ABŞ-nin Virciniya ştatının Aleksandriya şəhərində fəaliyyət göstərən Amerika Azərbaycanlı Qadınlar təşkilatının təşəbbüsü və Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Amerika Azərbaycanlı Qadınlarının Birinci Forumu keçirilib.
Beynəlxalq Qadınlar Günü ərəfəsində baş tutan forumda ABŞ-nin müxtəlif ştatlarında yaşayan azərbaycanlı qadınlar, Amerika Azərbaycan Təşkilatları Assosiasiyasına üzv təşkilatların liderləri, Kanada Azərbaycan Evinin rəhbəri, braziliyalı jurnalistlər, Azərbaycan, Türkiyə, Özbəkistan, İndoneziya, Seneqal, Sinqapur, Cibuti, Şimali Kipr Türk Respublikasının ABŞ-dəki diplomatik nümayəndəliklərinin təmsilçiləri, icma liderləri iştirak edib.
XQ xəbər verir ki, forumda qadınların liderlik potensialının gücləndirilməsi, mədəni kimlik, icmalararası dialoq, müasir rəqəmsal platformalar vasitəsilə peşəkar əməkdaşlıq imkanları, diaspor daxilində güclü şəbəkənin yaradılması mövzularında geniş müzakirələr təşkil olunub, zəngin təcrübə və müasir ideyalar ətrafında fikir mübadiləsi aparılıb.
Amerika Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri Lala Ragimov bildirib ki, forumun məqsədi ABŞ-də yaşayan azərbaycanlı qadınların, eyni zamanda digər icma nümayəndələrinin bir-birinə güclü dəstək platformasının yaradılması, qadınların liderlik bacarıqlarının inkişafı, mentorluq imkanlarının genişləndirilməsi və icmalar arasında dərin əlaqələrin qurulmasıdır. Assosiasiyanın rəhbəri forumun həm də gənc nəsil üçün ilhamverici mühit yaradaraq onların ictimai və peşəkar fəaliyyətinə stimul verəcəyini dilə gətirib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova Azərbaycan qadınlarının zəngin və qürurverici inkişaf tarixindən bəhs edib, dünyada qadın liderliyinin uğurlu nümunələri sırasında Azərbaycan qadınlarının da adının yer aldığını, dövlət idarəçiliyi, humanitar diplomatiya sahəsində səmərəli fəaliyyət göstərdiklərini diqqətə çatdırıb.
Şöbə müdiri qadınların tarixən sülhün, sabitliyin və təhlükəsiz gələcəyin qurulmasında əvəzsiz xidmətlər göstərdiyini, belə platformaların onların bu prosesdə daha fəal iştirakına şərait yaratdığını, ailə və milli dəyərlərin qorunaraq gələcək nəsillərə ötürülməsindəki rolunu gücləndirdiyini vurğulayıb. Onun sözlərinə görə, qlobal çağırışların və münaqişələrin artdığı müasir dünyada belə təşəbbüslərin xalqlar və icmalar arasında dialoqun gücləndirilməsi, qarşılıqlı anlaşma, həmrəylik və əməkdaşlığın inkişafı baxımından da əhəmiyyəti danılmazdır.
Bir ideya ətrafında sıx birləşən təşəbbüskarlar çıxışlarında bildiriblər ki: “Müxtəlif sahələrdə uğur qazanan mütəxəssisləri, yeni nəsil liderləri, icma nümayəndələrini bir araya gətirərək peşəkar mükəmməlliyi və nəsillərarası liderliyin inkişafını təşviq edən bu mühüm layihə böyük həvəs və fədakarlıqla, addım-addım formalaşdırılıb. Biz inanırıq ki, bu təşəbbüs ABŞ-də yaşayan azərbaycanlı qadınların peşəkar inkişafını təşviq edəcək, icma üzvləri arasında yeni əməkdaşlıq imkanları yaradacaq, Azərbaycan diasporunun gələcəyinə töhfə verəcək. Düşünürük ki, bu, yalnız diaspor tədbiri deyil, həm də müxtəlif mədəniyyətləri və icmaları bir araya gətirən beynəlxalq dialoq platformasıdır”.
Forum çərçivəsində liderlik, mədəni kimlik, icmalararası dialoq, qadınların peşəkar inkişafı və şəbəkələşmə mövzularında panel müzakirələri təşkil olunub. Müxtəlif sahələri təmsil edən peşəkarlar təcrübə və ideyalarını bölüşüb, biznes nümunələrini, yaradıcılıq əsərlərini təqdim ediblər. İcma liderləri və gənc diaspor nümayəndələri qadınların ictimai həyatda daha fəal rol oynaması üçün yeni təşəbbüslər irəli sürüblər.
Tədbirin sonunda qadınlar üçün mentorluq proqramının təsis edildiyi elan olunub. Təşkilatçılar bildiriblər ki, forum gələcəkdə də davam etdiriləcək. Davamlılıqda məqsəd, forumu qadın liderliyi, innovasiya və icmalararası əməkdaşlıq üçün uzunmüddətli beynəlxalq platformaya çevirmək, ABŞ-dəki azərbaycanlı qadınların fəallığını artırmaq və Azərbaycan-Amerika diaspor əlaqələrinin inkişafına yeni çalarlar qatmaqdır.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi son illər xarici ölkələrdə yaşayan alimlərin, həkimlərin, mühəndislərin, tələbələrin forumlarını keçirir. Bu, eyni sahəni təmsil edən insanların vahid platformalarının formalaşmasına şərait yaradır, diaspor üzvlərini həm yaşadıqları ölkələrin, həm də Azərbaycanın müasir inkişafına birgə töhfə verməyə sövq edir.


.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)