Makron pensiya islahatını dayandırmaqla komandasına dəstək verir
Fransa siyasətinin səhnəsində pərdələr hər kəsin labüd olduğunu bildiyi təslimiyyət aktı üçün qalxdı. Bir zamanlar özünü Roma tanrısı Yupiterə bənzədən, qərarları təkbaşına verən və köhnə siyasi qaydaları alt-üst etməyə gəldiyini bəyan edən Prezident Emmanuel Makron siyasi varlığını və son hökumətini əvvəlki kabinetin qısaömürlülük taleyindən qorumaq üçün heç bir iddialı siyasətçinin istəmədiyi addımı atmalı oldu: O, dolayısı ilə səhvini, həm də bunu mühüm məsələdə etdiyini boynuna aldı. Bu, idarəçilik fəlsəfəsinin kapitulyasiyası, makronizmin təməl daşlarından sayılan islahatçılıq iradəsinin amansız siyasi reallıqlar qarşısında diz çökməsi idi.
Çərşənbə axşamı Fransa siyasətinin salnaməsinə qızıl hərflərlə yazılacaq. Amma bu hərflərin parıltısının arxasında dərin siyasi zəifliyin gizləndiyi gözlənilməz dönüş baş verdi. Makron bir neçə gün əvvəl cəmi 14 saatlıq fəaliyyətdən sonra dağılan kabinetin xarabalıqları üzərində yenidən baş nazir təyin etdiyi Sebastyan Lekornuya öz siyasi irsinin tacı hesab edilən, milyonlarla insanı küçələrə tökən və ölkəni aylarla iflic vəziyyətində saxlayan pensiya yaşının artırılması qanununu 2027-ci ildə keçiriləcək prezident seçkilərinə qədər dayandırmaq üçün gizli razılıq verdi. Bu, siyasi şahmatda şahın ən güclü vəzirini qurban verməsi idi. Makron bir zamanlar “Fransanın gələcəyi üçün qaçılmaz” adlandırdığı islahatı indi hökumətinin bir neçə həftəlik gələcəyi üçün girov qoyurdu.
Bu təslimiyyət aktının arxasında duran səbəb isə acı bir siyasi riyaziyyat idi. Parlamentdəki 69 deputatı ilə hökumətin taleyini əlində saxlayan Sosialist Partiyası Makronun siyasi sağ qalması üçün yeganə ümid qapısına çevrilmişdi. Vaxtilə Makronun siyasi səhnədən sildiyi, aktuallığını itirmiş hesab etdiyi köhnə qvardiya indi onun hökumətinin şah damarını əlində tuturdu. Sosialistlər Lekornunun parlamentdəki ilk proqram çıxışından sonra baş nazirə və hökumətə qarşı etimadsızlıq votumuna qoşulmayacaqlarını bildirdilər. Lakin bu, boğaza dirənmiş bıçağın müvəqqəti olaraq çəkilməsi idi. Partiyanın parlament lideri Boris Vallonun qeyd etdiyi kimi, “sözlərin əmələ çevrildiyini” görənədək etimadsızlıq hədəsi gilyotin kimi hökumətin başı üzərində asılı qalacaqdı. Yəni sosialistlər Makrona nəfəs almaq üçün hava verdilər, lakin oksigen balonunun ventilini əllərində saxladılar.
Digər müxalifət partiyalarının ifrat sağdan ifrat sola qədər bütün spektrın Lekornunu devirməyə çalışacağını bəyan etməsinə baxmayaraq, sosialistlərin bu taktiki qərarı hökumətə müasir Fransa tarixinin ən gərgin və xaotik siyasi dövrlərindən birindən sonra müvəqqəti nəfəs almaq imkanı verdi. Lekornunun ilk kabinetinin cəmi 14 saat fəaliyyət göstərərək dağılması və istefasının Fransa siyasətini tam xaos burulğanına sürükləməsi hələ yaddaşlarda təzə idi. Bu hadisə təkcə siyasi dairələri sarsıtmamış, həm də maliyyə bazarlarını ciddi şəkildə təşvişə salmış, Avrozonanın ikinci ən böyük iqtisadiyyatının öz üzərinə götürdüyü kəskin büdcə kəsintilərini həyata keçirə bilməyəcəyi qorxusunu yaratmışdı. Makron cümə günü Lekornunu yenidən baş nazir təyin edərək bu yanğını söndürməyə çalışdı və Lekornu bazar günü yeni kabinetin formalaşdırılması istiqamətində addımlar ataraq cəmiyyətə sabitlik görüntüsü verməyə cəhd etdi. Amma hər kəs bilirdi ki, bu sabitlik sosialistlərin lütfü ilə alınan borc idi və bu borcun faizi olduqca yüksəkdir.
Baş nazir Lekornu Makronun ikinci prezidentlik müddətinin əsas islahatı hesab edilən qanun layihəsinin dayandırılmasını Fransanın pensiya siyasətini yenidən, daha geniş kontekstdə nəzərdən keçirməsi üçün bir “fürsət” kimi qələmə verdi. Deputatlara müraciət edərkən o, sanki heç bir məcburiyyət altında qalmadıqlarını, əksinə, qərarı müdrikliklə verdiklərini göstərməyə çalışırdı: “Pensiya məsələsinin müzakirəsi təkcə maliyyə hesabatından ibarət deyil. Bu, bizim sosial müqaviləmizin vacib hissəsidir və aydındır ki, bu müqavilənin yenilənməsinə, təzələnməsinə ehtiyac var”. Bu sözlər, əslində, bir il əvvəl eyni islahatı konstitusiyanın xüsusi maddəsindən istifadə edərək parlamentdə səsvermə olmadan, zorla qəbul etdirən hökumətin iflasının poetik etirafı idi.
Güzəştin maliyyə tərəfi də var idi. Baş nazir populist addımın dövlət xərclərinə nəzarətin saxlanılması üçün ciddi qənaət tədbirləri ilə müşayiət olunmalı olduğunu da qeyd etməkdən çəkinmədi. Lekornunun hesablamalarına görə, pensiya islahatının dayandırılması təkcə 2026-cı ildə Fransaya 400 milyon avroya başa gələcəkdi. Bu, hökumətin növbəti il üçün büdcə kəsirini Ümumi Daxili Məhsulun 5 faizindən aşağı salmaq məqsədilə 31 milyard avroluq xərcləri azaltmaq və vergi artımını nəzərdə tutan plan açıqladığı bir vaxtda xüsusilə ağrılı rəqəm idi. Maraqlıdır ki, maliyyə bazarları büdcəyə əlavə yük gətirən addıma təəccüblü dərəcədə müsbət reaksiya verdi. Lekornunun bəyanatından dərhal sonra 10 illik dövlət istiqrazlarının faizi 0,07 bənd azalaraq 3,40 faizə düşdü və Almaniya ilə müqayisədə risk fərqi 0,80 bəndə qədər endi. Bu, son üç həftənin ən aşağı göstəricisi idi. CAC40 səhm indeksi 0,2 faiz azalsa da, Avropanın digər bazarları ilə müqayisədə nisbətən sabit qaldı. Bu reaksiyanın səbəbi aydın idi: bazarlar üçün qısamüddətli sabitlik uzunmüddətli maliyyə intizamından daha vacib idi.
Lakin bu müvəqqəti sabitliyin bədəli ağır olacaqdı. Pensiya islahatının dayandırılması, Makronun onsuz da zəif olan koalisiyasında dərin çatlar yaratmağa məhkum idi. Xüsusilə, hökumətin potensial müttəfiqi hesab edilən maliyyə intizamına hər şeydən çox üstünlük verən mühafizəkar Respublikaçılar Partiyası bu addımı xəyanət kimi qiymətləndirdi. Partiyanın lideri Bruno Retayyo qəzəbini gizlətmədən bəyan etdi: “Pensiya islahatının dayandırılması və baş nazirin miqrasiya məsələsində pərakəndə susqunluğu bir daha göstərir ki, bu hökumət artıq sosialistlərin girovuna çevrilib”. Bu bəyanat Makronun ikinci müddətində sağa doğru manevr edərək mühafizəkarların dəstəyini qazanmaq strategiyasının tamamilə iflasa uğradığını göstərirdi. Hökuməti xilas etmək üçün sola edilən güzəşt sağdakı son körpülərin də yandırılması demək idi.
Nəhayət, bazar ertəsi ilk dəfə ictimaiyyət qarşısında vəziyyəti şərh edən Prezident Makron bütün qarışıqlığı Sebastyan Lekornunu zəiflətməyə çalışan siyasi qüvvələrin oyunları ilə əlaqələndirdi. Bu, yaratdığı xaosun məsuliyyətini başqalarının üzərinə atmaq üçün edilən zəif cəhd idi. Reallıq isə ondan ibarətdir ki, siyasi oyunları quran da, bu oyunların sonunda uduzan da Makronun özüdür. Pensiya islahatındakı inadkarlığı parlamentdəki çoxluğu itirməsinə baxmayaraq, dialoqdan imtina etməsi və cəmiyyəti dinləməməsi onu dalana dirəmişdi. İndi isə o, siyasi sağ qalması üçün əsas prinsiplərindən imtina edərək, bir zamanlar xor baxdığı siyasi qüvvələrin girovuna çevrilib. Və bu proses Fransanın gələcəyi üçün dərin qeyri-müəyyənlik yaradır.
Yusif ŞƏRİFZADƏ
XQ