Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Nyu-Yorkda BMT-nin Baş Qərargahında keçirilən Qadınların Statusu üzrə Komissiyanın 70-ci sessiyasında (CSW70) çıxışı zamanı Azərbaycanın gender bərabərliyi sahəsindəki milli təcrübəsindən danışıb.
Komitə sədri, Azərbaycanda gender bərabərliyinin Konstitusiya səviyyəsində təsbit olunduğunu və milli qanunvericilik çərçivəsində ardıcıl şəkildə təmin edildiyini, həmçinin hüquqi müdafiə mexanizmlərinə çıxışın genişləndirildiyini, məhkəmə və hüquq-mühafizə sistemində genderə həssas yanaşmanın gücləndirildiyini bildirib. Əlavə edib ki, son illər reallaşdırılan hərtərəfli islahatlar nəticəsində dövlət hesabına hüquqi yardım xidmətlərinin əlçatanlığı artırılıb.
O, Azərbaycanda məişət zorakılığı, erkən və məcburi evlilik halları ilə mübarizə sahəsində cəza tədbirlərinin sərtləşdirildiyini və zərərçəkmişlərin müdafiəsinin gücləndirildiyini qeyd edib. Ali Məhkəmənin müvafiq qərarlarının cinsi ayrı-seçkiliyin aradan qaldırılmasına mühüm töhfə verdiyini deyib. B.Muradova yeni qəbul edilən 2026–2028-ci illər üzrə Gender Fəaliyyət Planının struktur maneələrin aradan qaldırılması, institusional potensialın gücləndirilməsi, qərarvermədə qadınların iştirakının artırılması, genderə həssas büdcələşmə və məlumatəsaslı siyasətin inkişafını nəzərdə tutduğunu diqqətə çatdırıb.
B.Muradova Azərbaycanın beynəlxalq səviyyədə gender gündəliyinə verdiyi töhfələri də vurğulayıb: "2024-cü ildə ölkəmizdə keçirilən COP29 çərçivəsində ilk dəfə "Gender Günü" təşkil olunub və yenilənmiş Lima İş Proqramı qəbul edilib. 2025-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın təşəbbüsü ilə ilk Qadınlar Forumu keçirilib. Həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CİCA) çərçivəsində Qadınlar Şurası yaradılıb".
Dövlət Komitəsinin sədri qadınların sülh quruculuğunda və icma səviyyəsində qərarvermədə iştirakının davamlı sülhün əsas şərti olduğunu, post-münaqişə dövründə həyata keçirilən bərpa proseslərində genderə həssas yanaşmanın uzunmüddətli sabitliyi təmin etdiyini bildirib. Milli səviyyədə həyata keçirilən tədbirlərin Dayanıqlı İnkişaf Məqsədləri ilə, xüsusilə də gender bərabərliyi və güclü institutlarla bağlı hədəflərlə tam uzlaşdığını deyib.
Çıxışının sonunda Azərbaycanın bu sahədə iki və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini vurğulayan sədr, ədalətə çıxış sahəsində uğurlu təcrübə mübadiləsinin insan ləyaqətinin qorunması və bərabər imkanların təminatına xidmət etdiyini bildirib.
Z. HÜSEYNOVA
XQ


