Medianın İnkişafı Agentliyi və “Euronews” telekanalının birgə təşəbbüsü ilə keçirilən “Euronews Academy” beynəlxalq tədris proqramı çərçivəsində noyabrın 17-20-də davam edən “Rəqəmsal Jurnalistika (“Digital Journalism”)” mövzusunda növbəti təlim modulu başa çatıb.
Agentlikdən bildirilib ki, təlimin ilk iki günündə “Euronews” telekanalının tanınmış mütəxəssisi, 14 ildən artıq beynəlxalq təcrübəyə malik multimedia jurnalisti Tuba Altunkaya tərəfindən “Rəqəmsal xəbər toplanması və məlumat əsaslı jurnalistika” mövzusunda təlim keçirilib. Təlim zamanı iştirakçılara rəqəmsal mühitdə informasiya toplama, faktların yoxlanılması və analitik təqdimat üsulları barədə geniş məlumat verilib.
Proqramın üçüncü günü “Sosial media və “YouTube” kanallarının idarə olunması” mövzusuna həsr edilib. “Euronews”un Yunan xidməti və “Euronews” Daşkənd Bürosunun rəhbəri Akis Tatsis rəqəmsal platformalarda kontent strategiyasının qurulması, paylaşımların effektivliyinin artırılması barədə iştirakçıları məlumatlandırıb.
Təlim proqramının son günündə isə A.Tatsis “Mobil jurnalistika” mövzusu çərçivəsində iştirakçılara mobil telefon vasitəsilə operativ çəkilişin aparılması, kompozisiya və işıqlandırma üzrə düzgün yanaşmalar, səsin keyfiyyətli yazılması, eləcə də foto və videoformatlı materialların mobil redaktə alətləri vasitəsilə işlənməsi qaydalarını izah edib.
XQ


