət xadimi, qüdrətli sərkərdə, sınanmış lider və bütöv şəxsiyyət kimi dünyada qəbul olunur.

 

Siyasət