Yaxud keçmişin “erməni nağılları”ndan uzaq durmaq zərurəti
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker Azərbaycana səfəri çərçivəsində Şəhidlər xiyabanını ziyarət etdi. O, əvvəlcə Ermənistanda səfərdə olmuşdu və görünür, paritet yaratmaq istəyib. Nəzərə alaq ki, xanım Huker İrəvanda “erməni soyqırımı” memorial kompleksi adlandırılan məkana baş çəkmişdi.
Amerikalı qonaq və onu müşayiət edən şəxslər həmin kompleksdəki məşəlin üzərinə gül dəstələri qoymuş, daha sonra əraziyə baxış keçirmişdilər. Qonaqlar, həmçinin ABŞ-ın Osmanlıda səfiri olmuş Henri Morqentau və Amerika Qızıl Xaçının təsisçisi Klara Bartonun xatirə lövhələri önündə də dayanmışdılar. Sual olunur: Görəsən, H.Morqentau və K.Barton nə iş görüblər ki, kompleksdə onlara məxsus xatirə lövhələri yer alır? Yazımızda bu barədə söz açacağıq. Amma məqsədimiz başqadır və ona sonda aydınlıq gələcək.
***
Beləliklə, 1856-cı ildə Almaniyada anadan olmuş, sonra ABŞ-a köçmüş yəhudi əsilli iş adamı və diplomat H.Morqentau Prezident Vudro Vilson tərəfindən Vaşinqtonun Osmanlıdakı səfiri vəzifəsinə təyin edilib və 1913-1916-cı illərdə bu postu tutub. O illərdə ki, “erməni soyqırımı” yaşanmışdı. Sən demə, səfir qondarma olayın şahidi olubmuş. Ancaq onun qeydlərində “soyqırımı” ifadəsinə rast gəlinmir.
Əlbəttə, H.Morqentaunun “soyqırımı” anlamını yazıya çevirməməsi həmin vaxt bu ifadənin termin kimi dövriyyəyə daxil olmaması ilə bağlıdır. Hərçənd, onu da bilirik ki, hazırda ABŞ-da ötən əsrin əvvəllərində Osmanlıda yaşananların məhz Morqentaunun bildirdiyi kimi, yəni böyük qırğın və deportayasiya olaraq qiymətləndirilməsi ritorikası populyardır. Birləşmiş Ştatlar prezidentlərinin bir çoxu nitqlərində “soyqırımı” kəlməsini işlətmirlər. Baxmayaraq ki, ölkənin bəzi ştatları qondarma iddianı rəsmən tanıyıblar.
Deməli, səfir Morqentau diplomatik missiyasını yerinə yetirdiyi vaxtlarda ermənilərin deportasiyası və kütləvi qırğını ilə bağlı bilgiləri məlumat halına salaraq Vaşinqtona göndərib və məsələnin ABŞ hökumətində müzakirəyə çıxarılmasına çalışıb. O da bildirilir ki, diplomat Osmanlının daxili işlər naziri Tələt Paşa ilə görüşlərində hayların başlarına gələnlərə etirazını çatdırıbmış. Bu azmış kimi, səfir öz ölkəsində yaradılmış “Near East Relief” (Yaxın Şərqə Yardım) təşkilatının formalaşmasına böyük dəstək veribmiş. Bu təşkilat isə Birinci Dünya müharibəsindən sonra ermənilərin qayğısına qalıb, xilas proqramlarını reallaşdıran quruma çevrilib.
Yeri gəlmişkən, yazılı mənbələrdə Morqentaunun Tələt Paşa ilə dialoqlarına rast gəlinir. Əlbəttə, yazılı mənbə dedikdə, söhbət səfirin öz qeydlərindən gedir ki, onlar kitab şəklində çap edilib. Dialoqlarda isə, bir qayda olaraq, səfir Osmanlının XİN rəhbərini “ermənilərin başına gətirilmiş fəlakətlərə” görə qınayır.
Əslində, Tələt Paşanın Morqentaunun “mən bəşəriyyəti təmsil edirəm” pafosuna cavabında dilə gətirdiyi “bu bizim daxili işimizdir” fikri tam yerindədir. Çünki Osmanlı dövlətinin rəsmisi ABŞ-da yaşayan hansısa millətin nümayəndələrinin ölkənin bir yerindən o biri yerinə köçürülməsinə etiraz etmirdi. Yəni Morqentau da belə davranmamalı, özünü cəfakeş cildində göstərməməli idi. Nəzərə alaq ki, ona dəfələrlə diplomatik səlahiyyətlərini aşdığına görə xəbərdarlıq edilib və nəhayət, 1916-cı ildə geri çağırılmasının səbəbi məhz bu olub.
Maraqlıdır ki, səfir Morqentau Tələt Paşa ilə dialoqlarında, bir qayda olaraq, XİN rəhbərinə ancaq irad bildirir. Təxminən belə: bu insanlar, yəni ermənilər sizin vətəndaşlarınızdır. Nə üçün fəlakətlə üzləşirlər? Tələt Paşa isə, bir qayda olaraq, diplomata təmsil etdiyi dövlətin erməni məsələsinə münasibətinin qəti olduğunu, heç bir geridönüşə fürsət verilməyəcəyini vurğulayır. Sual yaranır: nə üçün Morqentau erməni əhalinin köçürülmə səbəblərindən söz açmır?
***
Keçək ABŞ rəsmisi Alison Hukerin İrəvandakı “erməni soyqırımı” memorial kompleksində baş çəkdiyi ikinci xatirə lövhəsində adı yer alan Amerika Qızıl Xaçının təsisçisi Klara Bartonun fəaliyyətinə. Deməli, xanım Barton 1896-1897-ci illərdə “Osmanlıda ermənilərə qarşı baş vermiş qırğınlardan sonra” onlara humanitar yardım missiyası həyata keçiribmiş. O da bildirilir ki, Barton həmin illərdə Şərqi Anadoluda geniş zorakılıqlar, dağıntılar və humanitar böhran yaşandığı vaxtlarda ABŞ-da ermənilər üçün yardım toplama kampaniyası başladıbmış.
Sən demə, Barton Amerika Qızıl Xaçının prezidenti olaraq şəxsən Osmanlıya getməyi öhdəsinə götürüb və təxminən 50 mindən çox erməniyə humanitar yardım edibmiş. Yardıma ərzaq paylanması, tibbi xidmət, xəstə və yaralıların müalicəsi, qadınlar və kimsəsizlər üçün sığınacaqların təşkili, tikiş emalatxanalarının və məktəblərin ləvazimatla təminatı daxil imiş. K.Barton özü də yazırmış ki, “biz məhv olmuş kəndlərin qadın və uşaqlarını aclıqdan xilas etmək üçün çalışırdıq”. O, ABŞ-a geri döndükdən sonra Konqresdə çıxışlar edir, xüsusi hesabatlar hazırlayır və guya, “ermənilərin üzləşdikləri humanitar böhranı” Amerika ictimaiyyətinə çatdırırmış.
***
İndi isə bu yazını qələməalma səbəbinə keçid alaq. Əlbəttə, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerə həm səfir Morqentaunun, həm də Bartonun fəaliyyətinin nədən ibarət olduğu yaxşı məlumdur. O da məlumdur ki, Birləşmiş Ştatlar rəsmisinin İrəvanda keçirdiyi görüşlərdə başlıca mövzu Ermənistanla Azərbaycan arasındakı sülhün reallaşması, bu il avqustun 8-də tərəflərin Vaşinqtonda Prezident Donald Trampın şahidliyi ilə imzaladıqları Birgə Bəyannamənin icrası ilə bağlı məsələlər, o cümlədən Ermənistan–Türkiyə normallaşması olub.
Biz onun yolunu “erməni soyqırımı” memorial kompleksindən salması ilə səfərinin məğzi arasında tərs mütənasibliyi görürük. Axı qondarma “erməni soyqırımı” məsələsinin həm Türkiyəyə, həm də Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edilməsindən xəbərdarıq.
Azərbaycanın yurisdiksiyası altında yaşamaq istəməyən ermənilərin Qarabağdan könüllü köçünü indinin özündə belə “soyqırımı” kimi qiymətləndirənlər tapılırsa və bu xüsusda ölkəmizə ittihamlar yağdırılırsa, deməli, Cənubi Qafqazda sülh prosesindən danışırkən, mövzuya həssas yanaşılmalı, bütün detallar nəzərə alınmalıdır. Onu da demək istəmirik ki, Birləşmiş Ştatlar həssaslıq göstərmir. Hər halda, “erməni soyqırımı” memorial kompleksini ziyarətin protokol qaydasında həyata keçirildiyinin fərqindəyik.
Ermənistanın baş naziri Nikol Paşinyanın “erməni soyqırımı” ilə bağlı fikirlərindən də xəbərdarıq. O fikirlərindən ki, onlarda məsələnin daha çox qızışdırıcı mahiyyət daşıdığına açıq olmasa da, qapalı eyhamlar var. Elə isə xaricdən Ermənistana gələn rəsmi şəxsləri həmin abidənin önünə aparmaq nə deməkdir? Axı əlahəzrət tarix var. Tarixdən isə məlumdur ki, Birinci Dünya müharibəsi dönəmində erməni məsələsi müharibə aparan Osmanlıya arxadan zərbə endirmək üçün Qərb dairələri tərəfindən işə salınmış siyasi oyun idi. O oyun ki, onu pozmaq üçün ermənilərin köçürülməsindən başqa yol qalmamışdı. Yəni Tələt Paşanın Morqentauya sərt cavabı həm də buna görə yerinə düşürdü.
Aydındır ki, Osmanlıya qarşı terror aktları, sui-qəsdlər hazırlayanlar sadə ermənilərin içindən çıxırdılar. Həmin dövrdə haqqı nahaqdan ayırmaq, sadəcə, mümkün deyildi. Buna heç vaxt da yox idi, çünki savaş gedirdi. Amma Morqentaudan fərqli olaraq, XIX əsrin sonu, XX əsrin əvvəllərində çar Rusiyasının Van və Ərzurumdakı baş konsulu olmuş Mayevski erməni terror qruplaşmalarının Qərbin təhriki ilə hərəkətə keçdiklərindən, mənfur əməllər törətdiklərindən, yaşadıqları dövlətə xəyanət yolu tutduqlarından yazır, Osmanlının onlara münasibətdə qəti addımlar atmasının səbəblərini açıqlayırdı.
Sözümüzün canı odur ki, tarix boyu erməni xalqı ya rus, ya da Qərb imperializminin alətinə çevrilib. Üzləşdiyi bütün xoşagəlməz durumlar bundan qaynaqlanıb. Sadə ermənilər məhz alətə çevrildikləri üçün Qarabağda qərar tutub yaşaya bilmədilər. İndi bu xalqın rahat yaşamaq şansı yaranıb. Yəni şansa həm paşinyanlı rəsmi İrəvan, həm də Cənubi Qafqazda davamlı sülhün əldə edilməsində maraqlı olduqlarını bildirən tərəflər kompleks yanaşmalı, keçmişin mənfi stereotiplərini, uydurulmuş hekayələrini kənara qoymalı, mənasız sentimentallığın daşını atmalıdırlar.
Ə.RÜSTƏMOV
XQ

