Azərbaycan türkologiyasının krımlı fədaisi – Çobanzadə

post-img

Bəkir Çobanzadə (1895–1937) dilçilik, filologiya və ədəbi tənqid sahəsində görkəmli alim, pedaqoq və 1924-1925-ci illərdə I Türkoloji Qurultaya hazırlıq işlərini həyata keçirən öncüllərdən olmuşdur.

O vaxtlar Azərbaycanda işləməsinə baxmayaraq, Türkoloji qurultayın anketində “krım tatarı” kimi qeydə alınmışdır. Mərhum professor AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru Tofiq Hacıyev yazırdı ki, qurultayın təşkilində, gedişatındakı fəaliyyətinə görə Bəkir Çobanzadəni heç kəslə müqayisə etmək olmaz. Əlbəttə, heç kəs öz çəkisindən artıq yük götürə bilməz. Ancaq Bəkir Çobanzadənin bu ağır missiyanı daşımasına onun savadının çəkisi, intellekt əhatəsinin genişliyi, dil, ədəbiyyat məsələlərinə yiyələnmiş olması, həm oğuz, həm qıpçaq dillərini əlaqələndirmə, uyğunluq və fərqlərinə bələdliyi, müasir türkcələrlə yanaşı, türkcələrin tarixinə dair tədqiqləri, müqayisəli türkologiyanın bilicisi kimi tanınması, ərəb, fars, rus dilləri ilə bərabər, bir neçə Avropa dilini bilməsi və başqa keyfiyyətləri imkan verirdi. Həm də o, Azərbaycana yüksək vəzifədən – Krım Maarif Komissarlığının işçisi, universitet rektoru vəzifələrindən gəldiyi üçün təşkilati işlərdə nəyi və necə etməyi bilirdi.

Bəkir Çobanzadə Krım vilayəti Simferopol qəzasının Qarasubasar şəhərində anadan olmuş, ibtidai təhsilini burada almışdır. 14 yaşında qeyri-adi zəkası ilə diqqət çəkmiş, Dini Xeyirxahlar Cəmiyyəti tərəfindən Türkiyəyə, Qalatasaray liseyi – Sultaniyyəyə göndərilmişdir (1908–1918). Burada tələbəlik illərində ilk şeirlərini, “Anan harda?” poemasını qələmə almışdır. İstanbul Universiteti nəzdindəki ali kurslarda ərəb və fars dillərini mükəmməl öyrənmişdir.

Türkiyədə o, “Müstəqil tatar Krımı” ideyalarını dəstəkləyən Krım-tatar tələbə cəmiyyətinin yaradıcılarından və rəhbərlərindən biri, Budapeşt Universitetində türk, ərəb və macar filologiyası ilə tanış olmuşdur. Budapeştdə türk dilində çıxan “Şərq” qəzetinin redaktoru işləmiş, 1918–1919-cu illərdə “Krım”, “Göy kitab” məcmuələrində şeirləri dərc olunmuş, dövri mətbuatda ictimai-siyasi və elmi məqalələrini çap etdirmişdir. Məqalələrini “Çoban oğlu”, “Bəkir Baybək”, “Bəkir Cavbək”, “Bəkir Yaybək”, “Çoban oğlu Bəkir Sidqi” müxtəlif imzalarla təqdim etmişdir. 1920-ci ildə filologiya elmləri namizədi, 1922-ci ildə isə professor adına layiq görülmüşdür.

Vətənə qayıtdıqdan sonra 1920–1922-ci illərdə Krım inqilabi komitəsinin rəisi, Krım Maarif Komissarlığında tatar lisaniyyatı və ədəbiyyatı şöbəsinin müdiri, Krım Universitetində Şərq fakültəsinin professoru və Krım Mərkəzi İcraiyyə Komitəsinin üzvü olmuşdur. Krım Universitetində rektor vəzifəsini icra etmişdir.

Bakıda keçirilən Birinci Türkoloji Qurultayda Bəkir Çobanzadə əsasən ortaq türk əlifbası və imlası, eləcə də türk xalqlarının ədəbi əlaqələri mövzusunda (“Türk ləhcələrinin yaxın qohumluğu”, “Elmi terminologiya sistemi”) çıxışlar etmiş, Azərbaycan nümayəndələri, həm də xarici qonaqlar — Mehmed Fuad Köprülü, Vasili Bartold, Sergey Oldenburq və digər tanınmış türkoloqlarla fikir mübadiləsi aparmışdır. Onun çıxışları türkoloji tədqiqatların metodik prinsiplərinə dair elmi diskussiyalarda əhəmiyyətli rol oynamış, Azərbaycan dilinin inkişafı və ədəbi irsin qorunması məsələlərinə xüsusi diqqət yetirmişdir.

Qurultay iştirakçıları arasında Bəkir Çobanzadənin analitik və nəzəri çıxışları yüksək qiymətləndirilmiş, türk xalqlarının mədəni inteqrasiyası və ortaq yazı məsələlərinin işlənməsində töhfəsi önəmli sayılmışdır.

Alim 1928-ci ildə Səməd Ağamalıoğlunun dəvəti ilə Azərbaycana gəlmiş, Yeni Əlifba Komitəsinin sədri, Yeni Türk Əlifbası Ümumittifaq Mərkəzi Komitəsinin rəhbəri təyin edilmişdir. Orta Asiya, Tatarıstan, Başqırdıstan və Krımda latın əlifbasına keçidlə bağlı işlər aparmış, Tavrid, Bakı, Daşkənd, Fərqanə və Buxara ali məktəblərində türkologiyanın problemlərinə dair mühazirələr oxumuşdur. Bu illərdə Xətai divanının müqayisəli mətnini hazırlamışdır.

Bəkir Çobanzadə 1924–1929-cu illərdə Azərbaycan Baş Elmi İdarəsində terminologiya komitəsinə rəhbərlik etmiş, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində kafedra müdiri və dekan olmuşdur. 1928-ci ildə Moskva Şərq Xalqları İnstitutunun həqiqi üzvü, 1932-ci ildə SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin, 1935-ci ildə isə SSRİ EA Azərbaycan filialının həqiqi üzvü seçilmişdir. O, Paris Dilçilik Cəmiyyətinin üzvü olub, Avropa yazıçıları ilə əlaqələr qurmuşdur. “Türk dilinin metodikası” (1932) və “Elmi qramerin əsasları” (1932) kitabları ilə yanaşı, bir sıra monoqrafik əsərləri və elmi məqalələri dövri mətbuatda dərc olunmuşdur.

28 yanvar 1937-ci ildə Kislovodskda – dincəldiyi sanatoriyada həbs edilən ən görkəmli türkoloq, Pyatiqorsk türməsinə və sonra Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığının təcridxanasına gətirilmişdir. Türk xalqlarının böyük dühası 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası səyyar sessiyasının 20 dəqiqə davam edən bağlı iclasında güllələnməyə məhkum edilmiş, hökm səhəri gün 13 oktyabr 1937-ci ildə icra olunmuşdur. Dəfn yeri məlum deyil.

Namiq QƏDİMOĞLU
XQ

Sosial həyat