Erməni hərbçilərin cinayətləri sübuta yetirilir

post-img

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın 20-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) zərərçəkmiş şəxslərin ifadələri dinlənilib. Anar Cəfərov və Rəşad Abbasov bildiriblər ki, Ağdam rayonunun Mərzili kəndi istiqamətində minaya düşüb və partlayış nəticəsində müxtəlif xəsarətlər alıblar.

Feyruz Musayev qeyd edib ki, buldozerlə Kəlbəcər rayonunun Zar kəndi yaxınlığında mühəndis işlərini görərkən texnika düşmən tərəfindən pulemyot silahlardan atəşə tutulub. Özü xəsarət almasa da, texnika yararsız hala düşüb. İsrail Babayev isə bildirib ki, o, Kəlbəcər-Zod istiqamətində düşmən təxribatı nəticəsində yaralanıb.

Səfər Qasımov qeyd edib ki, Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan atəşlər nəticəsində bir neçə nəfər həlak olub. Eyni zamanda o, Kamal Cavadlı, Nemət Bağırov, Əmrah Hacızadə və daha bir neçə nəfər müxtəlif bədən xəsarətləri alıb. Elgün Talıbov bildirib ki, Ağdərə rayonunun Çərəktar kəndi ərazisində o və Rövşən Mustafayev yaralanıb. Müzamil Orucov da qeyd edib ki, Kəlbəcər rayonu ərazisində xəsarət alıb.

Zərərçəkmişlər Maarif Abbasov, Ramiq Həsənov və Rüstəm Rüstəmli ifadələrində bildiriblər ki, onlar Xocalı rayonunun Dağyurd kəndi ərazisində düşmənin təxribatı nəticəsində xəsarət alıblar. M.Abbasov diqqətə çatdırıb ki, M.Kərimov, R.Həsənov da yaralanıblar, S.Heybətov isə həlak olub.

Vüsal Abbasov qeyd edib ki, düşmənin Xankəndi şəhərindən açdığı snayper atəşi nəticəsində ayağından xəsarət alıb. Fəqan Vəliyev bildirib ki, Ağdam rayonu ərazisində tibbi yardım maşınının düşmən tərəfindən raket mərmisi ilə vurulması nəticəsində yaralanıb. Əhliyar Muradov qeyd edib ki, Ağdam rayonunda minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində yaralanıb.

Elyas Məmmədli bildirib ki, Xocalı rayonunun Xanabad kəndi ərazisində o, Nazim Ağayev və Rəşmi Hümmətov müxtəlif bədən xəsarətləri alıblar. Coşqun Nəsirov qeyd edib ki, Xocalı rayonunun Xanabad kəndi ərazisində o və Elgün İsmayıllı yaralanıblar.

Eldar Hüseynov bildirib ki, Xocalıda Fərrux dağı istiqamətində özü daxil olmaqla, bir neçə şəxs yaralanıb, daha bir neçə nəfər isə həlak olub. Racib Şükürov isə qeyd edib ki, Xocalı rayonunun Xanabad kəndi ərazisində o, Xəqani Quliyev və Turan Həsənli xəsarətlər alıblar.

Məhkəmə prosesi sənədlərin və cinayət işi materiallarında olan digər sübutların tədqiqi ilə davam etdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 21-nə təyin olunub.

XQ



Son xəbərlər