Bir kitabda əbədiləşən iki şəxsiyyət

post-img

Ustad jurnalist və əfsanəvi hücumçu

Onların hər ikisi – haqqında söhbət açacağımız kitabın müəllifi, xatirələrdə Azərbaycan mətbuat tarixinin sayılıb-seçilən nümayəndələrindən biri kimi yaşayan ustad jurnalist Şakir Hənifə oğlu Yaqubov da, dünya futbolunun yadında əfsanə kimi qalmış Anatoli Andreyeviç Banişevski də ilin ikinci ayında, həm də lap yanaşı günlərdə, birincisi fevralın 25-də, digəri isə 23-də həyata göz açmışlar. Seçdikləri yollar da yanaşı olmuş, sonda da eyni bir kitabda birləşmişdir.

Şakir müəllim 1998-ci ilin start ayı yanvardan 2001-ci ilin payızınadək böyük zəhmətlə ərsəyə gətirdiyi “Banişevski olduğu kimi” kitabını da mənə öz doğum günündə – 2002-ci il fevralın 25-də imzalayıb, təqdim etmişdi. O gündən artıq 24 il keçsə də, indi yazımızın səbəbkarı olan əbədiyaşar kitab haqqında danışmaq yəqin ki, gec deyil, əksinə, qismət, bəlkə də, məhz bu günə imiş. Kitabı da, onun müəllifini və qəhrəmanını da Azərbaycan futbolunun 115 illik yubileyi ilində xatırlamaq daha mənalı olar.

İyirmi beş il əvvəl Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) yaxından dəstəyi ilə işıq üzü görmüş və elə cəlbedici üz qabığından dərhal diqqəti özünə çəkən kitabın nəşrə hazırlanıb, Azərbaycanın idman ictimaiyyətinə çatdırılmasında köməklərini əsirgəməyən insanları da qeyd etməmək olmaz.

Kitabın redaktorları müəllifin özü kimi tanınmış qələm sahibləri və dostları Adil Qaçayoğlu və Rövşən Binnətli, rəyçi AFFA-nın ovaxtkı baş katibi Çingiz İsmayılovdur. Fotolar Azərbaycanda idman fotojurnalistikasının nəhənglərindən biri olmuş Faiq Rəcəblinindir, bir qismi isə müəllifin arxivindən götürülmüşdür. “Nağıl evi” şirkətinin mətbəəsi də, öz növbəsində, 1000 nüsxə tirajla nəşr olunmuş kitabı futbol ictimaiyyətimizə mümkün qədər yaxşı şəkildə çatdırmağa çalışmışdır.

Azərbaycan mətbuatında, o cümlədən idman jurnalistikasında səmərəli fəaliyyətinə görə Əməkdar mədəniyyət işçisi fəxri adına, Ali media mükafatına, “Qızıl qələm”, Həsənbəy Zərdabi mükafatlarına, eləcə də, Azərbaycan Respublikasının Fəxri auditoru adına layiq görülmüş Ş.Yaqubov, göründüyü kimi, daim yüksək səviyyəli işi ilə diqqət mərkəzində olmuşdur. Qəhrəmanına böyük rəğbətlə qələmə aldığı 176 səhifəlik “Banişevski olduğu kimi” kitabı,məncə, onun idman jurnalistikasında şah əsəridir. Əminliklə deyə bilərik ki, kitabı əldə edənlər, onunla yaxından tanış olanlar bizim bu fikrimizə etiraz etməzlər. Müəllif “meydana” ürəkdən, yüksək peşəkarlıqla Banişevskinin oyununa layiq bir kitab çıxarmış və bu işin öhdəsindən məharətlə gəlmişdir.

Ş.Yaqubov eyni bir ildə, 1966-da Sovet İttifaqının yığma komandası heyətində İngiltərədə Dünya çempionatında və “Neftçi” ilə SSRİ çempionatında bürünc medallar, 1972-ci ildə yenə sovet yığma kollektivi tərkibində Avropa birinciliyində gümüş mükafat qazanmış, 1965-də Rio-de-Janeyronun nəhəng “Marakana” stadionunda Braziliya–SSRİ yoldaşlıq görüşündə (2:2) dahi Pelenin həmvətənlərinin qapısına qol vurmuş, 1996-cı il fevralın 20-də Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı sərəncamla Vətənin yüksək mükafatı "Şöhrət" ordeni ilə təltif olunmuş əfsanəvi futbolçu haqqında mükəmməl bir kitabın müəllifidir.

Çox təəssüf ki, A.Banişevski haqqında Azərbaycanla yanaşı, keçmiş SSRİ-nin bir çox məşhur futbol mütəxəssisinin də fikrinin yer aldığı kitabı görmək 1997-ci ilin soyuq bir qış günündə, dekabrın 10-da cəmi 51 yaşında həyata vida etmiş görkəmli şəxsiyyətət, dünyanın neçə-neçə stadionunda alqışlanmış unudulmaz “9 nömrə”yə qismət olmadı.

Hər ikisinin ruhu şad olsun!

Onu da ayrıca qeyd edək ki, 1951-ci ildə anadan olub, 2022-ci ildə 71 yaşında əbədiyyətə qovuşmuş Şakir Yaqubov coşqun yaradıcılıq fəaliyyəti dövrünün bir hissəsini ovaxtlar respublikanın 1 nömrəli qəzeti “Kommunist”də keçirmiş, məsul katib kimi bu qəzetin mətbatımızda liderliyinə öz töhfəsini yüksək məsuliyyət hissi və yaddaqalan işi ilə vermişdir. “Kommunist”in davamçısı “Xalq qəzeti” də keçmiş əməkdaşını minnətdarlıqla xatırladığını onun haqqında dərc etdiyi yazılarla təsdiq etmiş və etməkdədir.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman