Asiyadan Avropaya polad körpü

post-img

“Dəmir İpək yolu”nun 18 yaşı tamam oldu

Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu layihəsi 1990-cı illərin sonu və 2000-ci illərin əvvəlində beynəlxalq nəqliyyat sistemində yaranan boşluğu doldurmaq məqsədilə ortaya atıb. Sovet İttifaqının dağılmasından sonra Qafqaz və Xəzər hövzəsi boyunca vahid dəmir yolu şəbəkəsində əlaqə itmişdi. Bu səbəbdən regionun Avropa ilə birbaşa dəmir yolu əlaqəsi, faktiki olaraq, yox idi. Ermənistan-Türkiyə sərhədinin bağlı olması səbəbindən bölgədə yeni bir alternativ marşruta ciddi ehtiyac yaranıb. Yüklərin Avropaya çıxışı yalnız dəniz yolu və ya uzun marşrutlar vasitəsilə mümkün olub. Bu proses vaxt və xərc baxımından əlverişli deyildi.

Məhz bu şəraitdə Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək yeni dəmir yolu xətti ideyası formalaşıb. Layihənin əsas təşəbbüskarlarından biri Azərbaycan Prezidenti İlham Əliyev olub. Dövlət başçısı layihənin reallaşması üçün ən fəal siyasi iradəni ortaya qoyub. Təşəbbüsün həyata keçməsi üçün Azərbaycan maliyyə və diplomatik baxımdan, eləcə də texniki hazırlıq prosesində aparıcı rol oynayıb. Gürcüstan və Türkiyə də layihəni dəstəkləyən əsas tərəfdaşlar kimi iştirak ediblər. Maliyyələşdirmə yükünün böyük hissəsini Azərbaycan öz üzərinə götürüb. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanı Türkiyə ilə birləşdirməklə yanaşı, Türk dünyasının birliyi üçün də xüsusi önəm daşıyır.

21 noyabr Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin tarixində xüsusi yer tutur. 2007-ci ilin bu günündə Gürcüstanın Marabda qəsəbəsində layihənin təməlqoyma mərasimi keçirilib. Azərbaycan, Gürcüstan və Türkiyə liderlərinin iştirakı ilə keçirilən mərasim regionun nəqliyyat xəritəsində yeni dövrün başlandığını göstərdi. Həmin gündən etibarən Cənubi Qafqazı Türkiyə və Avropa ilə birləşdirən yeni dəmir yolu xəttinin inşasına start verilib.

Qeyd etmək lazımdır ki, BTQ-nin inşası ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında son razılaşma 2007-ci il fevralın 8-də Tbilisidə imzalanıb. Azərbaycan xəttin Gürcüstan ərazisinə düşən seqmentinin inşası üçün bu ölkənin “Marabda-Kartsaxi Dəmir Yolları” MMC-nə güzəştli şərtlərlə - illik 1 faizlə, 25 illik müddətə 200 milyon ABŞ dolları həcmində kredit verib. Ayrılan bu maliyyə vəsaiti hesabına Gürcüstan ərazisində 29 kilometr uzunluğunda yeni yolun çəkilişi, Türkiyə sərhədində təkər dəyişmə stansiyasının tikintisi, eləcə də mövcud yolun yenilənməsi həyata keçirilib. Xatırladaq ki, layihənin ümumi dəyəri 600 milyon dollardan çoxdur.

BTQ dəmir yolu xəttinin rəsmi istifadəyə verilməsi 2017-ci il oktyabrın 30-a təsadüf etmişdi. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak etmişdilər.

Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev demişdi: “Bir çoxları, xüsusilə bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırdılar. Hesab edirdilər ki, bunun reallaşması mümkün deyil, bunun reallaşması üçün lazım olan texniki imkanlar və maliyyə vəsaiti imkan verməyəcək ki, bu layihə gerçəkləşdirilsin. Ancaq üç ölkə göstərdi və sübut etdi ki, bu, mümkündür. Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun əyani misalıdır. Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaqlar, bir-birini dəstəkləyəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi nəhəng layihələr bizim birliyimizi, dostluğumuzu daha da möhkəmləndirir”.

Təxminən 850 kilometr uzunluğu olan magistralın 500 kilometrdən artıq hissəsi Azərbaycanın ərazisindən keçir. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı marşrut kimi BTQ-nin fəaliyyəti Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizində ölkəmizin logistik potensialının genişlənməsinə səbəb olub. 2024-cü ilin may ayında BTQ-nin Gürcüstan hissəsində yenidənqurma və modernləşdirmə prosesi yekunlaşdırılıb və illik yükaşırma gücü 1 milyon tondan 5 milyon tona yüksəldilib. Azərbaycan Gürcüstana kredit ayırmaqla Bakı-Tbilisi-Qars dəmir yolunun genişləndirilməsi layihəsinə 100 milyon dollardan artıq sərmayə qoyub.

Layihə yalnız dəmir yolu xəttinin çəkilişini deyil, həm də 172 kilometr uzunluğunda 10 kilovatlıq elektrik xəttinin quraşdırılmasını, 338 kilometr fiber-optik kabelin yerləşdirilməsini və marşruta bitişik yollarda əsaslı təmir işlərini əhatə edib. Gürcüstan seqmenti genişləndirmə üçün mürəkkəb və çətin relyefli ərazi kimi qiymətləndirilib. Dəniz səviyyəsindən 2400 metrə qədər yüksəklikdə bəzi məntəqələrdə işlər həyata keçirilməsinə baxmayaraq, intensiv iş qrafiki təmin olunub.

Magistralın Gürcüstan ərazisindən keçən seqmentində aparılan təmir-bərpa işləri 5 mərhələdən ibarət olub: Marabda–Tetriskaro, Tetriskaro–Tsalka, Tsalka–Axalkalaki, Axalkalaki-Kartsaxi və Axalkalaki kompleksi. 110 hektarlıq ərazini əhatə edən Axalkalaki kompleksi çərçivəsində bir estakada, 2 suötürücü qurğu, 4 körpü, 2 yolötürücü və 2 yeraltı piyada keçidi yenilənib. Qardan mühafizə divarları inşa olunub. 17,9 kilometrlik yeni kontakt şəbəkəsi quraşdırılıb, dartı yarımstansiyasının gücü artırılıb, 48 km stansiya daxili yol və 3,9 km avtomobil yolu tikilib.

Eyni zamanda, layihədə qabaqcıl texnologiyalardan istifadə olunub, Avropa istehsalı olan müasir avadanlıqlar tətbiq edilib.

Ötən illərdə BTQ dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin əsas komponentinə çevrilib. Layihə qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır. BTQ Orta Dəhlizin bir hissəsi kimi Şərqlə Qərb arasında nəqliyyat bağlantısını təmin edir. Bu dəhliz Çindən başlayan yüklərin Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə, oradan isə Avropaya çatdırılmasını təmin edir. Hazırkı geosiyasi şəraitdə Orta Dəhliz təhlükəsizlik, çevik nəqliyyat imkanları, daha qısa tranzit müddəti ilə beynəlxalq bazarların diqqətini cəlb edir.

BTQ xəttinin istifadəyə verilməsi Asiya-Avropa yükdaşımalarında yeni mərhələnin əsasını qoydu. Əvvəllər Çin və digər Asiya ölkələrindən Avropaya daşınan yüklər əsasən dəniz yolu ilə 35-45 gün ərzində çatdırılırdı. Haqqında danışılan dəmir yolu marşrutu isə bu müddəti 12-15 günə qədər azaldıb. Bununla da Orta Dəhliz vaxt, məsafə və xərc baxımından daha üstün logistika variantına çevrilib. Xəttin fəaliyyətə başlaması Rusiyadan keçən marşrutlara alternativ yaradaraq qlobal tədarük zəncirində Azərbaycana strateji mövqe qazandırıb.

Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, genişlənmiş dəmir yolu infrastrukturu və logistika zonaları ölkənin bu dəhlizdə rolunu daha da gücləndirib. Bakı bu gün Orta Dəhliz boyunca yüklərin koordinasiya olunduğu başlıca qovşaq kimi çıxış edir. Orta Dəhlizin və modernləşdirilmiş BTQ xəttinin yeni imkanları müzakirə olunduqdan sonra 2024-cü ilin iyunundan etibarən Sian limanı ilə yanaşı, Çinin şərqində yerləşən ən iri limanlardan biri olan Liyanyunqanqdan da yüklərin test rejimində göndərilməsinə başlanılıb.

Sonda qeyd edək ki, BTQ dəmir yolunun daşıma gücünün 2025-ci ilin sonuna qədər üç dəfə artacağı gözlənilir. 2024-cü ildə bu marşrut üzrə konteyner daşımaları əvvəlki illə müqayisədə 15 dəfə artıb.

Musa BAĞIRLI
XQ

İqtisadiyyat