Azərbaycan sosial rifah ölkəsidir

post-img

Son 22 ildə minimum əməkhaqqı 44,4 dəfə, pensiya isə 16 dəfə artıb

Ümummilli lider Heydər Əliyevin siyasi varisi və layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində son 22 ildə iqtisadi, hərbi gücünü sürətlə artıran, möhtəşəm tarixi Zəfər zirvəsinə yüksələn Azərbaycan sosial sferada da önəmli irəliləyişlərə nail olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XQ-yə verilən məlumatda bildirilir ki, sosial ödənişlərin davamlı olaraq artırılması dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Prezidentin imzaladığı fərman və sərəncamlarla son 22 ildə bu istiqamətdə ciddi addımlar atılıb. Ötən dövrdə minimum əməkhaqqı 44,4 dəfə artırılaraq 400 manata, minimum pensiya 16 dəfə yüksəldilərək 320 manata çatdırılıb. Orta aylıq əməkhaqqı 14,2 dəfə artaraq 77 manatdan 1093,8 manata, orta aylıq pensiya 22,6 dəfə çoxalaraq 539 manata, yaşa görə orta aylıq pensiya 23,1 dəfə qaldırılaraq 574 manata çatıb.

2018-2025-ci illərdə dövlət başçısı İlham Əliyevin tapşırıqları əsasında 5 sosial islahat paketi icra olunub. Ümumilikdə, 4 milyondan çox vətəndaşı əhatə edən bu islahatların hər biri üzrə illik əsasda ayrılan əlavə vəsaitlərin ümumi məbləği 7,6 mlrd. manatdır. Beləliklə, 2018-ci ildən ötən dövrdə minimum əməkhaqqında 3,1 dəfə, orta aylıq əməkhaqqında 2 dəfə, əməkhaqqı fondunda 3,2 dəfə, minimum pensiyada 3 dəfəyə yaxın, orta aylıq pensiyada 2,6 dəfə, müavinət və təqaüd ödənişlərinə ayrılan illik vəsaitdə 5 dəfə, ünvanlı sosial yardlımın orta aylıq məbləğində 2,5 dəfə artım olub. Pensiya ödənişlərinə ayrılan illik vəsait son 7 ildə 2 dəfə artaraq 7,2 mlrd. manatı ötüb. Həmçinin 10 yeni sosial ödəniş növü təsis olunub.

Son illər pensiya təminatında bir sıra humanist yanaşmalar tətbiq edilib, sosial dəstəyə əlçatanlığı artırmaq üçün mühüm addımlar atılıb. 2019-cu ildən pensiya təyinatı proaktiv mexanizm üzərində qurulmaqla, 2006-2018-ci illərdə fərdi hesabında hətta ən kiçik məbləğdə vəsait qeydə alınmış şəxsə 25 illik sığorta stajı hədiyyə edilir və müraciət etməsinə ehtiyac qalmadan, elektron sistem üzərindən avtomatik olaraq yaşa görə pensiya təyin olunur. Eyni zamanda, erkən dövrdə yaşa görə pensiya hüququ yaranan kateqoriyaların sırası son illər əhəmiyyətli dərəcədə genişləndirilib.

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlərlə təminatı proqramı uğurla davam etdirilir və möhtəşəm Zəfər əldə etdiyimiz Vətən müharibəsindən sonra 5 dəfə genişlənib. Postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 6900, ümumilikdə ötən dövrdə 16 min mənzil verilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 567, ümumən ötən dövrdə 7800 avtomobil verilib.

Uğurlu sosial islahatlar proqramının nailiyyətlərindən biri də dövlət başçısının müvafiq fərmanı ilə 2019-cu ildən ölkəmizdə yaradılan DOST mərkəzləridir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan və dünyanın qabaqcıl təcrübələri sırasına daxil edilərək çoxsaylı beynəlxalq mükafatlara layiq görülən DOST modeli vahid platformadan, “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş məmnunluğu və rahatlığı prinsipi əsasında əhaliyə 161 sosial xidmət təqdim edir. Artıq Bakı və bölgələrimizdə 7 DOST mərkəzi, “Smart DOST” xidmət məntəqəsi, 1 DOST məntəqəsi, 1 DOST filalı istifadəyə verilib. DOST mərkəzlərində ötən dövrdə 3,9 milyon vətəndaşa xidmət göstərilib. Bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,6 faizə çatması DOST modelinin uğurlu islahat nümunəsi olduğunu göstərir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan, Cənubi Qafqazda ilk və ən böyük inklüziv məkan olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi isə əlilliyi olan şəxslərin, şəhid ailələri və aztəminatlı ailələrin üzvlərinin, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların və digər həssas qrupların yaradıcı potensialının inkişafına önəmli dəstək verir. Mərkəzdə benefisiarlara rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, xalçaçılıq, toxuma, bədii oyma, kulinariya, səhnə ifaçılığı və s. istiqamətləri üzrə təlimlər keçirilir, onlara sosial pedaqoji və psixoloji dəstək xidmətləri göstərilir. Ötən dövrdə Mərkəzdə və onun İsmayıllı və Bərdə rayonlarındakı filiallarında 800-dən çox şəxsə xidmət göstərilib.

Həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğı nəticəsində ötən dövrdə sosial xidmət və reabilitasiya müəssisələri şəbəkəsi də xeyli genişlənib. Əlilliyi olan şəxslər üçün Peşə Reabilitasiya Mərkəzi, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi, Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi, günərzi və icma əsaslı sosial reabilitasiya, sosial xidmət mərkəzləri şəbəkəsi, Sumqayıt, Şəki, Şirvan, Xaçmaz Naftalan, Lənkəran, Yevlax, Qəbələ, Şəmkir və digər bölgələrdə əlilliyi olan şəxslər üçün Reabilitasiya mərkəzləri yaradılıb.

Dövlət başçısının tapşırığına əsasən, son illər sosial xidmətlərinin elektron texnologiyalar üzərində qurulması proqramı uğurla icra edilərək əmək və məşğulluq, sosial müdafiə üzrə xidmətlərin 90 faizdən çoxu artıq rəqəmsallaşdırılıb. Sosial sahələr üzrə 60 proaktiv xidmət, 30-dan çox e-arayış xidməti yaradılıb. 2019-cu ildə ölkəmizin sosial reyestri olan e-sosial.az portalı, 2022-ci ildə vahid əmək münasibətləri platforması olan və əmək münasibətlərində rəqəmsal kadr uçotuna keçidə imkan verən "Əmək və Məşğulluq" altsistemi işə salınıb. Təkcə 2024-cü ildə əmək və məşğulluq, sosial müdafiə üzrə e-sistemlər üzərindən sorğu, müraciət və xidmət sayı 663 milyon olub.

Son illər ölkəmizdə aparılan uğurlu sosial islahatlar, o cümlədən DOST konsepsiyası və rəqəmsal xidmətlər 240-dan çox beynəlxalq mükafat və sertifikata layiq görülüb. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı Azərbaycana qarşıdakı dövrdə də böyük tarixi uğurlar, möhtəşəm qələbələr, eyni zamanda vətəndaş rifahının təminatı sahəsində yeni sosial nailiyyətlər qazandıracaq.

Mustafa KAMAL
XQ





Sosial həyat