Masil Dəmirov: Azərbaycan–Belarus razılaşmaları əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm göstəricidir

post-img

Azərbaycana dövlət səfərinə gəlmiş Belarusun dövlət başçısı Aleksandr Lukaşenkonun Azərbaycan Prezidenti İlham Əliyevin şəxsən qarşılaması iki ölkə arasında ikitərəfli münasibətlərin əhəmiyyətinin göstəricisidir. Prezidentlərin təkbətək, eləcə də geniş tərkibdə görüşü son illər müxtəlif sahələrdə inkişaf etdirilən əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində mühüm addım hesab etmək olar. Buna nümunə olaraq, Belarus liderinin səfəri çərçivəsində iki ölkə arasında imzalanmış müxtəlif istiqamətli sənədləri göstərmək yerinə düşər.

Bu fikirləri Belarus Prezidentinin Azərbaycana səfəri fonunda Azərbaycan–Belarus münasibətlərini şərh edən beynəlxalq münasibətlər üzrə analitik Masil Dəmirov “XQ”-yə özəl açıqlamasında dedi. 

Analitik bildirdi ki, “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol” iki ölkə arasında ticarət əməliyyatlarının asanlaşdırılmasında istiqamətində mühüm addım hesab edilə bilər: “Elektron sertifikatlaşdırma sistemlərindən istifadə sənədlərin işlənməsi prosesini sürətləndirməyə və ticarət dövriyyəsinin artmasına kömək edən bürokratik maneələri azaltmağa imkan verir”.

M.Dəmirovun fikrincə, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”u və “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol” bitkilərin və heyvanların hər iki ölkənin kənd təsərrüfatı sahəsinə birbaşa təsir göstərən xəstəliklərdən və zərərvericilərdən qorunması tədbirlərinin təkmilləşdirilməsinə yönəlib: “Bundan əlavə, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə Tədbirlər Planı” turizm sənayesinin inkişafı ikitərəfli əməkdaşlığın mühüm aspektidir. İmzalanan tədbirlər planı Azərbaycan və Belarus arasında mədəni mübadilə və iqtisadi artıma töhfə verəcək turist axınının artırılmasına şərait yaratmaq məqsədi daşıyır. Həmçinin “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Belarus Respublikasının Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”u sahibkarlıq fəaliyyəti və istehlakçıların hüquqlarının müdafiəsi üçün şəraiti yaxşılaşdıracaq iqtisadi və hüquqi normaların uyğunlaşdırılması üçün əsasdır”.

Müsahibim qeyd etdi ki, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin “İnvestisiya və Özəlləşdirmə Milli Agentliyi” Dövlət Müəssisəsi arasında Anlaşma Memorandumu” kiçik və orta biznesin dəstəklənməsi sahəsində əməkdaşlıq strateji əhəmiyyət kəsb edir, çünki bu sektor iqtisadi artımın və innovasiyaların əsas hərəkətverici qüvvəsidir. Onun fikrincə, “Bakı şəhəri (Azərbaycan Respublikası) ilə Minsk şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Memorandum”,  “Gəncə şəhəri (Azərbaycan Respublikası) ilə Qomel şəhəri (Belarus Respublikası) arasında və  “Qəbələ şəhəri (Azərbaycan Respublikası) ilə Qrodno şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu” şəhərlər arasında qardaşlaşmış şəhər əlaqələrinin yaradılması regional əməkdaşlığın inkişafına, təcrübə mübadiləsinə və mədəni əlaqələrin inkişafına töhfə verir.

Ekspert vurğuladı ki, adıçəkilən sənədlərin imzalanması Azərbaycan və Belarusun yüksək səviyyədə ikitərəfli əlaqələri gücləndirmək üçün strateji istəyini əks etdirir. Ölkələr arasında qarşılıqlı əlaqə təkcə iqtisadi sahədə deyil, turizm, kənd təsərrüfatı, istehlakçıların hüquqlarının müdafiəsi, regional əməkdaşlıq kimi sahələrdə də inkişaf edir. Belarus və Azərbaycan tarixən dostluq münasibətlərindən tutmuş beynəlxalq siyasət və iqtisadiyyatda ümumi maraqlara qədər bir çox təmas nöqtələrinə malikdir. Hər iki dövlət qarşılıqlı faydalı əməkdaşlığa zəmin yaradan infrastrukturun, sənayenin və kənd təsərrüfatının inkişafına böyük əhəmiyyət verir.

M.Dəmirov fikirlərinin yekununda xatırlatdı ki, Aleksandr Lukaşenkonun Azərbaycana səfəri və səfər çərçivəsində əldə olunan razılaşmalar iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu nümayiş etdirir. İmzalanan sənədlər hər iki tərəfin müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirmək və genişləndirmək niyyətindən xəbər verir: “Bu səfər mövcud əlaqələri möhkəmləndirməklə yanaşı, həm də hər iki dövlətin sabit inkişafına və çiçəklənməsinə töhfə verəcək qarşılıqlı fəaliyyət üçün yeni perspektivlər açmışdır”.

Rizvan FİKRƏTOĞLU
XQ



Siyasət