Sosial təminat sistemi ildən-ilə güclənir

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin dinamik inkişafını və Zəfər zirvəsinə yüksəlməsini təmin edən müdrik və uzaqgörən siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin rifahının və həyat şəraitinin layiqli səviyyəyə yüksəldilməsi, sosial ədalətin təmin edilməsi və həssas əhali qruplarının etibarlı sosial müdafiəsi bu siyasətin əsas hədəfləridir.

Son illərin uğurlu sosial islahatları da bunu təsdiq edir. 2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində “Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür. Hər ikisi arasında çox həssas balans, tarazlıq olmalıdır. Əgər olmasa, onda heç bir ölkə uğur qazana bilməz”, – deyən Prezident İlham Əliyev iqtisadi islahatlardan, neft-qaz layihələrindən əldə edilən gəlirlərin ilk növbədə sosial sahəyə yönəldildiyini bildirib. 

Dövlətimizin başçısı qeyd edib ki, bu gün insanların rifah halını yaxşılaşdırmaq üçün sosial siyasət daha dəqiq aparılır: “Yəni, vaxtilə bu sahədə olan pozuntular aradan qaldırılır, ədalətsizliklər aradan qaldırılır, şəffaf mexanizm tətbiq olunur. Bu, bizə imkan verib ki, biz bir neçə ciddi sosial islahat paketi icra etmişik, daha doğrusu, son yeddi il ərzində 5 sosial islahat paketi icra edilmişdir. Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir. Təkcə keçən il 1,4 milyard büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Yəni maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir”.

İslahat paketləri sosial müdafiənin güclənməsinə yönəlib

Qeyd edilməlidir ki, Prezidentinin fərman və sərəncamları ilə son 7 ildə icra edilən 5 böyük sosial islahat paketi nəticəsində minimum əməkhaqqı 3,1 dəfə artırılaraq 130 manatdan 400 manata çatdırılıb, həmçinin orta aylıq əməkhaqqı 2 dəfə artaraq 545 manatdan 2026 - cı il yanvarın 1-i tarixinə 1102,9 manata çatıb.

Həyata keçirilən islahatlar yalnız əməkhaqqlarını deyil,  pensiya təminatını da əhatə edir və bu sahədə də mühüm addımlar atılıb. Pensiyaların indeksləşdirilərək artırılması Azərbaycanda hər il dövlət başçısının sərəncamları əsasında həyata keçirilən davamlı sosial siyasətin tərkib hissəsidir. Pensiyaların əvvəlki ilin orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilməsi pensiyaçıların maddi rifahının yüksəldilməsi və onların həyat şəraitinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. 2018-ci ildən ötən dövrdə minimum pensiya 3 dəfəyədək artırılaraq 110 manatdan 320 manata çatdırılıb. Eyni zamanda, hər ilin əvvəlində pensiyaların əvvəlki ilin orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun şəkildə indeksləşdirilərək artırılması təmin olunub. 

Pensiyalar artırıldı

Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında”  9 fevral 2026-cı il tarixli sərəncamı Azərbaycanda sosial siyasətin ardıcıl və sistemli xarakter daşıdığını bir daha təsdiqləyir. Bu sənəd pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, onların maddi rifahının yaxşılaşdırılması və sosial təminatın dayanıqlılığının artırılması istiqamətində növbəti mühüm addım kimi qiymətləndirilir.

Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatlara uyğun olaraq, 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun şəkildə indeksləşdirilib. Beləliklə, 2026-cı il yanvarın 1-dən etibarən pensiyalar 9,3 faiz artırılıb. Bu artım pensiyaçıların gəlirlərinin inflyasiya və əməkhaqqı artımı fonunda real dəyərinin qorunmasına xidmət edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasına görə, pensiyaların artırılması prosesi vətəndaşların müraciətinə və əlavə sənəd təqdim etməsinə ehtiyac olmadan, elektron informasiya sistemləri vasitəsilə avtomatik şəkildə həyata keçirilir. Pensiyalara yanvar ayı üzrə edilən artımlar fevral ayının pensiyası ilə birlikdə ödənilməsinə başlanılıb. Artıq Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və digər iri şəhərlərin sakinləri pensiyalarını yeni məbləğdə pensiya almaları ilə yanaşı, yanvar ayına aid artım məbləğini də əldə ediblər.

Pensiyaların indeksləşdirilərək artırılması bütün kateqoriyalardan olan pensiyaçıları – mülki şəxslərlə yanaşı, hərbi qulluqçuları, hüquq-mühafizə orqanlarının əməkdaşlarını və digər xüsusi statuslu şəxsləri də əhatə edir. Ümumilikdə bu artım 1,1 milyon pensiyaçıya şamil olunur və cari ildə pensiyaların əvvəlki ilin orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun şəkildə indeksləşdirilərək artırılması üçün əlavə olaraq 640 milyon manat vəsait ayrılıb. Bu fakt dövlətin sosial öhdəliklərinə sadiqliyini və vətəndaşların sosial rifahını prioritet kimi qəbul etdiyini göstərir.

Ümumilikdə isə 2018–2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 543 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 578 manata çatdırılmışdır. Artıq yeni artımla bu məbləğlər müvafiq olaraq 593 manata və 632 manata çatıb ki, bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə orta aylıq pensiyada 2,7 dəfə artım olduğunu  göstərir.

Qeyd edək ki, sərəncama uyğun olaraq, sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da indeksləşdirilir. Belə ki, pensiya kapitalları ötən il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq 5,6 faiz artırılır. Bu mexanizm sosial sığorta sistemində iştirak edən şəxslərin gələcək pensiya hüquqlarının qorunmasına və onların uzunmüddətli sosial təminatının möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda, bu yanaşma göstərir ki, pensiya kapitallarının artımı yalnız əməkhaqlarından edilən sosial sığorta ayırmaları hesabına deyil, dövlətin fəal sosial siyasəti çərçivəsində də dəstəklənir.

Sosialyönümlü xərclər artıb

Son illər sosial islahatların mühüm bir istiqaməti də müavinət və təqaüdlərin artırılmasıdır. Ötən il icra edilən növbəti, 2018-ci ildən etibarən 5-ci sosial islahat paketi çərçivəsində keçən il də şəhid ailələrinə, əlilliyi olan şəxslərə, müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə, Azərbaycanın Milli Qəhrəmanlarına, Vətən Müharibəsi Qəhrəmanlarına, 5-dən çox uşağı olan qadınların və müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına, valideyn himayəsindən məhrum uşaqların qəyyumlarına və digər bir sıra kateqoriyadan olanlara ödənilən müavinət və təqaüdlər orta hesabla 12 faiz artırıldı. Ümumilikdə isə 2018–2025-ci ildə müavinət və təqaüd ödənişləri 5 dəfə artıb. 

Qeyd etmək lazımdır ki, ümumilikdə 2018-ci ildən ötən dövrdə dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisində 2,2 dəfə artım olub və bu xərclər 17 milyard 100 milyon manata, dövlət büdcəsində bu xərclərin xüsusi çəkisi 41,1 faizə çatıb. Həmçinin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri 2,2 dəfə artaraq 4 milyard 900 milyon manata çatıb. Pensiya təminatı üzrə xərclərdə isə 2,3 dəfə artım özünü göstərib və bu xərclər 2026-cı il üçün  7 milyard 993 milyon manatdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) illik xərcləri isə 2018-ci ilə nisbətən 2,3 dəfə artaraq 8 milyard 500 milyon manata çatıb. Son illər ölkəmizdə məşğulluq imkanlarının, əməkhaqlarının, əmək müqavilələrinin sayının davamlı artımı DSMF-yə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda da artım dinamikasına imkan verib. 2018–2025-ci illərdə fonda daxil olan sosial sığorta haqları üzrə illik vəsait 3 dəfəyə yaxın artaraq 2 milyard 300 milyon manatdan 6 milyard 500 milyon  manata çatıb.

Ünvanlı sosial yardımın əhatəsi genişlənib

Ölkəmizdə aparılan güclü sosial siyasət aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi istiqamətində də ardıcıl tədbirlərin həyata keçrilməsini təmin edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin ailələrlə bağlı ünvanlı dövlət sosial yardımı proqramı icra edilir. Qeyd edək ki, son illərdə ölkəmizdə reallaşdırlan sosial islahatlar çərçivəsində bu sosial yardım proqramı da təkmilləşdirilib və əhatəsi genişlənib. 

Ünvanlı sosial yardım alan ailələrin sayı 2018-ci ilə nisbətən ötən dövrdə 2 dəfəyə yaxın artaraq 2026-cı ilin 1 yanvar tarixinə 76 min 100 ailə (336 min nəfər ailə üzvü) təşkil edib. Ünvanlı yardımın təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiqlənən ehtiyac meyarı 2018-ci ilə nisbətən 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Bu yardımın hər ailəyə düşən orta aylıq məbləği isə 2018-ci ilə nisbətən 2,4 dəfə artaraq 175 manatdan 422 manata çatıb. 

Prezident İlham Əliyevin sərəncamına əsasən 2026-cı ilin dekabr ayında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ünvanlı sosial yardım alan –  76 min 103 ailənin hər birinə (337 min 932 nəfər ailə üzvü) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 200 manat birdəfəlik maddi yardım da verilib. 

DOST xidmətləri məmnunluq doğurur

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan, son illərin uğurlu modeli olan DOST konsepsiyası vətəndaşlara 162 dövlət sosial xidmətinin “bir pəncərə”dən, modern və çevik, şəffaf mexanizmlər üzərində təqdim edilməsinə imkan verir. Bu gün sosial təminat sahəsi üzrə də xidmətlər göstərilir. Qeyd edək ki, ötən il  DOST mərkəzlərində 900 minə yaxın, ümumilikdə ötən dövrdə 4 milyon 100 mindən çox vətəndaşa xidmət göstərilib. Vətəndaşların DOST xidmətlərindən məmnunluq səviyyəsi 98 faiz üzərindədir. 

Bununla yanaşı, DOST mərkəzləri vasitəsilə sosial xidmətlərin vahid pəncərə prinsipi əsasında göstərilməsi, sosial ödənişlərin elektronlaşdırılması, məşğulluq proqramlarının genişləndirilməsi, özünüməşğulluq layihələri, aktiv əmək bazarı tədbirləri və peşə hazırlığı proqramları sosial layihələrin institusional əsaslarını möhkəmləndirib. Dövlət tərəfindən həyata keçirilən sosial mənzil layihələri, ipoteka mexanizmlərinin təkmilləşdirilməsi, regionlarda sosial infrastrukturun – məktəblərin, xəstəxanaların, uşaq bağçalarının və sosial xidmət müəssisələrinin tikintisi və yenidən qurulması da sosial rifahın yüksəldilməsinə yönələn kompleks siyasətin tərkib hissəsidir.

Rəqəmsallaşmaya keçid, yeniliklər və uğurlar

Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, son illərdə əmək və məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə xidmətlərin 90 faizdən çoxu rəqəmsallaşdırılıb, ölkənin sosial reyestri olan e-sosial.az portalı, əmək münasibətlərində rəqəmsallaşmaya keçidi təmin edən “Əmək və Məşğulluq” altsistemi işə salınıb. 2025-ci ildə nazirliyin e-xidmətlərinə 27 milyon müraciət edilib. Bu e-xidmətlər üzərindən 711 min elektron arayış verilib, “e-sosial” portalından 17 milyon dəfə istifadə olunub. Ümumən qurumun e-sistemləri üzərindən sorğu, müraciət, xidmət sayı 458 milyon olub. 

Son illərin sosial sahədə mühüm rəqəmsal uğurlarından biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xidmətlərin e-sistemlər üzərindən proaktiv təyinat mexanizmlərinin yaradılması,  pensiya,  müavinət və təqaüdlərin proaktiv təyin edilməsidir. Ötən ildə 258 min təyinat proaktiv həyata keçirilib. Bu proaktiv xidmətlər nəticəsində vətəndaşların hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, həmin sosial ödənişlər onlara proaktiv qaydada təyin edilir.

Qeyd edək ki, Nazirlər Kabinetinin bu günlərdə qəbul etdiyi Qərarla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 4 müavinət növü – əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün), hamiləliyə və doğuma görə müavinət, 3 yaşınadək uşağa qulluğa görə müavinət, dəfn üçün birdəfəlik müavinət də 2026-cı ilin mayın 1-dən proaktiv qaydada təyin ediləcək. 

Bununla da qeyd edilən müavinətlərin təyinatı üçün işçinin müraciətinə, müxtəlif sənədlər toplayıb təqdim etməsinə ehtiyac qalmayacaq, işəgötürənin bir sıra əlavə öhdəlikləri (komissiya yaradılması, protokol, haqq-hesab cədvəli s. sənədlərin tərtibi, təqdim edilməsi) aradan qalxacaq. 

Məsələn, 3 yaşınadək uşağa qulluğa görə müavinət təyinatı üçün prosedur 4 mərhələdən (işçinin uşağın doğum haqqında şəhadətnaməsini işəgötürənə təqdim etməsi, komissiyanın qərar qəbul etməsi, işəgötürənin sənədləri DSMF-yə təqdim etməsi, fondun müavinəti ödəməsi) ibarətdirsə, mayın 1-dən bu prosedur yalnız 1 mərhələ (e-sistemlərdəki məlumatlar əsasında müavinətin təyin edilməsi) ilə tamamlanacaq. Sözügedən proaktiv təyinat mexanizmləri sosial sığorta əsaslı müavinətlərin təyinatı və ödənişi prosesinin daha çevik və şəffaf olmasına imkan yaradacaq.

Sığortaolunanlara 100 faizlik müavinət

İslahat tədbirləri nəticəsində sığortaolunanın stajından asılı olaraq hazırda ona əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət 60 faiz, 80 faiz, 100 faizi qədər ödənilirsə, stajından asılı olmayaraq hər bir işçiyə bundan sonra 100 faiz məbləğində ödəniləcək. Habelə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əlilliyi olan şəxslərə 6 ay, digər şəxslərə 12 ay müddətində ödənilirsə, artıq hər bir işçiyə 12 ay müddətində veriləcək. Yalnız Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin uşaqlarına qulluğa görə ikiqat müavinət ödənilirsə, artıq əlilliyi olan bütün 3 yaşadək uşaqlara qulluğa görə ikiqat müavinət veriləcək. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə müavinətin məbləğinin hesablanması ilə bağlı işəgötürənin öhdəliyi də aradan qalxacaq, bu hesablamanı sığortaçı – DSMF aparacaq.

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” və “Sığorta fəaliyyəti haqqında” qanunlarda edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2026-cı il tarixindən etibarən dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında çalışanların, habelə istehsalat təcrübəsi (təlimi) keçənlərin, könüllü fəaliyyətin iştirakçısı olan könüllülərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması DSMF tərəfindən həyata keçirilir. 

Belə ki, yeni dəyişikliklər bu sahədə ikili sistemin tətbiqini – dövlət sektorunda çalışanların icbari sığortalanmasının DSMF, digər subyektlərdə çalışanların isə özəl sığorta şirkətləri  vasitəsilə həyata keçirilməsini, bununla əlaqədar olaraq müvafiq hallarda sığorta ödənişlərinin də dövlət və bələdiyyə sektoru üzrə DSMF, digər sahələr üzrə özəl sığorta şirkətləri vasitəsilə həyata keçirilməsini nəzərdə tutur.

Prezident İlham Əliyevin tapşırıqları əsasında son illər aparılan sosial islahatların uğurları dövlət xidmətlərinin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsində də yüksək qiymət alır və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu qiymətləndirmədə son 3 ildə ardıcıl olaraq 1-ci yeri tutub. Bu uğurlar beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. 2025-ci ildə də nazirlik və qurumları 100-dən çox, o cümlədən DSMF 27 beynəlxalq mükafat və sertifikata layiq görülüb.

Bütün bu görülən işlərin mərkəzində insan amili, ədalət, şəffaflıq və dayanıqlı sosial təminat sistemi dayanır. Qarşıdakı dövrdə də sosial müdafiə mexanizmlərinin daha da gücləndirilməsi, rəqəmsal transformasiyanın dərinləşdirilməsi və vətəndaş məmnuniyyətinin artırılması istiqamətində tədbirlər davam etdiriləcək.

Ümumilikdə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial islahatlar yalnız iqtisadi inkişafı deyil, eyni zamanda, sosial ədalətin möhkəmləndirilməsini, sosial risklərin azaldılmasını və əhalinin həyat səviyyəsinin yüksəldilməsini hədəfləyir. Pensiyaların indeksləşdirilərək artırılması bu siyasətin mühüm tərkib hissəsi olmaqla yanaşı, dövlət–vətəndaş münasibətlərində sosial məsuliyyət prinsipinin əyani təzahürüdür. Bu istiqamətdə atılan addımlar ölkədə sosial rifahın davamlı artımını gerçəkləşdirməklə yanaşı, uzunmüddətli sosial-iqtisadi inkişaf üçün möhkəm əsaslar formalaşdırır.

Zərifə BƏŞİRQIZI
XQ







Sosial həyat