Qərbin sanksiya siyasəti – riyakarlıq və bəşəri dəyərlərə həqarət

post-img

ABŞ-nin ermənipərəst təəssübkeşliyinə sözardı

Məlum oldu kimi, Prezident İlham Əliyev oktyabrın 8-də Moskvada “Rossiya-1” televiziya kanalına müsahibəsində Rusiyanın sanksiyalarla üzləşməsinə münasibət bildirdi. Dövlətimizin başçısı məsələyə Qərbin Azərbaycana qarşı sanksiya hədə-qorxusu prizmasından yanaşdı və faktiki olaraq oktyabrın 4-də Cəbrayıl sakinləri ilə görüşdəki çıxışının sərt məntiqini təkrarladı. Azərbaycan lideri ölkəmizin beynəlxalq aləmin riyakarlığı ilə üzləşməsi baxımından hansı xarakterik məqamlara toxundu. Bu barədə söz açacaq, həmçinin mövcud istiqamətdə bəzi nüansları diqqətə çatdıracağıq. Çünki mövzunun aktuallığını görürük. Onu da görürük ki, Qərbin müxtəlif dairələrinin Azərbaycana münasibətdəki şantaj ritorikası yeni mənfi çalarlarla yüklənməkdədir.

Əvvəlcə onu bildirək ki, müasir dövrdə sanksiya tətbiqi siyasi alətə çevrilib. Yəni, məsələdə heç bir gerçək məntiq yoxdur. Burada insanlığı hansısa bəladan xilas etmək məramı duyulmur. Halbuki, mahiyyəcə sanksiya mübarizə üsulu məhz mütərəqqi məqsədlər naminə gündəmə gəlmişdir.

Adı indiki kimi olmasa da, vaxtilə bəşəri dəyər və prinsiplərin qorunması baxımından ayrı-ayrı dövlətlərə münasibətdəki məhdudiyyətləri görmüşük. Zamanında bu mübarizə üsulu bütün dünyada birmənalı qarşılanıb, prosesin arxasında hansısa digər məqsədlərin dayandığı barədə fikir yaranmayıb. Çünki etimad olub. Hazırda isə siyasi alətə çevrildiyindən, sanksiyalara inam və etimad yoxdur.

Bəli, sanksiya siyasəti beynəlxalq miqyasda tüğyan edən riyakarlığın və ikiüzlülüyün nəticəsi kimi meydandadır. Ona görə Prezident İlham Əliyev onun mövcudluğa haqqının olmadığını vurğulayıb. Dövlət başçımızın fikirləri hazırkı dövrdə sanksiyaların qeyri-qanuni, tamamilə əsassız və selektiv şəkildə tətbiqi reallığına diqqət çəkib. Bu tip “mübarizə” üsulunun haqsızlığını əsaslandırıb: “Ona görə də biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq və hesab edirəm ki, beynəlxalq ictimaiyyət öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik”.

Əvvəldə də anons etdiyimiz kimi, Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkdiyi vacib məqam Azərbaycanın beynəlxalq miqyasda sanksiya siyasəti ilə üzləşməsidir. Onu da vurğuladıq ki, ölkəmizin lideri məsələyə oktyabrın 4-də Cəbrayıl sakinləri ilə görüşdəki çıxışında da ətraflı toxunmuşdu. Həmin görüşdə beynəlxalq miqyasda Azərbaycana münasibətdə ittiham ritorikasının seçildiyini, sanksiya hədələrinin eşidildiyini diqqətə çatdıran dövlətimizin başçısı Ermənistana adekvat yanaşılmadığını demişdi: “Hansısa Qərb dövlətinin rəsmi nümayəndəsi bir dəfə onlara irad tutubmu? Xeyr! Onlar, hətta, dünyanın bir nömrəli təşkilatı olan

BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə də məhəl qoymurdular. Halbuki Təhlükəsizlik Şurasının qətnamələri mütləq icra edilməlidir. 1993-cü ildə dörd qətnamə qəbul edilmişdir. Kimsə 2020-ci ilə qədər onlara bir söz dedi ki, sən o torpaqları işğal etmisən, oradan çıxmalısan?”

Prezident İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşündə, həmçinin kollektiv Qərbin riyakarlığının sırf ABŞ seqmenti barədə də fikirlərini açıqlamışdı: “Bu gün səhər mənə məlumat verildi. Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır. O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün. Axı, biz nə etmişik? Biz öz doğma torpaqlarımızı azad etmişik. Burada erməni yaşayıb? Yox, siz – Cəbrayılın sakinləri”.

Ölkəmizin lideri “Rossiya-1” telekanalına müsahibəsində də oxşar motivləri qabartdı. O, Azərbaycana sanksiyanın 1992-ci ildə, ərazilərimizin Ermənistanın işğalı altında olduğu bir vaxtda tətbiq edildiyini vurğuladı. Bildirdi ki, o zaman ölkəmizə qarşı “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittiham irəli sürülmüşdü: “Bu sanksiyalar 2001-ci ildə, ABŞ-nin öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olundu. Mən onları nankorluqda ittiham edəndə, hesab edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil”.

Ölkəmizə qarşı sanksiya siyasətinin mahiyyətinə gəlincə, söhbət “Azadlığa dəstək aktı” deyilən sənədə 907-ci düzəlişdən gedir. Yada salaq ki, həmin düzəliş təxminən on ilə yaxın müddətdə öz qüvvəsini saxladı. Nəticədə Azərbaycan Vaşinqtonun yardımından məhrum duruma düşdü. Sanki işğalçı biz idik, Ermənistan yox! Onu da vurğulayaq ki, Birləşmiş Ştatlar “907”ni BMT-nin Azərbaycan torpaqlarının işğalına dair 4 qətnaməsinə rəğmən qüvvədə saxlamışdı. Bundan böyük ikili yanaşma və ədalətsizlik, beynəlxalq hüquq prinsiplərinə aşkar həqarət ağla gətirmək, sadəcə, mümkünsüzdür.

Bəli, Qərb özünün erməni təəssübkeşliyini gerçəkləşdirmək baxımından olduqca iyrənc metodları gündəmə gətirir. Azərbaycan Prezidenti məhz bu səbəbdən istər Cəbrayıl sakinləri ilə görüşündə, istərsə də “Rossiya-1” televiziya kanalına müsahibəsində Birləşmiş Ştatların Bakı–İrəvan sülh gündəmi fonundakı fəallığının saxta bitərəflilik mahiyyətini ortaya qoyub. Bunlar Qarabağdakı separatçı rejimin İrəvandakı təmsilçilərinin ABŞ Konqresinə dəvət edilmələri, qurumda “Dağlıq Qarabağın süqutu”na həsr olunmuş tədbirin düzənlənməsi, Birləşmiş Ştatların hökumət, parlament və vətəndaş cəmiyyəti institutlarının Qarabağdan köç etmiş ermənilərə dəstək xarakterli çoxsaylı təşəbbüsləri, USAID-in rəhbəri Samanta Pauerin “ermənilərin Qarabağdan kütləvi köçü”nə dair bəyanatıdır. Konqresmen Adam Şiff və həmkarları tərəfindən irəli sürülmüş 2024-cü il üçün “Artsax gəlirlərinin bərpası aktı” Birləşmiş Ştatlarsayağı həyasızlığın kulminasiya nöqtəsidir. Söhbət ABŞ-dakı Azərbaycan aktivlərinə həbs qoyulmasından, onların müsadirəsi nəticəsində yığılacaq vəsaitin Qarabağdakı keçmiş separatçı rejimin bərpasına nail olmaqdan gedir. Həqiqətən də, ortada Birləşmiş Ştatlar adına son dərəcə rəzil mənzərə var. Bu mənzərəyə nəzərən, demək olar ki, nəinki nankorluq, hətta riyakarlıq və ikiüzlülük də ABŞ başda olmaqla, kollektiv Qərbin tutduğu ermənipərəst mövqeni əsaslandırmaq üçün istifadə edilən, bəlkə, ən yumşaq ifadələrdir.

Ə.RÜSTƏMOV
XQ

Siyasət