10 İyun Beynəlxalq Sivilizasiyalararası Dialoq Günüdür

post-img

Sivilizasiyaların qovuşduğu məkan: Azərbaycan dialoq və qarşılıqlı anlaşmanın nümunəsi kimi

İnsanlıq tarixinin ən böyük nailiyyətləri müxtəlif sivilizasiyaların qarşıdurmasından deyil, qarşılıqlı təsirindən, mədəniyyətlərin bir-birini zənginləşdirməsindən və xalqlar arasında qurulan körpülərdən yaranıb. Bu gün qloballaşan dünyada müharibələr, dini və etnik zəmində gərginliklər, ayrı-seçkilik və dözümsüzlük halları beynəlxalq ictimaiyyəti yeni çağırışlarla üz-üzə qoyur. Belə bir şəraitdə sivilizasiyalararası dialoq bəşəriyyətin davamlı inkişafı, sülh və təhlükəsizliyi üçün mühüm amil kimi çıxış edir.

Məhz bu reallığı nəzərə alaraq, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2024-cü il 7 iyun tarixində qəbul etdiyi müvafiq qətnamə ilə hər il iyunun 10-nun Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü kimi qeyd olunmasını qərara alıb. Qətnamə Çin Xalq Respublikasının təklifi ilə irəli sürülüb və Azərbaycan da daxil olmaqla 80-dən çox ölkə tərəfindən dəstəklənərək qəbul edilib.  Qətnamədə vurğulanır ki, bütün sivilizasiyaların nailiyyətləri bəşəriyyətin ortaq irsidir və sivilizasiyalar arasında dialoq dünya sülhünün, qarşılıqlı hörmətin, inkişafın və həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynayır. 

BMT-nin qiymətləndirməsinə görə, sivilizasiyalararası dialoq ayrı-seçkiliyin və qərəzin aradan qaldırılmasının, xalqlar arasında etimadın möhkəmlənməsinin, qarşılıqlı anlaşmanın inkişaf etdirilməsinin ən təsirli vasitələrindən biridir. Bu günün təsis edilməsində əsas məqsəd də məhz müxtəlif mədəniyyətlərə hörmət ruhunu təşviq etmək, qlobal həmrəyliyi gücləndirmək və insanları ortaq dəyərlər ətrafında birləşdirməkdir. 

Bu baxımdan Azərbaycan dünyada sivilizasiyalararası dialoqun təşviqinə ən böyük töhfə verən ölkələrdən biri kimi xüsusi yer tutur. Tarixən Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında yerləşən Azərbaycan əsrlər boyu müxtəlif dinlərin, xalqların və mədəniyyətlərin sülh şəraitində yaşadığı məkan olub. İpək Yolunun üzərində yerləşən bu torpaqlar fərqli sivilizasiyaların təmas nöqtəsinə çevrilərək multikultural həyat tərzinin formalaşmasına şərait yaradıb.

Müstəqillik illərində Azərbaycan bu tarixi ənənəni dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevirib. Ölkəmizdə multikulturalizm və tolerantlıq həyat tərzi kimi qəbul edilir, dini və etnik müxtəlifliyin qorunması dövlət tərəfindən dəstəklənir. Məscidlərin, kilsələrin və sinaqoqların yanaşı fəaliyyət göstərməsi, müxtəlif konfessiyaların nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yaşaması Azərbaycanın sivilizasiyalararası harmoniyanın real nümunəsi olduğunu təsdiqləyir.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq layihələr də ölkəmizin bu sahədəki rolunu daha da gücləndirib. Xüsusilə 2008-ci ildə əsası qoyulan “Bakı Prosesi” müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında əməkdaşlığın inkişafına xidmət edən qlobal platformaya çevrilib. Son illərdə Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, beynəlxalq humanitar forumlar, dini liderlərin qlobal toplantıları və digər mötəbər tədbirlər Azərbaycanı dünyanın mühüm dialoq mərkəzlərindən biri kimi tanıdıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, multikulturalizm və sivilizasiyalararası dialoq Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət başçısı beynəlxalq tədbirlərdə çıxışlarında qeyd edib ki, müxtəlif dinlərin, mədəniyyətlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət və etimad şəraitində yaşaması Azərbaycanın ən böyük mənəvi sərvətlərindən biridir. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” bu gün qlobal miqyasda mədəniyyətlərarası və sivilizasiyalararası əməkdaşlığın təşviqinə xidmət edən mühüm beynəlxalq platforma kimi tanınır. Onun fikrincə, müasir dünyada təhlükəsizliyin və sabitliyin təmin olunmasının əsas yollarından biri xalqlar arasında dialoqun, qarşılıqlı anlaşmanın və humanitar əməkdaşlığın genişləndirilməsidir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da ölkəmizdə tolerantlıq və multikultural dəyərlərin qorunmasına mühüm töhfələr verir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən dünyanın müxtəlif ölkələrində tarixi-mədəni irsin, dini abidələrin bərpası, mədəniyyətlərarası əməkdaşlığın inkişafı və humanitar layihələrin həyata keçirilməsi sivilizasiyalar arasında qarşılıqlı hörmətin möhkəmlənməsinə xidmət edir. Mehriban Əliyeva çıxışlarında dəfələrlə bildirib ki, mədəni müxtəliflik bəşəriyyətin ən böyük zənginliyidir və bu zənginliyin qorunması, gələcək nəsillərə ötürülməsi ümumi məsuliyyət tələb edir. Bu fəaliyyət Azərbaycanın dünyada dialoq, humanizm və multikultural dəyərlərin təşviqinə verdiyi töhfələrin mühüm tərkib hissəsidir.

Təsadüfi deyil ki, beynəlxalq təşkilatlar və nüfuzlu ekspertlər Azərbaycanı sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında körpü rolunu uğurla yerinə yetirən ölkə kimi qiymətləndirirlər. Ölkəmizin təşviq etdiyi multikulturalizm modeli müasir dünyada dözümlülüyün və qarşılıqlı hörmətin praktik nümunələrindən biri hesab olunur.

Müasir dövrdə dünya yeni geosiyasi və humanitar sınaqlarla üzləşdiyi bir vaxtda sivilizasiyalararası dialoqun əhəmiyyəti daha da artır. BMT Baş katibi António Guterres də Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü münasibətilə müraciətində vurğulayıb ki, fərqliliklərin qarşıdurma deyil, əməkdaşlıq mənbəyinə çevrilməsi üçün yeganə yol dialoqdan keçir və məhz dialoq gərginliyi etimada, qarşıdurmanı əməkdaşlığa çevirə bilər. 

Bəşəriyyətin gələcəyi xalqların və mədəniyyətlərin bir-birini nə dərəcədə anlaya bilməsindən asılıdır. Bu mənada Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü yalnız təqvimdə qeyd olunan bir tarix deyil, həm də dünyaya verilən mühüm mesajdır: sülhün yolu qarşıdurmadan deyil, dialoqdan keçir.

Azərbaycan isə öz tarixi təcrübəsi, multikultural dəyərləri və beynəlxalq təşəbbüsləri ilə bu mesajın ən güclü daşıyıcılarından biridir. Bu gün ölkəmiz yalnız coğrafi baxımdan deyil, mənəvi və siyasi baxımdan da sivilizasiyaları birləşdirən etibarlı körpü, qarşılıqlı hörmət və anlaşmanın ünvanı kimi çıxış edir. Məhz buna görə də Azərbaycanın timsalında sivilizasiyalararası dialoq ideyası nəzəri konsepsiyadan çıxaraq canlı həyat modelinə çevrilir və dünya üçün mühüm örnək yaradır.

 

Nurəngiz Adilqızı

XQ

 

 

Sosial həyat