Azərbaycanlı uşaqların rəsm əsərləri İtaliyanın sərgi salonlarında

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bakıdakı 1 saylı uşaq evinin 5 gənc və istedadlı rəssamı incəsənətdə ilk addımlarını atsalar da, artıq ilk sənət sevincini yaşayırlar. 24-25 may tarixdə onların yaratdıqları əsərlər İtaliyanın Kassine şəhərində yerləşən 17-ci əsrə aid Palazzo Mandrilli Qalereyasında “Mənim Dünyam” adlı sərgidə nümayiş etdirilib və ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Uzaq İtaliyada 28 May–Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş bu mərasimdə Bakıdakı uşaq evindən olan rəssamların əsərlərinin sərgilənməsi Sən1Sən Beyin Mərkəzinin dəstəyi ilə mümkün olub. İyunun 6-da Mərkəzin Bakı ofisində baş tutan sertifikatların verilmə mərasimində qurumun təsisçisi Fəridə Quluzadə çıxış edərək bildirib ki, İtaliyada təşkil olunacaq gələcək rəsm sərgilərində də uşaq evlərindən olan gənc və istedadlı rəssamların əsərlərinin iştirakı təmin edələcəkdir. 

Qeyd edək ki, dövlətimizin uşaq evlərinə olan qayğısı, maddi-texniki şəraitin yaxşılaşdırılması orada məskunlaşan uşaqların sağlam böyüməsi ilə yanaşı yaradıcılığı üçün də əlverişli şərait yaradır. Müəssisədə çalışan müəllimlərin dəstəyi ilə bu uşaqların istedadları üzə çıxarılır, onların hərtərəfli inkişaf üçün dəstək göstərilir. 

Qabil YUSİFOĞLU
XQ







Mədəniyyət