Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin təşəbbüsü ilə Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət” (“Zarifa i Hejdar Alijev. Lyubav koja je dotakla vječnost”) kitabı Sarayevoda boşnak dilində işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib. Bildirilib ki, bu nəşr son üç ildə səfirliyin Ümummilli Lider Heydər Əliyevin irsinin təbliği istiqamətində çap etdirdiyi ikinci mühüm kitabdır. Xatırladaq ki, Ulu Öndərin 100 illik yubileyi çərçivəsində 2023-cü ildə bosniyalı politoloq Admir Lisitsanın “Heydər Əliyev – müasir Azərbaycanın qurucusu: daxili imkanlar, xarici siyasət və iqtisadi inkişaf” adlı əsəri də oxuculara təqdim olunmuşdu.
Rus dilində qələmə alınan və qısa müddətdə bir neçə dilə tərcümə edilərək populyarlıq qazanan əsəri boşnak dilinə xanım Mayda Musiç uyğunlaşdırıb. Kitab Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyev və akademik Zərifə Əliyevanın 32 illik nümunəvi birgə həyat yoluna həsr olunub. Müəllif ilk tanışlıqdan Zərifə xanımın vəfatına qədər olan dövrü canlı şahidlərin xatirələri əsasında canlandırıb.
Əsərdə Heydər Əliyev təkcə prinsipial dövlət xadimi kimi deyil, həm də qayğıkeş ailə başçısı, səmimi dost və daxili aləmi zəngin olan bir insan kimi təqdim olunur.
Kitaba Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri, ədəbiyyatşünas-alim Vilayət Quliyev tərəfindən “Heç zaman bitməyən bir eşq hekayəsi” adlı təsirli son söz yazılıb.
Nəfis tərtibatlı nəşr ailənin müxtəlif illərini əks etdirən nadir fotoşəkillərlə zənginləşdirilib. Kitabın Bosniya və Herseqovinanın aparıcı kitabxanalarına, dövlət və akademik qurumlarına, həmçinin boşnak dilinin anlaşıldığı Serbiya və Xorvatiyadakı diplomatik nümayəndəliklərimizə paylanılması nəzərdə tutulur.
Nəşrin əsas məqsədi Azərbaycanın müasir tarixini və görkəmli şəxsiyyətlərini Qərbi Balkan ictimaiyyətinə daha yaxından tanıtmaqdır.

