II MƏQALƏ
Üç istiqamətin sintezi
Özlüyündə Türk dünyası kimi geniş məkanın elmi obrazı mürəkkəb və çox sayda komponentin nəzərə alınmalı olduğu məfhumdur. Bu baxımdan AMEA-nın yeniləşmə kursunun 7 prioritet istiqamətlərinin hər birinin bu məsələyə aidiyyəti vardır. Onu vurğulayaq ki, AMEA-nın yeniləşmə kursunun təşəbbüskarı, ümumi istiqamətlərin müəyyənedicisi, aparıcı və idaredici gücü, təşkilatçısı və praktiki reallaşmasının rəhbəri təşkilatın prezidenti, akademik İsa Həbibbəylidir.
Lakin biz qəzet formatını nəzərə alaraq ümumi səviyyədə yalnız 3 prioritet istiqamətin qarşılıqlı əlaqəsi kontekstində Türk dünyasının elmi obrazının yaradılması aktuallığı və zərurətinə nəzər salacağıq.
Həmin prioritet istiqamətlərdən ikisini bu mövzuya aid öncəki məqalədə vurğulamışıq. Bu dəfə onlar barədə ayrıca söz açırıq.
Birinci istiqamət: ümumi strateji yol
Azərbaycançılıq ideyasının elmi-nəzəri və tarixi-fəlsəfi əsaslarının işlənib hazırlanması və bütün istiqamətlər üzrə həyata keçirilməsi çox əsaslı olaraq birinci prioritet istiqamət kimi müəyyən edilmişdir. Azərbaycançılıq müasir Azərbaycan sosiohumanitar elminin “Ana magistralı” olmalıdır. O, həm elmi fəaliyyətin müəyyənedici və idarəedici başlıca parametri, həm də bütövlükdə elmi prosesin “strateji fonudur”. Azərbaycançılıq elmi təfəkkürün sosial-humanitar aspektdə “ümumiyyətlə, koqnitiv fakt kimi ideya statusunda nizamlayıcı parametri funksiyasını da yerinə yetirməlidir. Bu müddəanın ciddi elmi, şüuri, siyasi və geosiyasi-mədəni əsasları vardır.
Anlayırıq ki, bütövlükdə mürəkkəb elmi terminologiya bütöv mənzərəni də mürəkkəbləşdirir və sadə anlama əngəl yaradır. Ancaq bizim üçün azərbaycançılığın artıq məhz yüksək fəlsəfi-məntiqi səviyyədə təhlili, təqdimatı və həmin baxımdan ümumi konseptual obrazının yaradılması zamanı yetişmişdir. Bunun hazırda ən səmərəli reallaşdırılma məkanı isə AMEA və onun yeniləşmə kursunun prioritet istiqamətlərinin nəzəri, metodoloji və praktiki-tətbiqi özəllikləridir.
O başqa məsələdir ki, bu cür təqdimat ilk vaxtlarda müəyyən kəsimlər üçün “mürəkkəb fon” təsiri bağışlaya bilər. Buna görə də elmi yaradıcı dairələrin sözün həqiqi mənasında “elmi təfəkkürün kəmərlərini bərkitməsi” lazım gələcəkdir.
AMEA-nın idraki (koqnitiv) aspektdə müəyyən etdiyi bu ciddi və əhatəli təfəkkür “inqilabı” (bu, prinsipial məqamdır, çünki AMEA-nın yeniləşməsinin ümumi çərçivəsini Prezident İlham Əliyevin müəyyən etdiyi ölkənin strateji inkişaf kursu müəyyən edir və elmi təfəkkürdə “inqilab” onun yalnız bir aspektini təşkil edə bilər) bütövlükdə müasir mərhələdə Azərbaycanda yaradıcılıq fəlsəfəsi və alınan nəticələrin səmərəli tətbiqi kontekstində ciddi dəyişikliklər etmək üçün kifayət qədər kreativ potensiala malikdir. Bu yanaşma çərçivəsində azərbaycançılığı sosiohumanitar elmlər üçün ümumi fon, AMEA-nın yeniləşmə kursunu isə o fonda ciddi motivəedici “fiqur” olaraq təsəvvvür edə bilərik.
Məsələnin elmi tərəfi onunla bağlıdır ki, müasir tədqiqatlara əsasən hər bir dövlət üçün sosial-mədəni, texnoloji, iqtisadi, ekoloji və s. çağırışlarla yanaşı, qlobal geosiyasi çağırış da meydana gəlmişdir. Bu kompleks və qeyri-standart təsirlər geniş anlamda süni sosial reallıq yaratmaqdadır. Burada “geniş anlamda” ifadəsi süni sosial reallığın faktiki olaraq çağdaş cəmiyyətlərin bütün sferalarında öncəki mərhələlərdə görünməmiş keyfiyyət və funksional dəyişikliklər əmələ gətirməsini ifadə edir. Bu tezis kontekstində AMEA-nın yeniləşməsinin II prioritet istiqaməti üzərində dayanaq.
İkinci istiqamət: Türk dünyası üzrə tədqiqatların miqyası
AMEA-nın yeniləşməsinin II prioritet istiqamətinin hansı səbəblərdən Türk dünyası üzrə tədqiqatların miqyasının genişləndirilməsi, bu sahədə konkret proqramların hazırlanıb həyata keçirilməsi kimi müəyyən edildiyi izah olunmalıdır.
Şübhəsiz ki, burada əsas müəyyənedici və istiqamətverici məqam Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Andiçmə mərasimində Türk dünyası ilə əlaqələri ölkəmizin ən mühüm prioritetlərindən biri kimi müəyyən etməsidir. Onun çətiri altında birbaşa elmi yaradıcılıq və elmi fəaliyyətin təşkilinin çox müxtəlif aspektləri ilə bağlı olan aktual məsələlərin elmi təhlilinə ehtiyac vardır.
Əvvəlcə, ideya baxımından vacib olan bir özəlliyi vurğulayaq. I və II prioritet istiqamətin izahı çox maraqlı şəkildə III prioritetin mahiyyəti, məzmunu və funksional özəllikləri ilə bağlıdır. III prioritet istiqamət nəzəri, sosial və ideya kontekstlərində I və II prioritetlərin həm aktuallığını artırır, həm də onları məzmun və məqsədcə bir-biri ilə əlaqələndirir. On görə də II prioritet istiqamətin izahından sonra III istiqaməti təhlil etmək zərurəti vardır.
Azərbaycançılığın I prioritet kimi müəyyən edilməsi fonunda Türk dünyası ölkələrinin elmi təşkilatları ilə əlaqələrin genişləndirilməsi və bu prosesin xüsusi formada aparılması bir neçə zəruri məqamdan irəli gəlir.
Hər şeydən öncə, Azərbaycan dövlət və cəmiyyət olaraq XXI əsrdə Türk dövlətləri və toplumları ilə əlaqələri sosial, mədəni, ictimai və sair səviyyədən dövlətlərarası inteqrasiya miqyasına yüksəltməyi strateji məqsəd kimi müəyyən etmişdir. Bunun siyasi, geosiyasi, tarixi və ideoloji aspektləri haqqında çox yazılmış və dəyərli fikirlər irəli sürülmüşdür. Eyni zamanda, qlobal miqyasda müşahidə edilən yeni sosial çağırışlar fonunda məsələnin bu tərəfinin aktuallığı daha aydın görünməyə başlamışdır.
Başqa tərəfdən, indiyə qədər heç zaman Azərbaycan elmi sferada birbaşa Türk dünyası ilə sistemli, strateji hədəfi olan və davamlı əlaqələr qurmamışdır. O baxımdan türk dövlətlərinin elmi təşkilatları bir-birilərini “lazımi səviyyədə görə bilmirlər”. Bu olmadan isə türk dövlətlərinin real inteqrasiyasından danışmağın anlamı yoxdur.
Nəhayət, Türk dünyasının elmi təşkilatlarının ən müasir mövzular üzrə tədqiqat aparmaqda yaradıcılıq, elmi fəaliyyətin təşkili və alınan nəticələrin tətbiqinin ümumi fəlsəfəsinə əməl edilməsinə böyük ehtiyac vardır.
Bu qısa təqdimat belə göstərir ki, Türk dünyası üzrə tədqiqatların miqyası məsələsi ciddi olduğu qədər də mürəkkəb məfhumdur. Nəzəri olaraq hansısa tezis irəli sürmək olar. Lakin əgər biz doğrudan Türk dünyasının inteqrasiyasını istəyiriksə, onda elmi kontekstdə son dərəcə ciddi və diqqətli olmalıyıq. AMEA-nın yeniləşmə kursunun II prioritet istiqaməti məhz bu ciddiliyi, aktuallığı və mürəkkəbliyi ölkə elmi camiəsinin gündəminə fərqli səviyyədə təqdim edir. Həmin səviyyə iki alt sferadan ibarətdir.
Milli miqyasda elmin tərəqqisi
Çağdaş dünyada elmin cəmiyyət üçün arxivacibliyindən danışmaq adi hal kimi qəbul edilir. Sanki hamı bilir və tam əmindir ki, elə belə də olmalıdır. Və ya müasir dünyanın ontoloji xüsusiyyətləri həmin fikri aydınca ortaya qoyur. Azərbaycanlılar demişkən, “görünən dağa bələdçi lazım deyil”! Daha təəccüblü və əsassız qəbul edilən fikir “milli miqyasda elmin tərəqqisinə ehtiyac yoxdur” tezisidir. Buna müasir insanların reaksiyası çox həssaslıqla olur. Amma və lakin...
Məsələ ondan ibarətdir ki, həmin tərəqqiyə necə nail olmağın səmərəli yolunu heç də hər bir cəmiyyətdə və dövlətdə müəyyən edə bilmirlər. Bizcə, bunun əsas səbəbi milli miqyasda elmin tərəqqisinə yalnız ölkədaxili şərtlər prizmasında yanaşmaqla bağlıdır. Bu isə müasir yüzildə məhdud yanaşmadır və bütövlükdə situasiyanı adekvat əks etdirə bilmir. Məharətli və heyrətamiz şəkildə milli miqyasda elmin inkişafına həm də regional və qlobal kontekstin sintezində yanaşmaq zəruridir.
Deməli, ölkədaxili mühitdə elmin tərəqqisi mütləq şəkildə hazırda “kənar mühitin” özəllikləri ilə vahid məntiqi çərçivədə dərketməni, təhlili və nəticə alınmalarını tələb edir. AMEA-nın müəyyən etdiyi I və II prioritet istiqamətləri bu məhdudluğu aradan qaldırır, yaradıcı və təşkiledici fikrin passionarlığını daha geniş sərhədlərdə fəaliyyət üçün fokuslandırır. Sosiohumanitar elmlər üçün bu prosesin ideya sərhədini Azərbaycançılıq, geosiyasi məkan əhatəsini isə Türk dünyası təşkil edir. Buradan ikinci altsferanın müəyyən edilməsinə məntiqi keçid vardır.
Türk dünyasında elmin tərəqqisi
Milli miqyasdan Türk dünyası səviyyəsinə elmi tərəqqinin proyeksiyası vacibdir. İkinci altsfera daha geniş koqnitiv, metodoloji və yanaşma nümunələri tələb edir. İndi praktiki olaraq TDT-yə üzv olan heç bir ölkə ayrıca davamlı elmi tərəqqiyyə nail ola bilməz. Burada mütləq surətdə təşkilat miqyasında əhatəli və dərin düşünülmüş əməkdaşlığa böyük ehtiyac yaranmışdır. Bu baxımdan Qəbələdə TDT-nin ortaq elmi layihələrinin də gündəmə gətirilməsi son dərəcə əhəmiyyətli işdir. Məsələn, türk dövlətlərinin bir yerdə süni peyk yaratmaq qərarına gəlmələri, təhsildə inteqrasiya istiqamətində yeni addımlar atılmasını və elmi sferada əlaqələri prinsipial olaraq yeni səviyyə yüksəltmək əzmləri vurğulanan mənada strateji mahiyyətlidir. Məhz indi TDT üçün aktual olan bu kimi elmi məsələlərin prizmasında AMEA-nın prioritet istiqamətləri başqa yöndən əhəmiyyətli və ümumnəzəri əsası təmin edə biləcək nümunə təsiri bağışlayır. Hətta həmin prirotetlər TDT-nin elmi tərəqqisi kontekstində Azərbaycanı strateji mövqeyə çıxarır.
Bu məqamda fikrin inkişafı üçün III prioritet istoqamətin izahına baş vurmaq lazım gəlir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru