Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Mayın 17-də Türkiyənin Antalya şəhərində Avropa Kamandan Oxatma Federasiyasının (World Archery Europe) 20-ci Konqresi keçirilib. Konqresdə Avropanın 38 ölkəsinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Kamandan Oxatma Federasiyasından verilən məlumata görə, konqres çərçivəsində kamandan oxatmanın inkişafı, federasiya komitələrinin fəaliyyəti və təşkilatın yeni rəhbərliyinin seçilməsi ilə bağlı məsələlər müzakirə olunub. Azərbaycan üçün əsas hadisə Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilovun Federasiyanın İnkişaf və Texniki Komitəsinin tərkibinə seçilməsi olub. Bu komitə iştirakçı ölkələr arasında kamandan oxatmanın inkişafı və texniki istiqamətləri üzrə fəaliyyət göstərir.
Qeyd etmək lazımdır ki, Azərbaycan nümayəndəsinin Federasiyanın rəsmi komitəsinin tərkibinə seçilməsi ölkə kamandan oxatma idmanı üçün mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın bu idman növünün həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə inkişafında daha fəal iştirakının göstəricisidir.
Səsvermənin nəticələrinə əsasən, Fərid Xəlilov ilk turda tələb olunan səs sayını toplayaraq komitənin üzvü seçilib və bununla da Federasiyanın rəsmi komitəsinə seçilən ilk Azərbaycan nümayəndəsi kimi tarixə düşüb. Konqres çərçivəsində həmçinin Federasiyanın yeni rəhbərliyinə seçkilər keçirilib. Təşkilata 20 il rəhbərlik edən Mario Scarzella prezident postunu tərk edib. Federasiyanın yeni prezidenti isə daha əvvəlki vitse-prezident vəzifəsində çalışmış Hakan Çakıroğlu (Türkiyə) seçilib.
Qabil YUSİFOĞLU
XQ




