Süni intellekt güclü bir alətdir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Məlum olduğu kimi, dünən Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Gənclər Fondunun və Milli Süni İntellekt Mərkəzinin tərəfdaşlığı ilə gənclər üçün Süni İntellekt Forumu keçirilib. Forumun məqsədi gənclərin süni intellekt sahəsində biliklərinin artırılması, bu texnologiyanın yaratdığı imkanlar barədə məlumatlandırılması və gələcəyin əmək bazarına hazırlıqlarına dəstək olmaq idi. Həmçinin forumda Milli Süni İntellekt Mərkəzi tərəfindən “Gənclər üçün süni intellekt savadlılığı: Nələri bilməliyik?” mövzusunda təqdimat keçirilib. Bəs gənc nəsil gələcəyin əmək bazarına hazır olmaq üçün indidən hansı bacarıqları inkişaf etdirməlidir?

Milli Məclisin deputatı Naqif Həmzəyev XQ-yə mövzu ilə bağlı açıqlamasında bildirdi ki, bu gün süni intellekt həyatımızın demək olar ki, hər yerindədir.Tibb diaqnostikasından tutmuş musiqi tövsiyələrinə, hüquqi sənədlərdən uşaq oyunlarına qədər. Bu sürətli yayılma böyük imkanlar açdığı kimi, ciddi suallar da ortaya qoyur. Bu texnologiya cəmiyyətimizə nə edir? Uşaqlarımız və gənclərimiz bu yeni dünyaya necə hazırlaşmalıdır? Süni intellektlə bağlı çox sayda etik narahatlıq mövcuddur. Məxfiliyin pozulması, alqoritm qərəzliyi, dezinformasiya, işsizlik qorxusu... Lakin bu problemlərin arxasında daha dərin, struktural bir təhlükə dayanır. Güc və resursların yalnız bir neçə əldə cəmləşməsi. Bu gün böyük dil modelləri, məlumat infrastrukturu və hesablama gücü üzərindəki nəzarətin mütləq əksəriyyəti bir ovuc texnologiya şirkəti və dövlətin əlindədir. İqtisadi bərabərsizlik dərinləşir, süni intellektdən yaranan dəyərin böyük hissəsi əhalinin yalnız kiçik bir faizinə çatır. Demokratik nəzarət zəifləyir, cəmiyyətin geniş kütlələri, bu texnologiyanın necə inkişaf etdirildiyinə və necə tətbiq olunduğuna demək olar ki, heç bir müdaxilə etmə imkanına sahib deyil. Kiçik ölkələr texnoloji asılılığa sürüklənir, əksər inkişaf etməkdə olan ölkələr öz gələcəkləri üçün kritik qərarları başqalarına həvalə etmək məcburiyyətində qalır. Dezinformasiya da, alqoritm qərəzliyi də bu güc mərkəzləşməsinin bir nəticəsidir. Texnologiyanı kimin nəzarət etdiyi, onun nə üçün, kimin mənfəəti naminə istifadə olunacağını da müəyyən edir. Bax, əsas etik problem budur. Gənclərimizə tez-tez texniki bacarıqlar öyrətməyə çalışırıq. Lakin problemin özü budur ki, texniki biliklər sürətlə köhnəlir. 

Naqif Həmzəyev daha sonra qeyd etdi ki, mürəkkəb problemləri strukturlaşdırmaq, qeyri-standart həll yolları tapmaq, yaradıcı düşüncə–bunlar hələ uzun müddət insan üstünlüyü olaraq qalacaq. Bunu edə bilərik ilə “Bunu etməliyik” arasındakı fərqi anlamaq. Bu fundamental bir insan bacarığıdır. Empatiya, münaqişə həlli, liderlik. Texnologiya nə qədər inkişaf etsə də, insanların insanlarla iş qurduğu sahələrdə bu bacarıqların dəyəri azalmayacaq. Sabahın dünyasında ən dəyərli keyfiyyət bilik yığımı deyil, öyrənmə sürəti olacaq. Bunun yanında çoxdilli ünsiyyət, mədəni zəka da getdikcə artan əhəmiyyət kəsb edir.

“Süni intellektə qarşı necə rəqabət aparmaq olar?” deyil, “Süni intellektdən necə ağıllı istifadə etmək olar?” sualı məhz maraq doğurur. Bu alətləri anlayan, onların güclü və zəif tərəflərini bilən, onlarla effektiv iş qura bilən gənclərin qarşısında geniş üfüqlər açılacaq. Süni intellekt dünyasında ən çox axtarılan insan o olacaq ki, bu texnologiyanı istifadə etməyi bilsin, onun məhdudiyyətlərini anlasın və maşının edə bilmədiyi şeyi–insan mühakiməsini, empatiyasını, etik düşüncəsini–ortaya qoya bilsin. Gənclərimizə ən böyük hədiyyəmiz onlara müəyyən alətlər öyrətmək deyil, özlərini tanımağı, tənqidi düşünməyi və sürətlə dəyişən dünyada sabit bir daxili kompasa sahib olmağı öyrətməkdir. Süni intellekt güclü bir alətdir. Lakin onu kim istifadə edir, nə üçün istifadə edir, kimlər bu qərarları verir–bunlar texniki suallar deyil, dərin insan suallarıdır. Və bu suallara cavab verəcək olanlar da bizik.

Müşfiq MİRZƏ
XQ

İKT