Quba məzarlığının ən işıqlı məkanında uyuyan müəllimimizin əziz xatirəsinə
...Auditoriyaya daxil olub bizimlə salamlaşanda çöhrəsindəki təbəssüm ürək oxşayardı. Onun doğma və isti baxışları göz yaddaşımıza əbədi həkk olunub.
Ziyalı insan, işıqlı insan. Bir də var dəyər yaradan insan. Bizə görə, dəyər yaradanın fərqi və üstünlüyü sənət yollarını yetirmələrinin davam etdirməsidir. Adı kimi əməli-saleh ziyalı siması yüzlərlə yetirməsinin, jurnalistin, deməli, söz adamının hafizəsində yaşayan Ustadımız Tofiq Rüstəmovdan bəhs edirik. Yəqin müəllimimizin 90 illiyi ilə bağlı oxşar hissləri 40-45 il bundan əvvəl jurnalistika fakültəsinin tələbələri olmaları ilə qürurlanan həmkarlarımız da keçirir.
...Rəqəmlərin paradı diqqətimizi çəkir: müəllimimizin 90 illik yubileyi universitetin jurnalistika fakültəsinə qəbul olunmağımızın 40 illiyi ilə üst-üstə düşür. Təsadüf sayılmaz. Axı “Son iyirmi ildə fakültəmizdə 1020-ci qrup qədər istedadlı qrup olmayıb” sözlərini müəllimimiz və dekanımız Tofiq Rüstəmov 1-ci kursun 1-ci semestri başa çatanda söyləmişdi. Ustadımız bizimlə fəxr edirdi və düşünürük ki, çöhrəsindəki təbəssümün bir səbəbi də bu idi...
Azərbaycan mətbuatının tanınmış simalarından biri – tərcüməçi, jurnalist, professor, əsl ziyalı Tofiq Rüstəmov sözə məsuliyyətlə yanaşan, publisistikanı düşüncə və mövqeyin platforması kimi dəyərləndirən peşəkar idi. Hərtərəfli zəngin yaradıcılığı ilə milli mətbuat tariximizdə özünəməxsus iz qoyan Tofiq Rüstəmov bu incə, yaradıcı peşənin nəzəriyyəsi ilə təcrübəsini şəxsi nümunəsində ən yüksək səviyyədə bir araya gətirib. 1979-1988-ci illərdə BDU-nun jurnalistika fakültəsinin dekanı vəzifəsində çalışan professor Tofiq Rüstəmov uzun illər ədəbi redaktənin nəzəriyyəsi və təcrübəsi sahəsində araşdırmalar aparıb və “Ədəbi redaktənin əsasları” (Bakı, 1975), “Ədəbi redaktə nəzəriyyəsi və təcrübəsi” (Bakı, 1981) dərs vəsaitlərini hazırlayıb. Jurnalistika fakültəsində tərcümə nəzəriyyəsi və praktikası üzrə kursun yaradıcısı, ilk dəfə “Azərbaycanda tərcümə sənəti ənənələri” kursu daxil edilən “Tərcümə nəzəriyyəsi və praktikası” proqramının müəllifi olub.
...Mübaliğəsiz deyə bilərik ki, Tofiq Rüstəmovun milli jurnalistikanın inkişafında əvəzsiz xidmətləri olub. Şəxsi taleyinə gəldikdə isə... İctimai-siyasi təlatümlərlə müşayiət olunan keçən əsrin 90-cı illərində üzləşdiyi ədalətsizlik, öz “şinelindən” çıxmış bəzi mənsəbpərəstlərin haqsızlığı onsuz da kövrək ürəyinin ağrısını bir az da artırmışdı. Tofiq müəllimin gərgin işə və ədalətsizliyə dözməyən ürəyi 1998-ci ilin Ümumxalq Hüzn Günü – Qara Yanvarda döyünməkdən dayandı.
...Quba məzarlığının ən işıqlı guşəsindəki qara mərmərdən üzümüzə həmin təbəssümlü qayğıkeş baxışlar zillənmişdi. Bu unudulmaz məhrəm baxışların qarşısında özümüzü 40 il əvvəlki kimi auditoriyada hiss edirdik. O vaxt olduğu kimi, yenə də üz-üzə, göz-gözə dayanmışdıq.
Tofiq Rüstəmov biz tələbələri üçün hər vaxt dəyər olan böyük sənətkardır. Rahat uyu, Ustad.
İmran BƏDİRXANLI
XQ

