Bu gün Azərbaycan Bayrağı Zəngəzur dağlarında dalğalanır

post-img

Ermənistanın siyasi rəhbərliyinin gözü önündə belə bir rəzil hadisə baş verir və buna heç bir reaksiya verilmir. Deməli, Ermənis­tan hakimiyyəti, hökuməti, dövləti bu çirkin əməlin müəllifidir. Amma onlar unutmama­lıdırlar ki, bu gün Azərbaycan Bayrağı hara­da dalğalanır. Bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır. Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Kəlbə­cərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və neçə-neçə kənddə, yüzlərlə kənddə Azərbaycan Bayrağı dalğalanır.

Azərbaycan Prezidenti İlham Əliyevin AzTV-yə müsahibəsindən 

Salyan şəhəri, 18 aprel 2023-cü il

 

Son zamanlar ölkəmizdə və regionda baş verən hadisələr, ictimai-siyasi proseslər sübut edir ki, Prezident İlham Əliyev nəinki “nəyi, nə zaman, necə etməyi”, hətta, “nəyi, nə zaman, necə deməyi” də yaxşı bilir. Dövlət başçımızın Salyanda Azərbaycan Televiziyasına verdiyi müsahibəni də bu arqumentimizin təsdiqi kimi qəbul edə bilərik. 

Əslində, həmin müsahibədə ayrıca yazı hazırlamaq üçün ondan çox möv­zu var. İqtisadi uğurlar, sosial layihələr, ordu quruculuğu, işğaldan azad edilmiş ərazilərin bərpası, beynəlxalq aləmlə əməkdaşlığımız, Ermənistanın sülh danışıqlarından yayınması və bu kimi digər məsələlərin hər biri ayrıca şərh olunası mövzulardır. Ancaq mən hə­min müsahibədəki bayraq məsələsinə toxunmaq istəyirəm. Çünki son zaman­lar haylar elə səviyyədə həyasızlaşıb­lar ki, hətta bizim dövlət bayrağımıza əl qaldırmaq kimi şərəfsizliyə də əl at­dılar. 

Dövlət başçımız xatırlatdı ki, biz 2020-ci ilin payızında düşmənin başını əzərək möhtəşəm Qələbə əldə etmişik. Ancaq Ermənistanda revanşist qüv­vələr yenə baş qaldırır, biz istənilən və­ziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nü­munəvi olsun və ən güclü ordulardan biri olsun: “Bu gün də Azərbaycan Or­dusu güclüdür. Biz gücümüzü döyüş meydanında göstərmişik. Biz döyüş meydanında həm Azərbaycan xalqı­nın gücünü, iradəsini, əyilməz ruhunu göstərdik, eyni zamanda, hərbçiləri­mizin peşəkarlığını göstərdik, öz hərbi potensialımızı göstərdik”.

Ancaq işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz rəsmi Bakı təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və biz məlum beş prinsipi ortaya qoymuşuq. Bunlar beynəlxalq hüququn norma və tələblərinin təməl prinsipləridir. Dövlət başçımız bəyan etmişdi ki, məhz bu prinsiplər əsasında ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və sair üzrə danışıqlar mümkündür və sülh müqa­viləsi imzalana bilər.

Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ər­zində Ermənistan, onun havadarları və eyni zamanda, ona dəstək verən ölkələr və qüvvələr bizim iradəmizi, qə­tiyyətimizi, gücümüzü əyani şəkildə gö­rüblər. Azərbaycan dəfələrlə göstərib ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimiz­də kimsə at oynatsın.

Təəssüf ki, haylar bu həqiqətləri anlaya bilmirlər və ya kimsə onları “an­lamağa” qoymur. Əgər elə olmasaydı, ilin-günün bu vaxtında – bütün ölkələ­rin və beynəlxalq təşkilatların Ermə­nistana yardım göstərməkdən imtina etdiyi, diaspor təşkilatlarının geriyə çə­kildiyi bir zamanada – nümayişkaranə şəkildə Azərbaycan Bayrağına qarşı hörmətsizlik etməzdilər. Dövlət başçı­mızın fikrincə, bu, erməni hökumətinin növbəti çirkin əməlidir: “Bu, təsadüfən baş vermiş, hansısa bir fərdin əmə­li deyil. Bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir. Bunu deməyə əsas verən bir çox səbəblər var. Birin­cisi, bu hadisəni törədən insanabənzər məxluq Ermənistan hakim dairələrinin yüksəksəviyyəli şəxsləri ilə birbaşa tə­masdadır. İkincisi, bu məxluqa heç bir cəza verilmədi, əksinə, Ermənistanda onu qəhrəmanlaşdırırlar”. 

Ancaq ermənilər unudurlar ki, bu gün Azərbaycan Bayrağı haralarda dal­ğalanır. Bu hadisə bizi sarsıda bilməz, bizim iradəmizə heç bir təsir edə bil­məz. Dövlət başçımız xəbərdarlıq edir ki, onlar yaxşı fikirləşsinlər.

Yeri gəlmişkən, mən bu sətirlərin müəllifi ermənilərin törətdikləri rəzalə­tin ertəsi günü İrəvanda Türkiyə bayra­ğının qaldırılmasını və qardaş ölkənin Dövlət Himninin səsləndirilməsini təmin edən Anadolunun qız yavrularına gön­dərdiyim “Facebook” təbrikimi də yada salmaq istəyirəm. Yazmışdım: “İrəvan­da bir bayrağımızı it dişlədi, qaldıra bil­mədik, o biri bayrağımızı sən ucaltdın, Cansu! Xoşbəxt olasan, qızım, bacım, ƏZİZİM! Anadolu türklərinin Qız Qar­daşım ifadəsi necə də yerinə düşdü”.

Bəli, Salyanda dövlət başçımıza hə­min qız qardaşımızın hünəri barədə də sual verildi (Xatırladım ki, Cansu Bek­taşi İrəvanda artıq üç qızıl medal qa­zanmış və Türkiyə bayrağının üç dəfə qaldırılmasına nail olmuşdur). Fikrimcə, dövlət başçımızın bu məsələyə müna­sibəti bütün azərbaycanlıların, türklərin və ümumilikdə, Türk dünyasının son­suz alqışına, təqdirinə səbəb oldu. Cə­nab Prezident xatırlatdı ki, Mehriban xanım və mən əziz qızlarımız Cansu və Qəmzəni təbrik etdik: Nə qədər gözəl bir hərəkətdir. Ona görə onlar bütün Azər­baycan xalqının sevgisini qazandılar”. 

Bu məqamda onu da əlavə edək ki, dövlət başçımız Azərbaycan xalqını sevindirəcək bir hadisənin anonsunu da verdi: “Bu gün mən Neftçala Olim­piya Kompleksinin açılışında olarkən Gənclər və İdman nazirinə tapşırdım ki, bizim qızlarımızı mənim adımdan Azər­baycana dəvət etsin və onlar bizim qo­nağımız olsunlar... Bir yaramaz bizim bayrağımızı yandırır, ertəsi gün qardaş Türkiyə dövlətinin şanlı bayrağı o düş­mənlərin başının üzərində ucaldılır və onlar Türkiyənin Dövlət Himninə ayaq üstə qulaq asmağa məcbur olurlar”.

Fikrimcə, cənab Prezidentin müsa­hibəsindəki iki arqumenti bu sətirlərin sonunda da təkrar etməyə lüzum var: “Bir gün gözlərini açıb Azərbaycan Bay­rağını öz başları üzərində görə bilərlər” və “Bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimiz­də kimsə at oynatsın”.

Yəni, Qarabağ da, Zəngəzur da Azərbaycandır! 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət