Sözünün və özünün nüfuzunu yüksəldən jurnalist

post-img

Akif Cabbarlı – 75

Əksər peşələrin təmsilçilərinin necə işləmələri yalnız çalışdıqları kollektivə bəlli olur. Jurnalistlər isə elə bir nadir peşə sahibləridir ki, onların qələminin kəsəri, sözünün dəyəri bütün cəmiyyətdə əks-səda yaradır. Jurnalistikanın bu özəlliyi və gözəlliyi həyat aynası olaraq əks etdirdiyi gerçəklərlə yanaşı, onu sözə çevirən qələm sahibinin də peşə bacarığından xəbər verir.

75 illik ömrünün 6 onilliyini milli mediamızın müxtəlif sahələrində məhsuldar yaradıcılığa həsr etmiş istedadlı jurnalist Akif Cabbarlı bu peşənin uzmanlarındandır. Onun fərdi yazı manerası, özəl üslubu, şirin təhkiyəsi ilk cümləsindən aydın seçilir, müəllifinin yüksək peşəkarlığını ifadə edir.

Əməkdar jurnalist Rəhim Hüseynzadənin fikrincə, Akif Cabbarlı son onilliklər ərzində ictimai-siyasi mövzularda ən sanballı yazıların, aktual mövzularda baxımlı televiziya verilişlərinin müəllifi kimi tanınan ustad jurnalistlərdəndir. Həmkarımızla BDU-nun jurnalistika fakültəsində bir qrupda oxumuş Rəhim müəllim dedi:

– O, sadə, lakonik, dolğun və mənalı yazır, istər qəzet, istərsə də radio-televiziya janrlarının özəlliklərini əla bilir, yazılarında meyarlara əməl edir. Mediamızda belələri indi çox azdır. Akif müəllimin çox sadə, mütəvazi bir insan olaraq qəlbinin saflığı, səmimiyyəti və iddiasızlığı yazılarının ruhuna da hopub.

Peşə fəaliyyətinə 1973-cü idə Azərbaycan Dövlət Radiosunun müxbiri kimi başlayan Akif Cabbarlı əvvəlcə ana radiomuzda, sonra da Azərbaycan Dövlət Televiziyasında öz istedadı və əməksevərliyi sayəsində pillə-pillə yüksəlib. 1987-ci ildən ölkənin 1 nömrəli qəzeti sayılan “Kommunist”də (indiki “Xalq qəzeti”) çalışdığı 4 il ərzində müxtəlif mövzularda bir-birindən maraqlı reportajlar, oçerklər, zarisovkalar, tənqidi və araşdırma yazıları dərc etdirib. Bu yazılarda müəllif cəmiyyətdə çeşidli problemlərin yaranması səbəblərini dərindən araşdırıb, onların həlli yollarını göstərib və heç vaxt tənqid etdiyi subyekti aşağılamayıb.

...1988-ci ildə “Kommunist”in Sumqayıt şəhəri də daxil olmaqla, Abşeron-Xızı zonası üzrə xüsusi müxbiri vəzifəsində çalışarkən Akif Cabbarlının “Dəryada gəmim var” adlı felyetonu dərc olunub. Burada yeni salınan Sumqayıt bulvarının gözəllikləri fonunda dənizin sahilə yaxın ərazisində haçansa batıb qalmış, uzun illər boyu hiss-pas içində suda çürüyən böyük bir gəminin bulvarın ümumi mənzərəsinə xələl gətirdiyi təsvir olunur və cavabdeh qurumların rəhbərlərindən həmin gəminin nə üçün utilizə edilməməsinin səbəbi soruşulur.

Bu yazı təkcə Sumqayıt sakinlərinin deyil, redaksiyada da dərin rəğbətlə qarşılanıb. Baş redaktorun müavini, kəskin felyotonları ilə o illərdə bütün ölkədə tanınan istedadlı jurnalist Rafael Nağıyev qəzetin müvafiq şöbə müdirlərinə tapşırıb ki, xüsusi müxbir Akif Cabbarlının yazılarını bundan sonra əziyyət çəkib çapa imzalatmaq üçün ona təqdim etməsinlər: “Nə özünüzə, nə də mənə əlavə əziyyət verməyin. Onun yazılarını birbaşa mətbəəyə göndərin. Akif Cabbarlı nə yazdığını və necə yazmaq lazım olduğunu yaxşı bilir!”

Ekoloji fəlakət şəhərinin xüsusi müxbiri ətraf mühitin problemlərini də tez-tez qabardır, üstəlik, onların bir çoxunun ədalətli həllinə nail olurdu. Onun atmosferi zəhərləyən kimyəvi sexlərlə bağlı kəskin tənqidi yazıları zavod direktorlarını narazı salırdı, amma ipə-sapa yatmayan müxbiri heç cür “dinə-imana” gətirə bilmirdilər. Akif Cabbarlı ömrü boyu sevimli peşəsinə xəyanət etmədiyi kimi, şəxsi ləyaqətini də daim qoruyub. Bunu hamı bilir ki, o, vəzifəli şəxslərin qapısında boynunu bükənlərdən olmayıb. Buna görə də hər zaman sayılıb-seçilib və sevilib.

Həmkarımız o illərdə Sumqayıta, o vaxtkı məsul şəxslərin iddia etdikləri kimi, heç də “qara eynək”dən baxmırdı, əksinə, şəhərin coşqun əmək həyatını, zavod və fabriklərdə maşın və dəzgahların ahəngdar ritmini, tər tökərək çalışan sadə əmək adamlarının saf, səmimi duyğularını də oçerk və zarisovkalarda təsvir edirdi. Ötən ilin sonunda həyatını dəyişmiş istedadlı və təcrübəli jurnalist, sumqayıtlı tələbə dostum Eyruz Məmmədovun bu sözləri heç vaxt yadımdan çıxmır: “Son 50 ildə heç bir jurnalist Akif Cabbarlının Sumqayıtda xüsusi müxbir kimi çalışdığı 4 il ərzində olduğu qədər faydalı yaradıcılıq işi ortaya qoya bilməyib. O bu fəhlə şəhərinin qaynar həyatına bütün varlığı ilə vurulmuşdu və onun uğurlarını, ağrı-acılarını, bir sözlə, ruhunu mətbuata gətirmişdi”.

Akif Cabbarlı istedadlı qələm əhli olduğu qədər sadə, mehriban, necə deyərlər, üzüyola insandır. İndiki “Xalq qəzeti”ndə işlədiyi dövrdə 3 baş redaktorla – Ramiz Əhmədov, Cəmil Əlibəyov və Tofiq Rüstəmov ilə çalışıb və etiraf edir ki, onların hər birindən özünə qarşı diqqət və qayğı görüb: “İnanın mənə, bu kişilər yaddaşımda yüksək insani keyfiyyətlərə malik şəxsiyyətlər kimi qalıblar. Onların hər biri mənə hörmətlə yanaşır, istedad və qabiliyyətimə inanır və yaradıcılıq imkanlarımın üzə çıxması üçün hər cür şərait yaradırdılar. Mən onlara bütün ömrüm boyu minnətdar olacağam”.

Yeri gəlmişkən, “Xalq qəzeti” ilə onu qırılmaz tellərlə bağlayan amillərdən biri də hələ 1968-1973-cü illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində bir qrupda oxuduğu tələbə dostu, istedadlı jurnalist mərhum Əlipənah Bayramovla olan son dərəcə saf və səmimi dostluq münasibətləri idi. Bu barədə söz düşəndə səsində kövrək notlar yarandı: “Əlipənah Bayramovun sənaye mövzusunda qələmə aldığı yazıları hər qələm əhli araya-ərsəyə gətirə bilməzdi. O, bu çətin mövzuda zərif və incə dillə, gözəl, oxunaqlı məqalələr yazırdı. Mən onun yaradıcılıq mətbəxindən özüm üçün çox şey əxz etmişəm. Biz çox yaxın dost idik, Əlipənahın yoxluğuna bu gün də inana bilmirəm”.

Təcrübəli və nüfuzlu qələm sahibi Akif Cabbarlı ömrü boyu belə bir əqidədə olub və bu gün də bu fikirdədir ki, jurnalistikada təkcə istedad azdır, bu peşənin sahibləri cəmiyyətdə həm də yüksək şəxsi keyfiyyətləri ilə seçilib-sevilməyi bacarmalıdırlar. O, söhbət əsnasında “Sizin kumirləriniz kimlər olub?” sualıma böyük həvəslə cavab verərək dedi ki, qəzet jurnalistlərindən Rafael Nağıyev, Əşrəf Hacıyev, Əhməd İsayev, eləcə də Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində işlədiyi illərdə birgə çalışdıqları Mailə Muradxanlı, Nahid Hacızadə, Gəray Fəzli, Ələkbər Abbasov, Valid Sənani, diktor Sabutay Quliyev və digərləri onun yaradıcılığına və həyata baxışına böyük təsir göstəriblər. Onlar çox istedadlı, ləyaqətli insanlar olublar, jurnalist peşəsinə başucalığı gətiriblər!”

Bir neçə ildir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında redaktor vəzifəsində çalışan Akif müəllim bildirdi ki, bu səmimi və mehriban kollektivdə bu yaşda belə işləmək xoş və qürurvericidir. Akif Cabbarlı, təbii ki, burada da qələmi yerə qoymur, onun milli kinomuzun uğurları, bu sahədə dərin iz qoymuş böyük sənətkarlar barədə yazıları dövri mətbuatda, eləcə də ona bu gün də çox doğma olan, baş redaktor Əflatun Amaşovdan başlamış reklamçı dostu Ruslan Rəfizadəyə qədər hər kəsdən xoş üz gördüyü “Xalq qəzeti”nin səhifələrində işıq üzü görür.

Akif Cabbarlının yaradıcı fəaliyyəti kifayət qədər yüksək dəyərləndirilib. O, media sahəsində nüfuzlu “Həsən bəy Zərdabi” və “Qızıl qələm” mükafatları laureatıdır. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. Prezident İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi” yubiley medalına layiq görülüb. 2025-ci ildə Azərbaycan Milli Mətbuatının 150 illiyi ilə də bağlı yubiley medalı ilə təltif olunub. Akif Cabbarlı müxtəlif illərdə parlaq publisistik yazılarını, hekayə və ssenarilərini, səfər təəssüratlarını toplayaraq 6 kitab nəşr etdirib.

Bugünlərdə əziz dostumuz və həmkarımız Akif Cabbarlı sadə, halal zəhməti və ləyaqətlə yaşadığı ömrünün 75-ci zirvəsinə yaxınlaşır. Dostları, doğmaları, yaxınları onu bu əlamətdar yubiley münasibətilə səmimi-qəlbdən təbrik edir və möhkəm cansağlığı arzulayırlar. XQ-nin kollektivi olaraq biz də bu təbriklərə qoşuluruq və keçmiş iş yoldaşımızı, istedadlı və təcrübəli qələm sahibini təbrik edərək ürəkdən deyirik: Hörmətli Akif müəllim, qoy bundan sonra da nə mövzularınız, nə də ömrünüz tükənsin. Mətbuatımızın cəfakeş və məhsuldar qələm sahibi olaraq sizə yazıb-yaratmaq çox yaraşır!

Məsaim ABDULLAYEV,
Əməkdar mədəniyyət işçisi

Sosial həyat