ABŞ–Azərbaycan tərəfdaşlığı yeni intellektual mərhələyə qədəm qoyur
Müasir qlobal nizamda əsl qüdrət strateji narrativ formalaşdırmaq, hadisələrin intellektual təfsirini vermək, qlobal analitik mərkəzlərin dilində danışmaq və milli maraqları beynəlxalq ideyalar müstəvisində müdafiə etmək bacarığında təzahür edir. Hadisələri bütün dünyaya anlada bilmək müasir diplomatiyanın ali sənətidir. Məhz bu proseslər fonunda son dövrlər Azərbaycan ilə ABŞ arasında intellektual dialoqun, xüsusən beyin mərkəzləri səviyyəsində əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ikitərəfli münasibətlərin ənənəvi çərçivələri aşan strateji dərinliyə çatdığının göstəricisidir.
Bakıda ABŞ-ın aparıcı təhlil mərkəzlərinin iştirakı ilə baş tutan yüksək səviyyəli müzakirələr və əqli mülkiyyət kimi mühüm sahədə əməkdaşlığın genişləndirilməsi tərəfdaşlığın neft-qaz və hərbi-logistik əməkdaşlıq kimi klassik sütunlarından daha mürəkkəb, daha dayanıqlı və gələcəyə hesablanmış intellektual müstəviyə keçidini simvolizə edir. Cənubi Qafqazda hərbi-siyasi iradəsi ilə yeni reallıqlar yaradan ölkəmiz indi həmin reallıqların analitik və konseptual memarlığını həyata keçirir.
Bu intellektual yaxınlaşmanın tarixi əhəmiyyətini dərk etmək üçün son otuz ildəki informasiya-analitik mühitə nəzər salmaq kifayətdir. İşğal dövründə Azərbaycan Qərbdəki, xüsusən ABŞ-dakı bir çox beyin mərkəzlərinin fəaliyyətində əksər hallarda passiv təhlil obyekti kimi mövcud idi. Erməni diasporunun maliyyə və siyasi təsiri altında olan bəzi analitik dairələr Qarabağ münaqişəsi ilə bağlı reallıqları sistematik şəkildə təhrif edir, Azərbaycanın haqlı mövqeyini kölgədə qoyur və Ağ Evin siyasi isteblişmenti üçün yalan məlumatlara söykənən təhlillər hazırlayırdılar. Rəsmi Bakının informasiya müharibəsində müdafiə mövqeyində durması milli maraqları Vaşinqtonun qərar qəbuletmə mərkəzlərinə birbaşa və təhrif olunmamış şəkildə çatdırmaqda ciddi çətinliklər yaradırdı. 2020-ci il Vətən müharibəsi və ardınca bütün ərazilər üzərində suverenliyin tam bərpası həm də informasiya-analitik məkanda dönüş oldu. Məhz bu şəraitdə Vaşinqtonda Cənubi Qafqazı anlamaq üçün yeni, etibarlı və birbaşa mənbələrə ehtiyac kəskin şəkildə artdı.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi kimi yeni nəsil Azərbaycan beyin mərkəzlərinin yaradılması və fəallaşması tarixi zərurətə cavab idi. ABŞ-ın aparıcı təhlil mərkəzləri ilə Bakıda qurulan birbaşa dialoq artıq münasibətlərin birtərəfli axın formatından çıxdığını, Azərbaycanın ABŞ-ın analitik elitası ilə bərabərhüquqlu tərəfdaş kimi danışıqlar apardığını və regionla bağlı narrativi müəyyən etməkdə təşəbbüsü ələ aldığını göstərən dönüş nöqtəsidir.
***
Tərəfdaşlığın strateji dərinliyini anlamaq xüsusi əhəmiyyət kəsb edir. İlk baxışda texniki görünən “əqli mülkiyyət sahəsində əməkdaşlıq” məsələsi, əslində, münasibətlərin gələcək inkişaf vektorunu müəyyən edən mövzudur. Əqli mülkiyyət hüquqlarının qorunması müasir, innovasiyalara əsaslanan və rəqabətədavamlı iqtisadiyyatın təməl daşıdır. ABŞ üçün yerli şirkətlərin intellektual mülkiyyətinin xarici ölkələrdə qorunması milli təhlükəsizlik və iqtisadi rifah məsələsidir. Hər hansı ölkə ilə dərin iqtisadi tərəfdaşlığa getməzdən əvvəl Vaşinqtonun diqqət yetirdiyi əsas şərtlərdən biri həmin ölkədə əqli mülkiyyət hüquqlarının hansı səviyyədə qorunmasıdır. Azərbaycanın bu mövzunu ABŞ-ın beyin mərkəzləri ilə müzakirəyə çıxarması bir neçə strateji mesaj verir. Birincisi, Azərbaycan bəyan edir ki, iqtisadiyyatını neft və qaz asılılığından xilas edərək yüksək texnologiyalara, innovasiyalara və bilik iqtisadiyyatına əsaslanan yeni inkişaf modelinə keçməkdə qərarlıdır. Belə model güclü əqli mülkiyyətin müdafiəsi olmadan mümkün deyil. İkincisi, Bakı ABŞ və Qərb şirkətlərinə aydın siqnal göndərir ki, Azərbaycan onların investisiyaları, xüsusən texnologiya sahəsindəki yatırımları üçün təhlükəsiz və proqnozlaşdırılabilən mühit yaratmağa hazırdır. Bu proses gələcəkdə qeyri-neft sektoruna, o cümlədən İKT, “yaşıl enerji” texnologiyaları və müdafiə sənayesi kimi sahələrə ABŞ investisiyalarının cəlb edilməsi üçün zəmin yaradır. Üçüncüsü, Azərbaycanın qlobal iqtisadiyyatın qaydalarına uyğunlaşdığını və Ümumdünya Ticarət Təşkilatına üzvlük kimi proseslərdə daha fəal mövqe nümayiş etdirməyə hazır olduğunu göstərir.
Təbii ki, analitik mərkəzlər arasındakı dialoq təkcə əqli mülkiyyət mövzusu ilə məhdudlaşmır. İkitərəfli münasibətlərin bütün spektrini və regional geosiyasətin ən aktual məsələlərini əhatə edir. Azərbaycanın Zəfərindən sonra regionda yaranmış yeni hərbi-siyasi reallıq köhnə təhlükəsizlik paradiqmalarını tamamilə yararsız hala salıb. Rusiya sülhməramlılarının bölgədən çıxması, Ermənistanla sərhədlərin delimitasiyası prosesinin başlaması və sülh müqaviləsi üzrə danışıqlar regionda yeni təhlükəsizlik nizamının formalaşdığını göstərir. ABŞ-ın siyasi dairələri üçün yeni nizamın memarlığını, potensial risklərini və imkanlarını anlamaq həyati əhəmiyyət kəsb edir. Qurulan birbaşa dialoq platforması Azərbaycanın hadisələrə baxışını, qırmızı xətlərini və regional təhlükəsizliklə bağlı gələcək vizyonunu amerikalı analitiklərə çatdırmaq üçün ideal vasitədir. Qlobal geosiyasi rəqabətin kəskinləşdiyi şəraitdə Vaşinqton üçün Avrasiyada alternativ, etibarlı və rəqiblərin nəzarətindən kənar nəqliyyat marşrutlarının inkişaf etdirilməsi strateji prioritetə çevrilib. Mərkəzində Azərbaycanın dayandığı Orta Dəhliz məhz həmin strateji ehtiyaca cavab verir. İntellektual müzakirələr dəhlizin potensialını, üzləşdiyi çağırışları (infrastruktur, tarif siyasəti, təhlükəsizlik) və onun tam gücü ilə işləməsində Azərbaycan və ABŞ-ın birgə görə biləcəyi işləri müəyyənləşdirmək üçün əlverişli imkandır. ABŞ-ın analitik mərkəzləri və maliyyə institutlarının bu prosesə cəlb edilməsi dəhlizin inkişafı üçün zəruri olan beynəlxalq investisiyaların və siyasi dəstəyin təmin olunmasını sürətləndirə bilər. ABŞ–Azərbaycan tərəfdaşlığının əsas sütunu olan enerji əməkdaşlığı yeni dövrdə yeni məzmun qazanır. Avropanın Rusiya enerjisindən asılılığını azaltmaq cəhdləri fonunda Azərbaycanın qaz ixracının əhəmiyyəti daha da artır. Eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə və Xəzər dənizində böyük “yaşıl enerji” potensialını reallaşdırmaq istiqamətində atdığı addımlar ABŞ üçün yeni əməkdaşlıq üfüqləri açır. İntellektual əməkdaşlıq “yaşıl enerji” texnologiyalarının transferi, ABŞ şirkətlərinin bərpaolunan enerji layihələrinə cəlb edilməsi və Bakının Qərbin “yaşıl enerji təchizatçısına” çevrilməsi strategiyasını müzakirə etmək üçün əlverişli zəmin yaradır.
İnstitusional baxımdan dialoqun davamlı xarakter alması Azərbaycan və ABŞ arasında daimi fəaliyyət göstərən, qeyri-formal, lakin son dərəcə təsirli mexanizmin – “Track 2” (hökumətlərarası olmayan) diplomatiyasının təməlini qoyur. Bu mexanizm bir neçə səbəbə görə əhəmiyyətlidir. Birincisi, o, rəsmi diplomatik kanallarda mümkün olmayan daha açıq, səmimi və qeyri-formal fikir mübadiləsinə imkan verir. Beyin mərkəzlərinin nümayəndələri hökumət rəsmilərindən fərqli olaraq, daha cəsarətli ideyalar səsləndirə, həssas mövzuları müzakirə edə və potensial həll yolları üçün “beyin həmləsi” həyata keçirə bilərlər. İkincisi, həmin platforma Azərbaycanın mövqeyini və arqumentlərini birbaşa ABŞ-ın siyasi elitasına və ictimai rəyinə təsir göstərən insanlara çatdırmaq üçün effektiv vasitədir. Nüfuzlu ABŞ beyin mərkəzlərinin hesabatları və məqalələri Konqresdə, Dövlət Departamentində və Ağ Evdə diqqətlə oxunur. Onlarla birbaşa işləmək, anti-Azərbaycan dairələrinin təbliğatını neytrallaşdırmaq və Vaşinqtonda daha obyektiv və balanslı mövqeyin formalaşmasına nail olmaq üçün ən səmərəli yoldur. Üçüncüsü, bu, Azərbaycanın analitik potensialının gücləndirilməsinə, Qərbdəki təhlil metodologiyaları ilə tanışlığa və beynəlxalq səviyyədə rəqabət apara biləcək yeni nəsil xarici siyasət ekspertlərinin yetişdirilməsinə xidmət edir.
Azərbaycan Cənubi Qafqazda yaratdığı yeni reallığı təkcə hərbi gücü ilə qorumaqla kifayətlənmir, həm də onun intellektual və analitik təməllərini möhkəmləndirir. Bu, özünə inamlı, gələcəyə aydın baxışla irəliləyən və qlobal siyasətin qaydalarını anlamaqla yanaşı, həmin qaydaların formalaşmasında iştirak etmək iddiasında olan suveren dövlətin siyasətidir.
Yusif ŞƏRİFZADƏ
XQ

