Prezident İlham Əliyevin qlobal diplomatiyası və Azərbaycanın yeni geosiyasi kimliyi
Oktyabrın 13-də Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Qahirədə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın qlobal çəkili aktora çevrildiyini təsdiqlədi. Sammitin fonunda ABŞ, Fransa, Rusiya və Avropa İttifaqının liderləri ilə keçirilən görüşlər Bakı diplomatiyasının çoxvektorlu xarakterini bir daha nümayiş etdirdi.
Azərbaycan niyə bu gün Yaxın Şərqdə və Qlobal Cənubda “etibarlı vasitəçi” kimi qəbul olunur? Müasir beynəlxalq münasibətlər sistemində etibar artıq resursların və ya hərbi gücün deyil, siyasətin ən qiymətli valyutasına çevrilib. Qlobal qeyri-müəyyənliklər, siyasi qütbləşmə və regional qarşıdurmalar fonunda çox az dövlətlər var ki, eyni anda fərqli güc mərkəzləri tərəfindən qəbul edilə, həm də vasitəçi kimi etibar qazana bilsin. Azərbaycan bu baxımdan istisna nümunədir. Onun bu imici uzun illər ardıcıl şəkildə formalaşdırılmış müstəqil qərarvermə mədəniyyəti, sabitlik siyasəti və nəticəyə hesablanmış diplomatik davranışın təməlində dayanır.
Azərbaycanın xarici siyasəti ənənəvi ittifaqlardan fərqli olaraq, ideoloji asılılığa əsaslanmır. Bakı nə Qərbin orbitindədir, nə də Şərqin siyasi təsir sahəsində. Müstəqil qərarvermə modeli ölkəyə həm Vaşinqton, həm Moskva, həm Ər-Riyadla, həm də Qahirə və Pekin kimi paytaxtlarla bərabər səviyyədə dialoq qurmaq imkanı verir. İlham Əliyevin diplomatik xəttində əsas prinsip aydındır: Azərbaycan heç kimə qarşı deyil, amma hər kəslə dialoqda iştirak edir. “Bloklara qoşulmamaq” siyasəti çoxqütblü dünyada balans yaratmaq bacarığıdır.
Yaxın Şərqdə siyasi rejimlər bir-birinin ardınca silkələnərkən, Cənubi Qafqazda hərbi qarşıdurmalar davam edərkən, Azərbaycan öz daxilində sabitlik və idarəetmə ardıcıllığını qorumağı bacardı. Ölkənin enerji, nəqliyyat və logistika sistemlərini vahid regional platformada cəmləyən Azərbaycanın sabitlik ixrac edən mərkəzə çevrilməsinə gətirib çıxardı.
Etimadın digər dayağı isə sülh diplomatiyasının praktik nəticələridir. 2020-ci ildən sonra Azərbaycan regionda yeni siyasi reallıq yaratdı və bu reallığı sülh dili ilə davam etdirdi. İlham Əliyevin postmünaqişə dövründə apardığı siyasət praqmatik addımlar üzərində quruldu: bərpa, inteqrasiya, qarşılıqlı asılılıq. Belə bir yanaşma beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənildi və qəbul edildi. ABŞ Prezidenti Donald Trampın Qahirə Sammitində söylədiyi “Mən bu yaxınlarda bu şəxs üçün müharibəni bitirdim. Onlar 31 il vuruşdular, indi dostdurlar” sözləri əslində, yeni reallığın təsdiqi idi.
Azərbaycan bu gün sabitliyin daşıyıcısı kimi qəbul olunur. Yaxın Şərqdə və Qlobal Cənubda onun etibarlı vasitəçi obrazı, əslində, gücə əsaslanmayan, amma gücləri bir masaya gətirə bilən diplomatiyanın məhsuludur. Bakı silah dilindən yox, etimad dilindən istifadə edir. Deməli, Azərbaycanın etibarlı tərəfdaş kimi yüksəlişi davranış ardıcıllığına söykənir. Bu gün ərəb ölkələri, İsrail, Avropa İttifaqı və ABŞ üçün Azərbaycan qlobal sabitlik tənliyində balans elementi kimi görünür.
***
Son vaxtlar diqqətçəkən məqamlardan biri İlham Əliyevin fərqli geosiyasi mərkəzlərin liderləri – Fransa Prezidenti Emmanuel Makron, Rusiya Prezidenti Vladimir Putin və Avropa İttifaqının yüksək nümayəndələri ilə keçirdiyi paralel görüşlər idi. Burada əsas məsələ görüşlərin özündən çox onların eyni zaman kəsiyində baş verməsi idi. Bu addımlar Azərbaycanın siyasət fəlsəfəsində forma-laşmış yeni anlayışa – “paralel formatlarda iştirak modeli”nə uyğun idi.
İlham Əliyevin diplomatiyası son illər çoxlaylı koordinasiya sistemi üzərində işləyir. O, bir tərəfdən Rusiya ilə regiondakı tarixi və strateji balansı qoruyur, digər tərəfdən Qərblə enerji və iqtisadi inteqrasiyanı genişləndirir, eyni zamanda İslam dünyası ilə siyasi həmrəyliyi və mənəvi yaxınlığı saxlayır. Üç istiqamətin paralel şəkildə işləməsi Azərbaycanı “kəsişmə nöqtəsi”nə çevirib. Burada nə ziddiyyət, nə də qarşıdurma var, əksinə, maraqların uzlaşdırıldığı unikal bir diplomatik məkan var.
Makronla görüş bu baxımdan xüsusi simvolizm daşıyırdı. Parisin son illərdə Cənubi Qafqaz siyasətində birtərəfli yanaşması fonunda İlham Əliyevin Fransa lideri ilə üz-üzə dialoqa getməsi, əslində, Bakının rasional maraqlarla hərəkət etdiyini göstərdi. Azərbaycan Fransa ilə münasibətləri məsuliyyətli tərəfdaşlıq səviyyəsində saxlayır. Bu, İlham Əliyevin diplomatik üslubunda çox incə xəttlə ifadə olunur: tənqidə cavab diplomatiya ilə verilir, təkzib diplomatik nəticə ilə. Makronla təmas bu mənada Avropaya siqnal idi–Bakı münasibətlərin bərabər tərəfdaşlıq əsasında yenidən qurulmasını istəyir.
Putinlə görüş isə Azərbaycanın Rusiya ilə münasibətlərinin dərin strateji təməlini bir daha göstərdi. Moskva və Bakı arasında münasibətlər son illər geosiyasi gərginliklər fonunda da stabilliyini qoruyub. İlham Əliyev bu münasibətləri “regional praqmatizm”in nümunəsinə çevirib – nə tabeçilik, nə qarşıdurma, sadəcə, maraqların kəsişməsi üzərində qurulan əməkdaşlıq. Rusiya ilə dialoq Azərbaycanın balanslı siyasətinin Şimal vektorudur: O, nə Qərbin əksinədir, nə də Şərqin təkrarı. Əslində, Azərbaycan hər iki gücün təmas xəttində dayanan sabitləşdirici bufer rolunu oynayır.
Aİ liderləri ilə görüşlər isə daha geniş çərçivədə Azərbaycanın Avropa enerji təhlükəsizliyindəki əvəzolunmaz rolunu təsdiqlədi. Brüssel etiraf edir ki, enerji və nəqliyyat marşrutlarının təhlükəsizliyində Bakı artıq strateji təminatçıdır. Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars xətti, “yaşıl enerji dəhlizi” kimi layihələr Azərbaycanı Avropanın enerji arxitekturasının mərkəzinə gətirib.
***
Azərbaycanın Yaxın Şərqdə artan rolu təkcə diplomatik fəallıqla deyil, həm də etimad iqtisadiyyatı üzərində qurulub. Regionda bir çox güc mərkəzləri bir-birinə qarşı şübhə ilə yanaşdığı halda, Azərbaycan həm ərəb ölkələri, həm İsrail, həm də Qərb tərəfindən eyni səviyyədə qəbul olunur.
İsrail ilə münasibətlərdə bu etimad uzunmüddətli strateji əməkdaşlığa çevrilib. Digər tərəfdən, Körfəz ölkələri ilə əlaqələr son illər iqtisadi və strateji məzmun baxımından yeni mərhələyə keçib. Bu çoxsəviyyəli iştirakın fonunda ortaya çıxan əsas sual təbiidir: ABŞ, İsrail və ərəb ölkələrinin eyni anda Azərbaycana etibar etməsinin əsas səbəbi nədir?
Etimadın sirri Azərbaycanın ideoloji neytrallığında və diplomatik sabitliyində gizlənir. Bakı öz mövqeyini heç vaxt “blok diplomatiyası” üzərində qurmayıb. Bakı heç vaxt “İslam kartı”ndan istifadə etməyib, amma İslam dünyasında hörmət qazanıb; “Qərb kartı”nı oynamayıb, amma Qərblə strateji tərəfdaşlığa nail olub. Əslində, Azərbaycan bu regionda nadir fenomen yaradır: o, fərqli dini, siyasi və iqtisadi kimliklər arasında təmas nöqtəsi rolunu oynayır. Burada əsas prinsip aydındır – Bakı öz davranış ardıcıllığını ixrac edir və bu ardıcıllıq sabitlik üzərində qurulub.
Dünyada etimad qıtlığı dərinləşdiyi bir vaxtda Azərbaycan etimad ixrac edən nadir ölkələrdən birinə çevrilib. İlham Əliyevin diplomatik fəlsəfəsi bu etimadı həm Qərb, həm Şərq, həm də İslam dünyasında eyni anda möhkəmləndirə bilib. Məhz bu, XXI əsrin çoxqütblü dünyasında balans üzərində qurulmuş müstəqil liderlik modelidir.
Azərbaycan dünyanın dəyişən güc arxitekturasında mərkəz nöqtəsi rolunu oynayır. Onun diplomatiyası siyasətin sərt məntiqini, geosiyasətin soyuq hesabını və etimadın humanitar dəyərini eyni məxrəcə gətirir. Və bu gün bəlkə də beynəlxalq münasibətlərdə ən çox axtarılan model budur –müharibə olmadan güc, tərəf tutmadantəsir, qarşıdurma yaratmadan balans yaratmaq.
Belə bir modelin adı isə getdikcə daha aydın səslənir: Azərbaycan diplomatiyası – XXI əsrin sabitlik kodu.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru