Görkəmli media xadimi, ustad qələm sahibi

post-img

Görkəmli media xadimi, ustad qələm sahibi

Bəzən bir insanın ömrü  yaşadığı illərlə ölçülmür,  zamanın  yaddaşına çevrilir, xalqın düşüncəsində silinməz iz qoyur. Görkəmli media xadimi, alim, tərcüməçi, jurnalist  və   redaktor  Tofiq Rüstəmov da məhz belə insanlardan idi.

Dünən  jurnalistlərin bütöv bir nəslinin  müəllimi olmuş, yetirmələrinin çalışdığı “Xalq qəzeti”nə 1990-1995-ci illərdə rəhbərlik etmiş görkəmli media xadiminin anadan olduğu gündə anım mərasimi keçirildi.  Unudulmaz baş redaktorun  90 illik yubileyi münasibətilə keçirilən  mərasimdə  Azərbaycan mətbuat tarixində adı ehtiramla çəkilən, ziyalı mövqeyi, məsuliyyəti, müdrikliyi ilə örnəyə çevrilmiş Tofiq müəllimin  zəngin  həyat yolu və fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən, yaradıcılığından bəhs olundu. 

Qəzetin baş redaktoru Əflatun Amaşov tanınmış alim və görkəmli ictimai xadim  Tofiq Rüstəmovun  “Xalq qəzeti”nin tarixində də   silinməz izlər qoyduğunu söylədi:

--Tofiq müəllim həm də  böyük jurnalist, tərcüməçi və redaktor idi. 10 ilə yaxın (1979–1988-ci illərdə) jurnalistika fakültəsinin dekanı işləyib. Tərcümə, televiziya və radio jurnalistikası kafedrasının yaradıcısı  olub. “Xalq qəzeti”nə rəhbərlik etdiyi Tofiq müəllimlə  çoxsaylı təmaslarımız olub. Hər söhbətimizdən ondan  aldığım müsbət enerji mənə mənəvi güc verirdi.AZƏRTAC-da  baş direktorun  müavini idim. Bir binada sıx əməkdaşlıq şəraitində çalışırdıq.  O, son dərəcə bilikli, təcrübəli və  mədəni insan idi.

Qəzetin Həmkarlar Komitəsinin sədri Ruslan Rəfizadə  Tofiq Rüstəmovun gənc kadrların irəli çəkilməsindəki ədalətli, qayğıkeş mövqeyindən danışdı: 

--Jurnalistika fakültəsində tələbələrin  təyinatını birbaşa Mərkəzi Komitə verirdi. Həmin dövrdə digər sahələrin məzunları — müəllimlər, həkimlər, mühəndislər rayonlara göndərilsələr də, jurnalistlərin böyük hissəsi Bakıda qalırdı.

Yadımdadır, tələbəlik illərində Tofiq müəllim bizə bildirdi ki, “Xalq qəzeti”ndə baş redaktor dəyişib, Ağababa Rzayev təqaüdə çıxıb və yerinə Rəşid Mahmudov təyin olunub.  O,  təcrübəli dekan Tofiq müəllimə müraciət edərək 4–5 nəfər istedadlı kadr verməsini xahiş edib. O da  Mərkəzi Komitə ilə məsləhətləşib hazırladığı siyahıya mənim də adımı yazıb. Mənə dedi ki, sənin də adını siyahıya yazmışam. Mən ona dərin təşəkkürümü bildirdim.

Tofiq müəllim, sözün əsl mənasında, çox obyektiv və ədalətli şəxsiyyət idi. O, qərarlarında  yalnız tələbənin daxili potensialını, qabiliyyətini  əsas götürərdi. Məhz onun bu obyektivliyi sayəsində bir neçə nəfər gənc kadr  bu redaksiyaya  təyinat aldı. Zaman keçdi,  o vaxtdan bəri hələ də bu doğma kollektivdə çalışıram.Tofiq müəllimin  rəhbərliyi altında qəzet sovet dövründən müstəqillik mərhələsinə qədəm qoydu.

Baş redaktorun birinci müavini Hümbət Musayev professorun hansı vəzifədə və zirvədə olmasından asılı olmayaraq, hər zaman mənəviyyatını qoruyub saxladığını xüsusilə vurğuladı:

 –Tofiq müəllim paralel olaraq üç əsas müstəvidə çox uğurlu və səmərəli fəaliyyət göstərib. Hələ onun məmurluq fəaliyyətini kənara qoysaq, o, pedaqoji sahədə, jurnalistika sferasında və elmi yaradıcılıq istiqamətində böyük işlər görüb. Bu üç müstəvinin hər birində eyni vaxtda uğur qazanmaq insandan çox böyük intellekt, güclü təxəyyül və böyük daxili potensial tələb edir. Çünki bu meyarlara və parametrlərə malik olmayan şəxslərin sadalanan sahələrin hər hansı birində müəyyən bir zirvəyə ucalması qeyri-mümkündür. Tofiq müəllim isə bu çətinliyin, bu ağır yükün öhdəsindən ustadcasına gəlmişdi.

​Tofiq müəllim, çalışdığı bütün sahələrdə insanlığı hər şeydən öndə tuturdu. İnsan hər zaman mənəvi dəyərləri rəhbər tutanda cəmiyyət tərəfindən də daim xoş xatirələrlə anılır, unudulmur və yaddaşlarda əbədi yaşayır.

Baş redaktor  müavini Tahir Aydınoğlu Tofiq Rüstəmovun  haqsızlığa qarşı  prinsipial mövqe nümayiş etdirdiyini və gənclərə xüsusi qayğı göstərdiyini qürurla xatırladı:

--Tofiq müəllim hər zaman haqlının yanında olurdu, tələbələrə atalıq qayğısı göstərir, onların uğurlarına sevinirdi. Məhz onun dəstəyi və zəmanəti ilə mən vaxtilə partiya sıralarına qəbul olundum. Sonra AzTV-də işə qəbul olundum. Hazırladığım verilişləri və layihələri çox bəyənirdi.

Görüşdə böyük ustadı kövrək xatirələrlə yad edən qəzetin məsul katibi İlqar Rüstəmov Tofiq müəllimin onun taleyindəki müstəsna rolundan və çoxsaylı gənc jurnalistə arxa-dayaq olmasından  danışdı:

–Tofiq müəllim mənim xatirimdə həmişə bir ustad olaraq qalıb. Hələ tələbəlik illərindən ondan çox şey öyrənmişdim. Sonradan tale elə gətirdi ki, Tofiq müəllimlə birlikdə işlədim. O, işçilərinə  öz yetirməsi, doğma övladı kimi yanaşırdı, redaksiya bizim üçün bütöv bir ailə idi.

Tofiq müəllim bizə təkcə yazmağı, redaktə etməyi öyrətmirdi; həm də  davranış qaydalarını, məsuliyyət hissini və özümüzü necə təqdim etməli olduğumuzu aşılayırdı. Bu gün də  jurnalistikada hansı addımı atıramsa, ilk növbədə Tofiq müəllimin əsl həyat dərsləri yadıma düşür. Allah ona rəhmət eləsin, xatirəsi qəlbimizdə həmişə yaşayacaq!

Qəzetin əməkdaşı Əli Nəcəfxanlı Tofiq Rüstəmovun  tələbələr ilə doğma münasibətindən, eyni zamanda son dərəcə  prinsipial xarakterindən bəhs etdi:

​- 1978-ci ildə jurnalistika fakültəsinə qəbul olunmuşdum. Növbəti ildə isə Tofiq müəllimi bizə dekan təyin etdilər. Qiyabi şöbədə oxuyur və Sumqayıtda işləyirdim. O, qiyabi oxuyan tələbələrin çətinliklərini həssaslıqla duyur, onlara bacardığı köməyi əsirgəmirdi. Onun qayğıkeşliyi yaddaşımda silinməz iz qoyub.  O, əsl ziyalı, gözəl insan və təvazökar müəllim idi. 

Siyasət şöbəsinin müdiri İmran Bədirxanlı Tofiq Rüstəmovun  həm müəllim  həm də tələbələrinin himayədarı olduğunu dedi: 

​–Tofiq müəllim təcrübə ilə nəzəriyyəni ustadcasına birləşdirən nadir jurnalistlərdən idi. Tofiq müəllim bizim qrupumuza böyük etimadla yanaşır və bizi yaxşı jurnalist olmağa həvəsləndirirdi. Təsəvvür edin, o vaxt qrupumuzda olan 25 nəfərdən 20-si bu gün də mətbuat sahəsində uğurla çalışır. Bu mühitin bünövrəsini məhz Tofiq müəllim qoymuşdu. Onun xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq. 

Qəzetin əməkdaşı Məsaim Abdullayev  onun tələbəsi olmaqdan qürur duyduğunu bildirdi:

- Ömrümün 70-ci yaş zirvəsinə çatdığım indiki məqamda qeyd etmək istəyirəm ki, sağlığında və dünyasını dəyişəndən sonra yaxından tanıdığım çevrədə, xüsusilə orta və yaşlı nəsil jurnalist cameəsində həyatda onun qədər  sevilən, adı və xeyirxah əməlləri heç vaxt unudulmayan çox az insan görmüşəm. O, son dərəcə nəcib, yüksək əxlaqlı bir ziyalı olaraq hamı tərəfindən birmənalı qəbul edilən şəxsiyyətlərdəndir.   

Bu gün  tələbə və yetirmələri onun adını dərin hörmətlə çəkir, sidq-ürəkdən gələn bir sevgi ilə əziz xatirəsini ehtiramla anırlar. Onun sadəliyi, mərdliyi, alicənablığı, xeyirxahlığı, kübarlığı barədə söhbətləri bir yerə toplasalar, bəlkə də qalaq-qalaq kitablar yaranar. Hər şeyi qocaldan zaman belə onun fiziki yoxluğunu bizlərə unutdura bilmir. Onun barəsində düşünmək, ünsiyyətdə olduğun səmimi anları dönə-dönə yada salmaq insanı mənəvi cəhətdən paklaşdırır. 

Mərasimdə iştirak edən Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin multimedia və elektron kommunikasiya kafedrasının müəllimi, dosent, Tofiq Rüstəmovun həyat və yaradıcılıq yolunu uğurla davam etdirən  qızı  Sevinc Məmmədova  qədirbilənliyə və xoş xatirələrə görə  təşəkkürünü bildirdi və  ona ünvanlanan sualları cavablandırdı.

 - Sevinc xanım, Tofiq Rüstəmovu kamil  bir şəxsiyyət kimi oxucularımıza, indiki nəslə necə təqdim edərdiniz?

- Tofiq Rüstəmov çox gənc yaşlarında elmi, dünyagörüşü, savadı ilə seçilmiş, uğur qazanmışdı. Babam Hacı Tağı Rüstəmov ziyalı  insan idi. Dövrünün nadir kitab və jurnallarından, hətta  20-30-cu illərin latın, ərəb əlifbası ilə yazılmış kitablardan ibarət zəngin kitabxanası vardı. Rus, ərəb və türk dillərini bilir, Sabiri, Hadini əzbərdən deyirdi. Atamın elmi, ədəbiyyatı sevdirən, mütaliəyə maraq yaradan belə bir mühitdə böyüməsinin  jurnalist kimi peşəkarlaşmasında, mehriban, qayğıkeş,  gözəl dost, məsləhətçi və səmimi insan kimi formalaşmasında  rolu  əvəzsizdir.  Mənim yaddaşımda  atam   mülayim, qayğıkeş, mərd insan kimi qalıb.

- Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsindən başlayan  yol radio və televiziya məkanında formalaşan  məktəbə çevrildi. Ədəbi redaktə mövzusu isə Tofiq müəllimin yaradıcılığında əsas ana xəttdir.

-Tofiq müəllim jurnalistikanın bütün sahələrində özünü sınamışdı. Redaktor, tərcüməçi, publisist, pedaqoq kimi peşəkarlığı və zəngin təcrübəsi ilə seçilmişdi. Jurnalist  fəaliyyətinin ilk illərində  müəyyən çətinliklər var idi, informasiya bugünkü qədər əlçatan deyildi. Atam tez-tez ezamiyyətlərdə olur, arxivlərə gedir, sənədləri araşdırır,  məlumatları müqayisə edir, faktları bir neçə mənbədən dəfələrlə yoxlayırdı. Bir məlumatın doğruluğunu dəqiqləşdirmək bəzən günlərlə vaxt aparırdı. Çünki auditoriyanın etibarını qazanmaq və saxlamaq üçün  məlumatlar  əsaslandırılmalı idi. Tofiq müəllim üçün faktın dəqiqliyi ciddi məsələ idi. 

Radioda işlədiyi dövrlə bağlı  “Radiojurnalistikanın əsasları”, Azərbaycan və rus dillərində “Efirdə addımlar” araşdırma və məqalələri nəşr olunmuşdu. Radiojurnalistikanın formalaşdığı bir vaxtda bu materiallar gələcək elmi araşdırmalar üçün dəyərli mənbələr idi. 

Radiojurnalistikaya marağı   fakültədə bu istiqamətdə elmi mövzuların, tədqiqat işlərinin müdafiəsinə əsas verdi. Jurnalistika fakültəsinin müəllimi olan Tofiq Rüstəmovun təşəbbüsü ilə Tərcümə, televiziya və radio jurnalistikası kafedrası açıldı.  

İşlədiyi hər yerdə -- istər radio, istərsə də qəzetdə  redaktəyə xüsusi həssaslıqla yanaşırdı. Deyirdi ki, redaktor materialı işləyərkən, ilk növbədə, ideya istiqamətini müəyyənləşdirməli, fikirlərin dəqiqliyi və məntiqi ardıcıllığını, kompozisiya bitkinliyini, faktın  doğruluğunu təmin etməlidir.  Onun üçün söz bir dəyər idi, redaktəni isə sözün ikinci həyatı hesab edirdi. Xüsusilə vurğulayırdı ki, yaxşı yazmaq kifayət deyil, yazılanı düzgün təqdim etmək vacibdir. Mətni oxuyar, ifadələri cilalayar, artıq sözləri çıxarar, fikri aydınlaşdırar, sanki,  hər sözdə gizlənən həqiqəti tapmağa çalışırdı. Tez yazmağı deyil, doğru, düzgün yazmağı üstün sayırdı.

Bu baxımdan, ədəbi redaktə Tofiq müəllimin yaradıcılığının əsas ana xəttidir. Jurnalistika fakültəsində tədris olunan “Ədəbi redaktə” kursunun proqramı əsasında yazılan “Ədəbi redaktənin əsasları”, “Ədəbi  redaktə nəzəriyyəsi və təcrübəsi” adlı dərs vəsaitləri də bu yanaşmanın nəticəsi idi. 

 -- O, həm də alim idi … 

--Çalışdığı  sahələrdə qazandığı təcrübəni ümumiləşdirərək kitab və elmi məqalələrdə əks etdirirdi. Eyni zamanda jurnalistika nəzəriyyəsi və təcrübəsi, mətbuat tarixinə aid  araşdırmalar aparır, elmi və publisitik məqalər yazır, tərcümələr edir, pedaqoji fəaliyyətlə  məşğul olurdu. Məmməd Səid Ordubadinin bir fikrini tez-tez bizə misal gətirirdi, “bir mövzunun üzərində çox dayanmayın, vaxtınızı səmərəli bölüşdürün, eyni zamanda bir neçə istiqamətdə fəaliyyət göstərməyə çalışın”. Deyirdi ki, bu, həm təcrübəni artırır, həm də insanın dünyagörüşünü genişləndirir. Özü də bu prinsipə əməl edirdi.

Hələ tələbəlik illərindən Or­dubadi yaradıcı­lı­ğına olan marağı 1970-ci ildə  filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün “M.S.Ordubadinin jur­na­listlik fəaliyyəti” mövzusunda dissertasiya, “Alovlarda bərkiyən qələm”, M.S.Ordubadiyə həsr olunan foto-albom və s. tədqiqatlarla nəticələnmişdi. Onu da deyim ki, Tofiq müəllim M.S.Ordubadinin ilk tədqiqatçılarından idi. 

-Sizcə, o dövrün jurnalistika təhsilində tərcüməçi kadrların hazırlığına önəm verilməsinin səbəbi nə idi?

- 80-ci illərdə   Azərbaycan dilində keyfiyyətli tərcümə məsələlərinə, elmi və bədii ədəbiyyatın nəşrinin artırılmasına xüsusi diqqət var idi. Elə bu səbəbdən  yeni yaradılan  kafedrada radio və televiziya jurnalistikasının tədrisi ilə yanaşı, günün tələbi olan tərcüməçi jurnalist kadrların yetişdirilməsi  də vacib məsələlərdən idi. 

Tərcümə sənətkarlığı, tərcümə nəzəriyyəsi və s. ixtisas dərslərində Tofiq müəllim tələbələrə bu sahənin  incəliklərini öyrədir, tərcümənin əsasları  ilə bağlı elmi məqalələr yazır, yeni əsərləri, jurnalistikaya aid nəzəri materialları təhlil edirdi. Çoxmə­nalı sözlərin orijinala uyğun olmayan, müasir Azərbaycan dilində düzgün səslənməyən, bəzən açıq-aşkar dili korlayan söz və ifadələrdən uzaq olmağı  tövsiyə edirdi.

Tofiq müəllim geniş erudisiyalı adam idi, bir neçə dil bilirdi. Tərcüməyə isə  hələ tələbəlik illərindən  böyük marağı olub. Onun üçün tərcümə sözləri bir dildən digərinə çevirmək deyildi. Hər cümlə, fikir və mənanın başqa  dildə düzgün və uyğun şəkildə çatdırılması yüksək dil bacarığı, mədəni bilgi  idi. Məhz buna görə də tərcümə sənətinə həm də  yaradıcılıq kimi baxırdı. O, mətni, sadəcə, başqa dilə köçürmür, müəllifin üslubunu və əsərin ruhunu özünəməxsus sənətkarlıqla canlandırmağa çalışırdı. 

Lev Ginzburqun böyük əks-səda yaradan “O dünyada görüşlər” əsərinin tərcüməsi də məhz bu yanaşmanın nəticəsi idi. Bundan əlavə, o, Azərbaycan Dövlət Akademik Milli Dram teatrında səhnələşdirilən F. Dürrenmattın “Böyük Romul” komediyası, Sumqayıt və Lənkəran Dövlət Akademik Milli Dram teatrında səhnələşdirilən  B.Caqarovun “Prokuror” pyesinin  tərcüməçisi kimi də tanınmışdı.

Onun tərcümələri arasında dekabrist Bestujev-Marlinskinin “Molla Nur” povestini  ayrıca qeyd etmək istəyirəm. Əsər 20 il ərzində ərsəyə gələn bir araşdırma idi. Atam bu əsərin üzərində çox işləyirdi, arxivlərdəki materialları dəqiqləşdirir, mühiti dərindən öyrənirdi. Əsərdəki bir çox adları Azərbaycan dilində olduğu kimi verməyə çalışırdı. Yadımdadır ki, əsərdəki üç bəndlik mahnının sözlərinin Azərbaycan dilində olan nümunəsini çox axtarırdı. Kitabda verilən həmin o mətnin əlyazmasını professor Azad Nəbiyev tapıb göndərmişdi. Dağıstanda “Pəncərəmə gün düşdü” mahnısı hələ də ifa olunur. 

Xan Samburum axmaz olar, 

Qara gözüm baxmaz olar,

Sənsiz necə ilk yaz olar, 

Canım oda tutuşdu yar, 

Pəncərəmə gün düşdü yar.

Azərbaycan reallığını əks etdirən povest insanlar tərəfindən maraqla qarşılanmışdı. Əsərin oxucular və elmi ictimaiyyəti arasında tanınmasının səbəblərindən biri də Tofiq müəllimin hər iki dili mükəmməl bilməsi idi. Mətbuatda “Molla Nur” və onun peşəkar tərcüməsi ilə bağlı geniş müzakirələr aparılmış, mütəxəssislərdən professorlar Cahangir Məmmədli, Zinət Əlizadə, Aqil Hacıyev və başqaları tərcümənin üslubu, orijinala yaxın söz və ifadə seçimi, eləcə də Azərbaycan reallığının ustalıqla əks etdirilməsi və təqdimatı barədə dəyərli fikirlər söyləmişlər.

- Jurnalist, redaktor, tərcüməçi, alim və pedaqoq  Tofiq Rüstəmov özünü hansı sahədə  daha dolğun ifadə edirdi?

-Onun fəaliyyətini  bir sahə ilə məhdudlaşdırmaq çətindir. Fikrimcə, atam ən çox müəllim, pedaqoq idi. Sadəcə, bilik vermək deyil, düşüncə formalaşdırmaq və həqiqəti gələcək nəsilə ötürmək amalı ilə yaşayırdı. İllərlə eyni fənləri tədris etməsinə baxmayaraq, hər dərsə xüsusi hazırlaşır, mövzuya aid qeydlər aparır, yeni nümunələr seçirdi.  

Atamın pedaqoji yanaşması bizə  örnəkdir. Tələbə-müəllim münasibətində onun üçün vacib olan tələbəyə hörmət idi. Tələbələri hər zaman düşünməyə, yeni ideyalar tapmağa  sövq edir, onları   dinləməyi bacarır, fikirlərinə  sayğı ilə yanaşırdı. Gənc jurnalistlərə isə arzusu, gəncliyin qədrini bilmək, qələmin hörmətini uca tutmaq və peşə şərəfini daim qorumaq idi. Dürüstlük, məsuliyyət, sözə hörmət - bunlar hər dövrdə аktualdır. Bu gün tələbələrin məhz bu dəyərlərə daha çox ehtiyacı var. Çalışıram ki, auditoriyada bu mühiti qoruyum.

-Bir müsahibəsində ona ünvanlanan ”Jurnalist nəyi bilməlidir?” sualına Tofiq müəllim qısa  cavab vermişdi: “Jurnalist nəyi bilməməlidir?”…

 -Onun fikrincə əsl jurnalist geniş dünyagörüşlü, yüksək mədəniyyətli, araşdırma, təhlil bacarığı olan şəxs idi. Davranış, ünsiyyət və nitq mədəniyyətini xüsusi vurgulayırdı. Özü də  bu prinsiplərə bağlı, şəxsiyyəti ilə bu dəyərlərin canlı nümunəsi idi. Bəlkə elə ona görədir ki,  illər keçsə də Tofiq müəllim unudulmur, hər zaman hörmət və sevgi ilə xatırlanır. 

 Mehparə Əliyeva,

 XQ



Sosial həyat