Vüqar RƏHİMZADƏ,
Milli Məclisin deputatı, “91-lər” hərəkatının üzvü
“Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi”.
Prezident, YAP sədri İlham Əliyevin tarixi zəfərimizin təntənəsi fonunda keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayında söylədiyi bu sözlər Yeni Azərbaycan Partiyasının yaradılmasının zərurət olduğunu bir daha təsdiqlədi. Dövlət müstəqilliyinin ilk dövründə ölkədə yaranmış siyasi-hərbi böhranın məngənəsində sıxılan ölkəmizdə cəsarətli, qorxmaz insanlar 33 il əvvəl bu günlərdə açıq-aydın görürdülər ki, gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdır. Hərbi məğlubiyyət, eyni zamanda, daxili böhranla tamamlanırdı.
Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdu. Ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, bax, bu idi o vaxt gənc müstəqil Azərbaycanın mənzərəsi. Belə olan vəziyyətdə ölkə necə inkişaf edə bilərdi?!
Torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı qovulmuşdu. Şuşa və Laçın işğal altına düşmüşdü, “Dağlıq Qarabağ”la Ermənistan arasında coğrafi bağlantı yaranmışdı, qaçqınlar, köçkünlər yaranmışdı və bu vəziyyəti dəyişdirmək üçün heç bir əsas yox idi. Kim bu vəziyyəti dəyişdirəcəkdi? O vaxt hakimiyyətdə olan AXC–Müsavat cütlüyü ancaq öz maraqlarını güdürdü.
Ölkəmizin həyatında, bu gün xalqın tale yolunu müəyyən edən siyasi birlik kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyasının yaradılmasında dönüş nöqtəsi olan, məşhur “91-lər”in müraciəti kimi tarixə yazılan “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətini imzalayan şəxslərdən biri kimi həmin dövrün reallıqlarının şahidiyəm. Təbii ki, zaman hadisələrin düzgün təhlilində və dəyərləndirilməsində zəngin mənbə rolunu oynayır. Bugünümüzdən dünənimizə baxanda bir daha aydın olur ki, müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyalarını şərəflə yerinə yetiriblər.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev daim xatırladır ki, “91-lər”i Azərbaycan xalqı unutmamalıdır: “Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular”.
Ulu öndər Heydər Əliyev isə Yeni Azərbaycan Partiyasının 10 illiyinə həsr olunan yubiley mərasimində bildirmişdi: “91-lər, onlar artıq dillərdə əzbər olublar. Mən 91-lərin hamısına həmişə böyük hörmət və ehtiram bəsləmişəm. Ona görə yox ki, “91-lər”in müraciəti mənim həyatımda böyük bir dönüş rolu oynadı. Yox. Partiyanı yaradandan 7 ay sonra xalq, o cümlədən o vaxt iqtidarda olanlar, artıq qaçıb dağılmaqda olan insanlar məni Azərbaycana dəvət etməyə məcbur oldular. Yəni “91-lər”in müraciəti olsaydı da, olmasaydı da, 1993-cü ildə Azərbaycana gələcəkdim. Ancaq o vaxt müraciətin altına imzasını qoyan insanların hər biri Azərbaycanın gələcəyinə görə böyük cəsarət, qəhrəmanlıq göstərib. Biz onları partiyamızın əsasını qoyan veteranlar kimi öz sıralarımızda daim saxlayacağıq”.
O zaman Azərbaycanın görkəmli ziyalılarının, tanınmış insanlarının və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə ümummilli lider Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Dahi şəxsiyyət Heydər Əliyev həmin müraciətə “Yeni müstəqil Azərbaycan uğrunda” cavabında bu məqamı xüsusi qeyd etmişdir ki, güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.
Beləliklə, 1992-ci ilin 21 noyabr tarixində müxtəlif bölgələrdən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda partiyanın təsis konfransı keçirildi. Ulu öndərin sədrliyi ilə keçirilmiş konfransdan sonra ölkəmizdə yeni siyasi qüvvə yarandı. Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yarandır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi.
1992-ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyasının yaradılması gənc ölkəmizin həyatında yeni mərhələyə yol açdı. Partiya yaranandan 7 ay sonra ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri, oktyabr ayında isə xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan çıxma prosesi başladı.
Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin yarıtmaz siyasəti, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmalarının Azərbaycanı hansı problemlərlə üz-üzə qoyduğu daim tariximizin qaranlıq səhifəsi kimi vərəqlənməli, indiki və gələcək nəsillərə çatdırılmalıdır. Bu gün müasir müstəqil, qalib, bütövləşən Azərbaycanın uğurlarından, zəfərlərindən böyük qürurla bəhs ediriksə, hər bir Azərbaycan vətəndaşı, gənci bilməlidir ki, bunlar böyük səylərin, qətiyyətin nəticəsidir. O dövrü yaşamayanlar bunu öyrənməlidirlər.
Dövlətimizin başçısı İlham Əliyevin çağırışlarında bu məqam xüsusi qeyd edilir ki, dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox. Təbii ki, o dövrü yaşamayan bugünkü gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Biz kimə borcluyuq. Əgər ulu öndər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, yarımmüstəmləkə kimi yaşaya bilərdi.
Artıq o vaxtdan 33 il keçir. Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Tarixə söykənərək böyük qürur hissi ilə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin 1993-cü ildən başlanan inkişaf, tərəqqi yolunun uğurlarından bəhs edirik. Azərbaycanın müstəqillik tarixinin bələdçisi olan Yeni Azərbaycvan Partiyası bu uğurlara verdiyi böyük töhfələri ilə qürurludur. Ulu öndər Heydər Əliyev ilk gündən partiyanın gələcəyinə böyük inam bəslədi və bunu “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri ilə təsdiqlədi.
Ümummilli liderin tarixi çağırışı ötən 33 ildə partiyanın fəaliyyətinin əsas prinsipinə çevrildi. Partiya bu çağırışının məsuliyyətinin böyüklüyünü dərk edərək bunu atdığı addımları ilə doğrultdu. Yarandığı gündən xalqın partiyası imicini qazandı, sıralarını daha da zənginləşdirdi. Yeni Azərbaycan Partiyası sıralarında bu gün 800 minə yaxın üzvü birləşdirir. Hər zaman qeyd olunduğu kimi, bu, yalnız statistika deyil, xalqın Yeni Azərbaycan Partiyasının gələcəyinə inamının göstəricisidir. Sözlə əməl birliyi, tutduğu yola sadiqliyi YAP-ın cəmiyyətdə nüfuzunun artmasında əhəmiyyətli rol oynayır.
Xalqın bu partiyaya inamı sonsuzdur. Bunu ölkəmizdə keçirilən seçki prosesləri də təsdiqləyir. Zəngin seçki təcrübəsinə malik olan Yeni Azərbaycan Partiyası bütün seçki kampaniyalarından uğurla çıxaraq adını tariximizə zəfərlər partiyası kimi yazdırıb. Ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın gələcəyinə inam sonsuzdur.
Hər bir ölkənin inkişafında əsas faktor olan lider və düşünülmüş siyasət amillərini nəzərə alsaq, bu gün hər bir Azərbaycan vətəndaşının harada yaşamasından asılı olmayaraq özünü xoşbəxt hiss etdiyini əminliklə deyə bilərik. Daim ölkəsinin, xalqının gələcəyini düşünən, Azərbaycanın dünyaya Günəş kimi doğmasını təmin edən ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev çıxışlarında bildirir ki, uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqı, Azərbaycan vətəndaşıdır.
Xalq–Prezident birliyinin, həmrəyliyinin uğurlu nəticələri Azərbaycanın bugünkü reallıqlarında özünün aydın ifadəsini tapır. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bugünümüz və gələcəyimiz üçün istiqamət oldu.
2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq prezident seçilən İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi aşağıdakı fikirlər müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründə xalqımız, dövlətimiz naminə gördüyü işlərin, göstərdiyi xidmətlərin aydın ifadəsidir: “Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanır. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir”.
Dövlət başçısı İlham Əliyevin ötən ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində “Biz bu 20 ildə haradan haraya gəlmişik” sualını cavablandırarkən bildirmişdir ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi.
2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi: “Hesab edirəm ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq, görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi”.
1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasını şərtləndirdi. Məhz bu təmələ əsaslanaraq bu gün Azərbaycan çoxtərəfli əməkdaşlığın əsas iştirakçısı və təşəbbüsçüsü kimi çıxış edir. Ölkəmiz əməkdaşlıq məkanı kimi tanınır. Sabitliyin və əlverişli iqtisadi mühitin yaradılması ilə Azərbaycan böyük investisiyalar məkanına çevrildi.
Bu gün ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin 350 milyard dollara gəlib çatması, təbii ki, həmin dövrdə yaradılan möhkəm təməlin nəticəsidir. Ümummilli lider Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməklə Azərbaycanın bu günü üçün möhkəm təməl yaratdı. “Əsrin müqaviləsi”nin ardınca, 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması da Azərbaycanın artan nüfuzunun, möhkəmlənən mövqeyinin göstəricisidir. 2014-cü ildə, “Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2020-ci ilin sonunda layihə tam tərkibdə reallaşdı.
Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası, zaman keçdikcə genişlənirsə, bu, Azərbaycanın bugününə və gələcəyinə inamın göstəricisidir. Bu gün Azərbaycanın iştirakı ilə həyata keçirilən enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir. Hazırda Azərbaycan 14 ölkəyə qaz ixrac edir. Dünyanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin rolu günbəgün artır. Bu gün Azərbaycan “yaşıl enerji”yə keçid mərhələsini uğurları ilə zənginləşdirir.
İqtisadi tərəqqi bütün sahələrdə uğurların əsasıdır. Bu gün Azərbaycana hansı sahədən baxsaq, sürətli inkişafın, tərəqqinin şahidi olarıq. Ölkəmizdə iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Ümummilli lider Heydər Əliyev hələ 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması ilə bağlı Fərman imzalayanda bu çağırışı xüsusi qeyd etmişdi ki, neft xalqın sərvəti olub, yalnız indiki deyil, gələcək nəsillərə məxsusdur.
Ölkəmizdə neft gəlirlərinin ədalət prinsipi əsasında bölgüsü əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılması ilə müşayiət olunur. Bu il sayca beşinci sosial paketin icrası ölkəmizdə ədalət prinsipinin yüksək səviyyədə təmin edildiyini, ən əsası, vətəndaş məmnunluğunun dövlətin siyasətində prioritet olduğunu bir daha təsdiqlədi.
İqtisadi tərəqqi müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu quruculuğu sahəsində də mühüm addımların atılmasını şərtləndirdi. Bu gün Azərbaycan Ordusunun keçdiyi inkişaf yolunun bələdçisi, təbii ki, tarixi Zəfərimiz və suverenliyimizin tam bərpa edilməsidir. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Baxmayaraq ki, torpaqlarımız işğaldan azad edilib, Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, əsas prioritetlərdən biri yenə də ordunun maddi-texniki bazasının möhkəmləndirilməsidir.
2001-ci ildə Ümummilli liderin təşəbbüsü və sərəncamı ilə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi ilə müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi daha da möhkəmləndi. Bu birlik 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü dedi. Dünya azərbaycanlıları 30 ildən sonra Qarabağın tacı Şuşada bir araya gələrək V Zəfər Qurultayını keçirdilər.
Təbii ki, uğurlarımızın miqyası o qədər genişdir ki, onları sıralamaq belə mümkünsüzdür. Çünki Azərbaycan daim irəli baxmağı, qazandığı uğurlarla kifayətlənməməyi bir prinsip kimi öndə saxlayıb. Dövlət başçısı İlham Əliyevin Zəfərimizin reallıqları əsasında keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında qeyd etdiyi kimi, hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır.
Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq. Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın.
Şübhəsiz, bugünkü uğurlarımız 1993–2003-cü illərdə yaradılan möhkəm təməlin, eyni zamanda, Ulu öndərin xalqa 2003-cü il 1 oktyabr tarixli müraciətində növbəti inamın ünvanının düzgün müəyyənləşdirilməsidir. Həmin müraciətdə bildirilmişdi: “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var”.
Ulu öndər Heydər Əliyev qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, özünün siyasi varisi, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağıraraq qeyd etmişdi ki, o, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Prezident İlham Əliyev son 22 ildə bu inamı real addımları ilə doğrultdu. Ən əsası adını tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırdı. Azərbaycan hər bir sahədə gücləndi. Artıq 5 ildir ki, tarixi Zəfərimizin sevincini yaşayırıq. Azərbaycan yaratdığı yeni reallıqlar fonunda qarşıya qoyduğu hədəflərə doğru inamla addımlayır.
Tarixi zəfərimiz və suverenliyimizin tam bərpası ilə Prezident İlham Əliyev 2003-cü ildə keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində ümummilli lider Heydər Əliyevə müraciətində əksini tapan vədini doğrultdu. Prezident İlham Əliyev həmin vaxt bu vədi vermişdi ki, əsəriniz olan müasir müstəqil Azərbaycanı möhkəmləndirəcək, zənginləşdirəcək, zəfərlərə doğru aparacağıq.
Həmin vəddən 17 il sonra, 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdıq. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi. Zəfərimizdən üç il sonra isə 2023-cü ilin sentyabrında həyata keçirilən birgünlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Bununla da, Azərbaycanın həyatında yeni dövr başladı. Yeni dövrün yeni hədəfləri müəyyənləşdirildi.
Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın keçdiyi inkişaf yoluna baxış Yeni Azərbaycan Partiyasının 33 ilik yolunun aydın mənzərəsidir. Çünki bu illər ərzində Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən seçki proseslərində müəyyənləşdirdiyi şüarlar partiyanın hədəflərini özündə ehtiva edir. Bu hədəfləri şərtləndirən isə, təbii ki, Azərbaycanın uğurlarıdır. Bu baxımdan dövlətimizin, onun Liderinin siyasəti Yeni Azərbaycan Partiyasının siyasəti olmaqla yanaşı, uğurlarımız partiyanın hər bir seçki prosesində dəstəyini, qələbəsini təmin edib.
Yeni Azərbaycan Partiyası yarananda “Yeni müstəqil Azərbaycan uğrunda!” şüarını seçdi və təsdiqlənən Proqramında bu hədəfə nail olmağın mexanizmləri öz əksini tapdı. Artıq tarixi Zəfərimizdən sonra partiyanın yeni Proqramının təsdiqinə böyük zərurət yarandı. Dövlət başçısı İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında bununla bağlı tapşırığını verdi. Bildirdi ki, bu proqram yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva etməlidir.
Partiyanın VII qurultayında yeni qərarların qəbulu, yeni tərkibin formalaşması qarşıdakı dövr üçün görüləcək işlərin aydın mənzərəsini yaratdı. Partiyanın yeni Proqramı YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilib. Proqramda Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub: Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət, demokratik ənənələrin inkişafı.
Partiyadaxili münasibətləri xarakterizə edən əsas meyarlar isə – peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış və milli dəyərlər, innovativ inkişaf və kreativlik, müasirlikdir. Partiyanın 11 strateji hədəfi var: Ulu öndər Heydər Əliyev irsinin təbliği və təşviqi; Güclü iqtisadiyyat və davamlı inkişaf; İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı; Şəffaflığın artırılması; Vətəndaş cəmiyyətinin inkişafı; Azərbaycan dili və dünya azərbaycanılılarının həmrəyliyi; Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması; Vətəndaş həmrəyliyinin təminatı; Milli maraqlar və xarici siyasət; Ordu quruculuğu; İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış.
Yeni dövrə qədəm qoyan Azərbaycan dövləti ötən il müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident və parlament, bu ilin yanvarında isə bələdiyyə seçkilərini keçirdi. Bu seçkilər Yeni Azərbaycan Partiyasının cəmiyyətdə nüfuzunun bir daha təqdimatı oldu. 2024-cü ildə “Qalib xalqın qalib Lideri!” çağırışı ilə 7 fevral prezident seçkilərinə, “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə 1 sentyabr parlament seçkilərinə qatılan Yeni Azərbaycan Partiyası tarixinə növbəti qələbə səhifələrini yazdı.
33 ilin zəngin təcrübəsi, uğurları Yeni Azərbaycan Partiyasının qarşısında böyük imkanlar açır. Dövlət başçısı İlham Əliyev məhz partiyanın yarandığı gündən tutduğu yola sadiqliyini, Azərbaycanın uğurlu gələcəyini düşünərək qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri önə çəkərək bu çağırışı etmişdir ki, Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.
Ötən 33 il zaman baxımından, az olsa da, partiyanın qazandığı uğurların miqyasının genişliyi fonunda sanki 100 ilə bərabər bir dövr kimi xaraterizə edilir. Çətin və şərəfli yol keçən partiyanın tarixinə yazılan 33 il bir daha təsdiqlədi ki, uğurların açarı qətiyyət, böyük səylər, özünəinam hissi, qarşıya qoyulan hədəfə nail olmaq üçün mövcud imkanlardan maksimum istifadə etmək bacarığıdır. Təbii ki, burada xalqın sevgisi, inamı xüsusi yer tutur. YAP yarandığı gündən xalqın taleyini müəyyən edən və ona məsul olan partiyadır.

