Tramp yeni sülh planını təsdiqləyib

post-img

ABŞ-ın hazırladığı sülh planı Ukraynanın “öz ərazisinin bir hissəsini Rusiyaya icarəyə verməyə məcbur ola biləcəyini” nəzərdə tutur. Bunu “The Telegraph” qəzeti iddia edib. Qəzetin mənbələrinə görə, Kiyev Donbas üzərindəki “nəzarəti təhvil verəcək”, lakin Moskva “regiona faktiki nəzarət müqabilində icarə haqqı ödəməli olacaq”. Ukrayna hökuməti belə bir planla razılaşmayacağını bildirib.

Qəzet yazır ki, ABŞ administrasiyasının təklif etdiyi razılaşmaya əsasən, Donbasın “hüquqi mülkiyyəti” yenə də Ukraynaya məxsus qalacaq. Bunun əvəzində Rusiya “Ukraynanın öz torpaqlarına çıxışı itirməsi ilə bağlı yaranan maliyyə itkilərini kompensasiya etmək üçün torpaq vergisi tipli ödəniş etməli olacaq”. “İcarə haqqının” məbləği göstərilmir. Qəzet xatırladır ki, Ukrayna konstitusiyasına görə, ərazi ötürülməsi məsələsi ümumxalq səsverməsinə çıxarılmalıdır. Lakin bu tələbi “icarə müqaviləsi” bağlamaqla aradan qaldırmaq mümkündür. “The Telegraph” qəzetinin mənbələri iddia edirlər ki, Ağ Ev Ukrayna prezidenti Volodimir Zelenskidən bu plana razılıq verməsini istəyib.

Xatırladaq ki, bu həftə KİV-də ABŞ-ın Ukrayna münaqişəsinin dayandırılması üçün yeni plan hazırladığı barədə məlumatlar yayılıb. “Axios”un yazdığına görə, plan 28 bənddən ibarətdir və onun üzərində ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff çalışır. O artıq Rusiyanın prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə məsələni müzakirə edib. Moskva və Vaşinqtonun plan üzərində birgə işlədiklərini “Financial Times” da təsdiqləyib.

Ancaq Volodimir Zelenski Vaşinqtonun yeni planını müsbət qarşılamayıb. “Financial Times” qəzetinin məlumatına görə, Kiyev planı rədd edərək bildirib ki, təkliflər “Kremlin maksimalist tələblərinə tam uyğundur”. Məlumat sızmalarına görə, ABŞ Ukraynaya Donbasdan bütün qoşunlarını geri çəkməyi, ordunun sayını azaltmağı, ölkədə xarici hərbi kontingentin yerləşdirilməsi imkanından və Qərbdən uzaqmənzilli silahlar almaq hüququndan imtina etməyi, rus dilini yenidən dövlət dili statusuna qaytarmağı və Ukrayna Pravoslav Kilsəsinin hüquqlarını bərpa etməyi təklif edir.

ABŞ mediası 19 noyabr axşamı Prezident Donald Trampın bu planı dəstəklədiyi barədə ardıcıl məlumatlar yayıb. Bu xəbərlər barədə prezident Zelenski Ankarada, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş zamanı məlumat alıb. V. Zelenski bildirib ki, Ukrayna “müharibəni bitirmək üçün Trampın hər bir güclü və ədalətli təklifini” dəstəkləyir. Lakin ümumi təəssürat belədir ki, Vaşinqtonun indiki təkliflərini Zelenski nə “güclü”, nə də “ədalətli” hesab edir.

Qərb mediası, həmçinin yazır ki, Zelenski Trampın yeni planını rədd edib və Avropa tərəfindən dəstəklənən öz planını irəli sürüb. “Əsas odur ki, bütün tərəfdaşlarımızla koordinasiyalı şəkildə işləyək və ABŞ liderliyi öz qüvvəsində qalsın”, - deyə Zelenski bildirib. O, danışıqlarda Avropa müttəfiqlərinin də masada olmasının vacib olduğunu vurğulayıb. Məlumatlara görə, sənəd bu həftə Stiv Uitkoff tərəfindən Kiyevə təqdim edilib. O, bir neçə gün əvvəl Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla Mayamidə görüşüb. Umerovun planla bağlı mövqeyi barədə ziddiyyətli məlumatlar yayılıb: bəziləri onun təklifləri qəbul etdiyini, digərləri isə müəyyən bəndləri rədd etdiyini bildirir. V.Zelenski isə planı əsaslı şəkildə qəbulolunmaz saydığı üçün Uitkoffla noyabrın 19-da Ankarada nəzərdə tutulan görüş ləğv olunub. “Axios” yazır ki, görüş “Umerovla əldə olunmuş razılaşmalardan Zelenskinin geri çəkildiyi aydınlaşdıqdan sonra” təxirə salınıb.

Moskvanın planın hazırlanmasında rolu barədə məlumatlar da ziddiyyətlidir. Axios yazır ki, Uitkoff planı Rusiyanın prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə müzakirə edib. “NBC News” isə Ağ Evdəki mənbəyə istinadən bildirir ki, Moskva prosesdə birbaşa iştirak edib. Sənəd “son həftələr gizli şəkildə, Rusiya nümayəndəsi Kirill Dmitriyev və ukraynalı rəsmilərlə məsləhətləşmələr əsasında hazırlanıb”. Lakin Ukrayna mənbələri, o cümlədən “NBC News” tərəfindən anonim sitat gətirilən rəsmilər iddia edirlər ki, onlar planın hazırlanmasında iştirak etməyiblər: “Ukrayna plana dair yalnız ümumi konturlar barədə məlumatlandırılıb, lakin detallı izah verilməyib və öz şərhlərini bildirməyə dəvət olunmayıb”.

ABŞ Dövlət katibi Marko Rubio isə bəyan edib ki, Rusiya və Ukrayna döyüşləri dayandırmaq üçün qarşılıqlı kompromislərə getməlidirlər. O bildirib: “Davamlı sülhə nail olmaq üçün hər iki tərəf çətin, lakin zəruri güzəştlərə getməli olacaq”. Rubio əlavə edib ki, ABŞ hakimiyyəti sülh yolu ilə həll üçün təkliflər hazırlamaqda davam edir və Vaşinqton hər iki tərəfin mövqelərini nəzərə almağa çalışır. Onun sözlərinə görə, “Ukraynada aparılan kimi mürəkkəb və ölümcül müharibəni bitirmək üçün ciddi və real ideyaların geniş mübadiləsi tələb olunur”.

Səbuhi MƏMMƏDOV
XQ

Dünya