Elm adamı, müəllim, ziyalı: Mənalı ömrün 70-ci baharı

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycanın müasir elm və intellektual həyatında publisistika sahələrinin vəhdəti nadir hallarda bir şəxsin timsalında bu qədər harmonik şəkildə cəmləşir. Belə ziyalılardan biri də filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist Allahverdi Məhərrəm oğlu Məmmədlidir. Onun mənalı ömrünün 70-ci baharı Azərbaycan elmi və mədəni ictimaiyyəti üçün milli düşüncənin davamlı inkişafının, vətənpərvər ziyalılığın simvolu kimi dəyərləndirilə bilər.

Allahverdi Məmmədli 1956-cı il iyunun 26-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. Nehrəm kimi zəngin mədəni-intellektual ənənələrə malik bir məkandan gələn bu ziyalı ömrünün ilk illərindən başlayaraq elm və bilik işığına can atıb. Ali pedaqoji təhsilə yiyələndikdən sonra müəllimlik fəaliyyətinə başlamış, hərbi xidmətdən sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. Universitet illəri onun həyatında həlledici mərhələ olmuş, bu amil peşəkar jurnalist və ədəbiyyatşünas kimi bütün yaradıcılığının təməli olmuşdur. 

Allahverdi Məmmədli universiteti bitirəndə mənəvi dünyasında böyük bir ümid daşıyırdı: xalqın səsini eşitdirmək, onun tarixini və mədəniyyətini qorumaq. Atası Məhərrəm Məmmədov vaxtilə “Şərq” qəzetində jurnalist kimi çalışmışdı. O, övladlarına yalnız yazmağı yox, sözə cavabdeh olmağı da öyrətmişdi: “Söz yazmaq asandır, amma sözə cavabdeh olmaq çətindir.” Bu fikir illər keçsə də dəyişmədi. Bir nəsildən o birinə ötürüldü, bir ömür amalına çevrildi. Allahverdi Məmmədli bu əmanəti qoruyaraq sözün ucuzlaşmasına heç vaxt yol vermədi. Onun hər cümləsi, hər fikri vicdanın süzgəcindən keçdi. Qardaşı Kamil Məhərrəmoğlu da bir-birindən dəyərli əsərləri, kitabları ilə bu peşəyə qəlbən, ruhən bağlılığını sübut etmişdi...

Allahverdi Məmmədlinin elmi yolunun əsas istiqaməti Molla Nəsrəddin ədəbi məktəbinin tədqiqi və Azərbaycançılıq ideyasının bu məktəb çərçivəsində bədii və ictimai əksi olmuşdu. 2015-ci ildə o,  “Molla Nəsrəddin ədəbi məktəbində azərbaycançılıq ideyasının bədii əksi problemləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini aldı. Onun monoqrafiyaları, o cümlədən “Azərbaycançılıq Mollanəsrəddinçilərin Milli İdeya kontekstində” əsəri Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Üzeyir bəy Hacıbəyli və digər nəhənglərin irsinin müasir Azərbaycançılıq məfkurəsi ilə əlaqəsindən bəhs edir. Bu tədqiqatlar təkcə elmi əhəmiyyət kəsb etmir, həm də gənc nəslin milli şüurunun formalaşmasında mühüm rol oynayır.

Elm adamı kimi Allahverdi Məmmədli eyni zamanda bacarıqlı pedaqoqdur. Bakı Dövlət Universiteti Jurnalistika fakültəsində Multimedia və elektron kommunikasiya kafedrasının müdiri kimi fəaliyyət göstərərək yüzlərlə gənc jurnalist və filoloqun yetişməsində yaxından iştirak etmişdir. Onun mühazirələri tələbələrə yalnız bilik vermir, həm də vətəndaşlıq məsuliyyəti, peşəkar etika və milli dəyərlərə sadiqlik hissi aşılayır. Müasir media mühitində ənənəvi dəyərlərlə innovativ yanaşmaların sintezini təbliğ edən professorun pedaqoji fəaliyyəti Azərbaycan ali təhsilinin inkişafına əhəmiyyətli töhfədir.

Əməkdar jurnalist kimi Allahverdi Məmmədlinin publisistik irsi də zəngindir. “Qızıl qələm” və “Həsən bəy Zərdabi” media mükafatları laureatı olan müəllif uzun illər Ali Məhkəmənin mətbuat katibi vəzifəsində çalışaraq dövlət orqanlarının ictimaiyyətlə əlaqələrində yüksək peşəkarlıq nümunəsi göstərmişdir. Onun məqalə və kitablarında cəmiyyətin aktual problemləri, mədəni irsin qorunması, Azərbaycan dilinin saflığı və milli birliyin möhkəmləndirilməsi məsələləri ön plana çəkilir. Poeziya və publisistikanın vəhdəti onun yaradıcılığının səciyyəvi cəhətidir.

Professor Allahverdi Məmmədlinin 70 illik ömrü mənalı və şərəfli bir yoldur. Bu yol sadə kənd insanından başlayaraq respublikanın tanınmış elm və mədəniyyət xadiminə qədər uzanır. Onun fəaliyyəti Azərbaycan ziyalılığının klassik ənənələrinin elmə xidmət, Vətənə bağlılıq, gənclərə qayğı və yüksək humanizm prinsiplərinin davamıdır.

Professor Allahverdi Məmmədlinin jurnalist peşəsinin inkişafındakı rolu təkcə mətbuat və radio sahələri ilə məhdudlaşmır. Onun televiziya jurnalistikasına verdiyi töhfələr Azərbaycanın audiovizual mediasının formalaşması və inkişafında əhəmiyyətli mərhələlərdən birini təşkil edir.

Karyerasının ilk mərhələsində Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsində çalışaraq televiziya jurnalistikasının əsaslarını mənimsəmişdir. Bu dövr onun üçün praktiki bacarıqların, operativ informasiya hazırlama və efir mədəniyyətinin formalaşdığı məktəb olmuşdur. Sonrakı illərdə Bakıya köçdükdən sonra Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) “Xəbərlər” redaksiyasının baş redaktoru vəzifəsinə irəli çəkilmişdir. Bu məsuliyyətli postda o, informasiya siyasətinin operativliyini, obyektivliyini və milli maraqlara uyğunluğunu təmin etmək istiqamətində böyük zəhmət çəkmişdir. Jurnalist fəaliyyətindən başlayaraq redaksiya rəhbərliyinə qədər keçdiyi yol televiziya jurnalistikasının bütün pillələrini əhatə edir və peşəkar inkişafının bariz nümunəsidir.

Allahverdi Məmmədlinin televiziya sahəsindəki fəaliyyəti sadəcə idarəetmə vəzifələri ilə kifayətlənməmişdir. O, həm də efir məhsullarının keyfiyyətinin yüksəldilməsi, jurnalist kadrlarının hazırlanması və müasir media standartlarının tətbiqi istiqamətində fəal iş aparmışdır. Onun rəhbərliyi dövründə xəbərlər blokunun strukturu və təqdimatı müasir tələblərə daha uyğunlaşdırılmış, cəmiyyətin aktual məsələlərinin işıqlandırılmasında peşəkar yanaşma gücləndirilmişdir.

Bu gün Bakı Dövlət Universitetinin Multimedia və elektron kommunikasiya kafedrasının professoru olaraq Allahverdi Məmmədli televiziya jurnalistikasının nəzəri əsaslarını və praktiki bacarıqlarını gənc nəslə, jurnalistlərə yorulmadan öyrədir. Onun mühazirələri və praktiki dərsləri tələbələrə audiovizual medianın etik prinsiplərini, vətəndaşlıq məsuliyyəti və milli dəyərlərə sadiqlik hissini aşılayır.

Əməkdar jurnalist Allahverdi Məmmədlinin televiziya fəaliyyəti Azərbaycan mediasının inkişaf tarixində layiqli yer tutur. Bu fəaliyyət operativlik, dərinlik və vətənpərvərlik prinsiplərinin vəhdətini təcəssüm etdirərək, müasir Azərbaycan televiziya jurnalistikasının peşəkarlıq standartlarının yüksəlməsinə xidmət göstərmişdir. 70-ci baharında professor Allahverdi Məmmədliyə möhkəm cansağlığı, yeni elmi uğurlar, yaradıcılıq enerjisi və Azərbaycan elminə, təhsilinə, mədəniyyətinə daha böyük töhfələr arzulayırıq. Belə ziyalılar xalqımızın mənəvi sərvətidir və onların ömrü gələcək nəsillər üçün gözəl bir nümunə olaraq qalacaq.

Mahir Qəribov 
Tarix üzrə fəlsəfə doktoru

Elm