“Müsyö”nün əyri hay güzgüsü

post-img

İrəvan reallıqla barışıb, Parisdəkilər isə yerlərində dinc oturmurlar

Dağlıq Qarabağ adlı münaqişə yoxdur. Azərbaycanın Qarabağ iqtisadi rayonu var. İki il iki ay bundan əvvəl bu bölgədə yaşayan erməniləri heç kim qovmayıb, öz istəkləri ilə Azərbaycandan Ermənistana köçüblər. Bu prosesi BMT-nin iki faktaraşdırıcı missiyası kimi, bütün dünyanın izləmək şansı oldu.

Söhbət Fransa hökumətindən deyil, orada yerli ermənilərlə birgə fəaliyyət göstərən ictimai təşkilatlardan – QHT-lərdən gedir. Bu günlərdə 40 fransız-erməni ictimai təşkilatı bir yerə toplanıb, Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarının 2-ci ildönümü münasibətilə “artsax xalqının geri qaytarılması və digər fundamental hüquqlarını” dəstəkləyən bəyanat yayıb. Keçmişin pul havası burunlarından getməyən bu təşkilatlar iddia edirlər ki, 2023-cü il noyabrın 17-də Beynəlxalq Ədalət Məhkəməsi “məcburi köçkün “artsax” ermənilərinin Azərbaycana təhlükəsiz və maneəsiz qayıtmasını təmin etməyi tapşırıb”. İndi 40-a yaxın “müsyö-hay” çetesi bəyanat adlandırdıqları kağız parçasında qeyd ediblər ki, guya, iki il bundan əvvəl “cinayətkar blokada və hərbi hücum nəticəsində öz torpaqlarından qovulan 120 min artsax ermənisi bu gün evlərindən və mülklərindən məhrum edilmiş şəkildə yaşamaqda davam edir”. Aşkar yalan və saxtakarlıq üzərində hazırlanan müraciətdə, hətta “Qarabağda beynəlxalq strukturların sükutu fonunda onların (ermənilərin–red.) kilsələri murdarlanır, qəbiristanlıqları dağıdılır, bu torpaqda 2 minillik mövcudluğun izləri davamlı olaraq silinir” kimi hədyanlar da yer alıb. Hələ bu harasıdır? Fransız-erməni “qeheteşnikləri” bəyan edirlər ki, “bu etnik təmizləmə siyasəti bütöv bir xalqın tarixi yaddaşını inkar etmək məqsədi daşıyır”. Müdriklərimiz “Adımı sənə qoyaram, səni də yana-yana” kəlamını məhz belə məqamlar üçün deyiblər. Gözə girən reallığı baş-ayaq təqdim edən daşnak-revanşistlərin şər-böhtana əl atmaqdan savayı “mübarizə üsulu” qalmayıb. Bu zaman hayların duvağını tutduğu müsyönün güzgüsü, əlbəttə ki, hər şeyi əyri göstərəcək.

Hay-fransız ictimai təşkilatların “fəallarının” bəyanatında ermənilərin Qarabağa qayıdışı və onlara təzminatın ödənməsi kimi cəfəng şərt-tələb də irəli sürülür. Məşhur atalar sözümüzü bir daha xatırlatmağımıza ehtiyac var. 30 il ərzində Qarabağ və ətraf yeddi rayonumuzda yaşayan vətəndaşlarımızı olmazın əzab və məhrumiyyətlərə məruz qoyan, torpaqlarımızın üstünü və altını vəhşicəsinə istismar edən ermənilərə qarşı təzminat davasından sülhün xatirinə vaz keçən Azərbaycan indi durub halal torpağında suverenliyini bərpa etdiyinə görə dığalara təzminat ödəməlidir? Bəyanatda yer almış bu iddianın müəlliflərinin elementar məntiq və siyasi şüurdan məhrum olmalarına yalnız heyrətlənmək mümkündür. İşğala məruz qalan Azərbaycan hər şeyə rəğmən işğalçı Ermənistanla sülh prosesini inkişaf etdirməkdə qərarlıdır, baş nazir Paşinyan ermənilərin Qarabağa qayıdışını mümkün hesab etmir, bunu hətta təhlükəli sayır, üstəgəl, onların əksəriyyəti Ermənistan vətəndaşlığını qəbul edib, Fransadakı bir ovuc müsyö-hay gerizəkalısı isə Bakıdan təzminat ummaq xəyalına düşüb.

Bəli, Fransada erməni diaspor və lobbisinin güclü olduğunu bilirik. Bu mənada onların birgə bəyanat yayması da təəccüb doğurmamalıdır. Bununla onlar Azərbaycanı təcavüzkar kimi qələmə vermək istəyirlər. Adları naməlum olan bu təşkilatlar avropalılarda belə bir təəssürat yaratmağa çalışırlar ki, ermənilər Qarabağı könüllü tərk etməyiblər, oradan qovulublar. Biz qalıb yaşamaları üçün bütün şərtləri yaratdığımız erməniləri burada məcbur saxlaya bilməzdik. Onu da deyək ki, köçüb gedənə qədər onların əksəriyyəti ciblərində Ermənistan və Rusiyanın pasportunu gəzdirirdilər. Ən azı, buna görə bu məsələdə saxtakarlığa yol vermək mümkün deyil. Yəni Qarabağda yaşayan ermənilərin böyük əksəriyyəti xarici ölkələrin vətəndaşları olublar.

Biz ermənilərdən fərqli olaraq, heç vaxt dinc əhaliyə əl qaldırmadıq. Bu gün Fransada hay-küy qaldıran o “təşkilatlar” qoy Xocalı, Başlıbel, Bağanis–Ayrım soyqırımlarından danışsınlar. Bu gün Azərbaycan və Ermənistan yekun sülh müqaviləsini imzalamağa həmişəkindən daha yaxındır. Bu cür avantürist bəyanatlar isə sülh prosesinə kölgə salmaq, ona arxadan zərbə vurmaq kimi məkrli niyyətlərdən xəbər verir. Aydın məsələdir ki, Fransadakı anti-Azərbaycan “çete”nin cavabı verilməlidir. Oradan Azərbaycanı həyasızcasına ittiham edənlərin nəzərinə çatdırırıq ki, Qarabağa ermənilərin haradan və nə vaxt köçürüldüyü hamıya bəllidir. Bilməyənlər Rusiyanın İrandakı səfiri Qriboyedovun məktublarını oxusunlar. Orada tarixi faktlar, hər şey olduğu kimi təsvir edilib. Yəni iki əsr boyu hüququ pozulan Azərbaycan və azərbaycanlılar olub. O ki qaldı daşnak müsyö-hay beyninin məhsulu olan hansısa bəyanat və ya müraciətə, bu da əvvəlkilər tək kağız parçası kimi zibil qutusuna tullanacaq.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

Ürəkləri istədiyi qədər hay-küy salsınlar, bəyanat qəbul etsinlər, amma bunların heç bir faydası olmayacaq. Onların dediklərinə, yaydıqları müraciətlərinə əhəmiyyət verən də yoxdur. Əgər bu cür təxribatçı təşəbbüslərin arxasında dövlət dayanmırsa, həmin təşkilatların nəyəsə nail olması qeyri-mümkündür. Burada söhbət ya Fransa hökumətindən, ya da Ermənistan hökumətindən gedir. Artıq bu hökumətlərin hər ikisi yaxşı anlayırlar ki, bu cür özfəaliyyətin heç bir perspektivi yoxdur. Onu da yaxşı bilirlər ki, belə hərəkətlər Azərbaycan tərəfindən tutarlı adekvat reaksiyanın veriləcəyi qaçılmazdır. Bu cür avantürist çıxışların dəstəklənməsi Ermənistanın özünə baha başa gələ bilər.

Fransada bu cür ermənipərəst təşkilatların vaxtilə iki real “çörək ağacı” vardı. Onlardan biri Türkiyəyə qarşı həmin qondarma “erməni soyqırımı”, digəri isə separatçıların qurduğu qeyri-qanuni, heç kimin tanımadığı “dqr” məsələsi idi. Bu məsələlərin ikisi də qapandı və deməli, o təşkilatların “çörək ağacı” da qurudu. Yəni bu yağlı tikə əllərindən çıxandan sonra həmin təşkilatlar işsiz qalıblar. Axı onlar iki il əvvələ qədər lobbiçiliyini etdikləri xaricdəki erməni diaspor qurumlarından, icmalarından “xidmətlərinə” görə yaxşı pul alırdılar.

Fransadakı ermənipərəst ictimai təşkilatların hərəkətlərini nəzarətdə saxlamaq lazımdır, amma onların fəaliyyətlərinin hansısa nəticəsinin olacağını düşünmək əbəsdir. Nəticə sıfıra bərabər olacaq.

Tofiq ABBASOV,
siyasi icmalçı

Adları dəbdəbəli səslənsə də, sayları çox göstərilsə də Fransadakı ermənipərəst qurumlar üç-beş nəfərin toplaşdığı ictimai təşkilatlardır. Doğrudur, bu qurumlar müəyyən hüququ prosedurdan keçiblər, amma bu, heç də o demək deyil ki, onların qəbul etdikləri qərar, yaxud qətnamələr hansısa siyasi yükə, təsir imkanlarına malikdir. Onların məqsədi Qafqaz bölgəsində gərginlik atmosferini daim yüksək səviyyədə saxlamaq, Ermənistanın normal, sabit həyat sürməməsidir. İstəkləri budur ki, İrəvan həmişə təhlükə mənbəyi olaraq qalsın, Türkiyə və Azərbaycanla daim qarşıdurma vəziyyətində yaşasın. Əlbəttə ki, bu, qeyri-sağlam təfəkkürün məhsuludur. Düşünürəm ki, normal erməni bu təfəkkürü qəbul etmir.

O ki qaldı Qarabağ ermənilərinin bölgədən çıxmasına, köçməsinə, onları buradan heç kəs qovmayıb. Bunu bizim kimi, bütün dünya bilir. Amma bəzi qüvvələr bunu dünyaya Azərbaycanın etnik təmizləməsi kimi təqdim etməyə çalışırlar. Əslində, məqsədləri bu təbliğatla ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində 300 minə yaxın azərbaycanlının Ermənistandakı ata-baba torpaqlarından qovulması, etnik təmizləməyə məruz qalması faktını ört-basdır etməkdir. Alınan iş deyil. Çünki əlimizdə təkzibolunmaz sübutlar var. İki il əvvəl ermənilər Qarabağı tərk edəndə BMT-nin iki missiyası monitorinq apardı, köçənlərlə təmasları oldu, sorğular keçirdilər. Hamısı bir ağızdan dedi ki, separatçı Şahramanyan rejimi özünü buraxıb və bizdən Ermənistana köçməyimizi tələb edirlər. Məramları bəlli idi: Azərbaycanı erməniləri etnik təmizləməyə məruz qoymaqda ittiham etmək. Bu da alınmadı, ona görə ki, köçənlərdən birinin də burnu qanamadı, malına-mülkünə toxunulmadı, evləri isə indi də salamat durur. Bakı dəfələrlə bildirib ki, qayıtmaq istəyənlər buyursunlar prosedur qaydalarından keçsinlər. Qarabağda doğulub böyüyən erməninin qayıdışı üçün heç bir problem yoxdur. Az sayda olsa da, Azərbaycan vətəndaşlığını qəbul edib, bugünədək Xankəndidə yaşayan ermənilər var. Yəni burada spekulyasiya və ya manipulyasiya üçün heç bir əsas yoxdur.

İmran BƏDİRXANLI
XQ





Siyasət