Asiya İnkişaf Bankının Azərbaycan səhiyyəsinə dəstəyi

post-img

Asiya İnkişaf Bankı (ADB) “Universal səhiyyə əhatəsinin (UHC) UHC PEERS bilik və resurs mübadiləsi şəbəkəsi vasitəsilə sürətləndirilməsi” adlı regional layihəyə texniki yardım ayırmağı nəzərdən keçirir. Layihə Azərbaycan da daxil olmaqla 43 ölkəni əhatə edir və Xüsusi Texniki Yardım Fondu vasitəsilə 495 min ABŞ dolları həcmində maliyyələşdirilməsi planlaşdırılır.

Təşəbbüs ölkələrin universal səhiyyə əhatəsinə doğru irəliləyişini sürətləndirməyə yönəlib. Bu məqsədlə ADB dövlət siyasəti üzrə ekspertlər və praktiklərdən ibarət şəbəkə yaradacaq, səhiyyə sistemləri üzrə təcrübə mübadiləsi, bilik bazası və rəqəmsal alətlər hazırlanacaq. Həmçinin genderyönümlü həllər, ölkələrarası bərabər şərtlərlə təcrübə mübadiləsi, özəl sektorun iştirakı və regional bilik platformasının qurulması layihənin əsas istiqamətlərindəndir.

UHC BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə daxil olsa da, Asiya–Sakit Okean regionunun böyük hissəsi hələ də geri qalır. 2000–2021-ci illərdə əhatə indeksi 45-dən 68-ə yüksəlsə də, son illərdə artım xeyli zəifləyib və 2019-dan bəri demək olar ki, dayanıb. Qeyri-formal sektorda işləyənlərin əhatə səviyyəsinin aşağı olması, tibbi xidmətlərin keyfiyyətinin zəifliyi, rəqəmsal texnologiyaların az tətbiqi, əhalinin birbaşa tibbi xərclərinin yüksək payı (bir çox ölkədə 40%-dən çox) və səhiyyə xərclərinin ÜST standartlarından aşağı olması əsas problemlər kimi göstərilir.

Bank özəl sektorun səhiyyə sistemlərinə inteqrasiyasını vacib hesab edir və bildirir ki, texniki yardım çərçivəsində layihə iştirakçıları UHC-nin tətbiqi, tibbi xidmətlərin keyfiyyəti və əlçatanlığı ilə bağlı məsləhətlər və regional bilik platformasına çıxış əldə edəcəklər.

XQ

İqtisadiyyat