Büdcə müzakirələri davam edir

post-img

Deputatlar layihə ilə bağlı rəy və təkliflərini bildirdilər

Dünən Milli Məclisin gələn ilin dövlət büdcəsinə həsr olunmuş növbəti plenar iclası keçirildi. İlk gündə olduğu kimi, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfi ətrafında müzakirələr aparıldı, deputatlar məsələ ilə bağlı çıxışlar etdilər.

Deputat Razi Nurullayev büdcə layihəsində bir sıra fundamental sualların yarandığını bildirdi. Parlamentarinin fikrincə, gəlirlərin mühüm hissəsi hələ də neft-qaz sektorundan asılı vəziyyətdədir: “Əsas fokusu qeyri-neft sektorunun inkişafına yönəltməliyik. Bu sahədə, zənnimcə, daha çox təşəbbüs edirik, danışırıq, real nəticə isə zəifdir. Çünki qeyri-neft sektorunun artımı əsasən neft və qaz layihələrinə bağlı sahələrin inkişafından qaynaqlanır və bunu real artım kimi görmək nə dərəcədə düzgündür?”

R.Nurullayev həmçinin qeyd etdi ki, büdcə layihəsində sosial paketdə artımlar olsa da, bu, insanların minimal yaşayış tələbləri və real inflyasiya fonunda əhəmiyyətini itirir. Milli Məclisin deputatı qiymətlərin sürətlə artdığını, sosial həssas qrupların daha çox çətinliklə üzləşdiyini bildirdi, həmçinin dedi ki, əməkhaqqı və pensiya artımları var, real bazarda isə bu artımın təsiri hiss olunmur.

Deputat başqa bir problemin büdcə layihəsinin daha çox paytaxtı əhatə etməsinin olduğunu dedi: “Büdcə bölgüsü yenə də mərkəzyönümlüdür. Regionlarda demoqrafik boşalma, işsizlik davam edir. Regionlara ayrılan vəsaitlər struktural dəyişikliklərə deyil, daha çox görünüşü gözəl layihələrə yönəlir. Bu isə strateji yanaşma deyil. Regionlar iqtisadiyyatın sütunudur və onların inkişafı olmadan qeyri-neft sektorunun artımından danışmaq mümkün deyil. Regionlar iqtisadi sərbəstlik və iqtisadi idarəçilik məsələsində mərkəzdən asılı duruma salınmamalıdır. Nə qədər ki, bu belə olacaq, regionlar istədiyimiz kimi inkişaf etməyəcək”.

Plenar iclasda çıxış edən Milli Məclisin deputatı Vasif Qafarov da bölgələrə daha çox diqqətin ayrılmasının vacib olduğunu qeyd etdi. Deputat bölgələrdə yeni iş yerlərinin yaradılmasını, bunun üçün özünəməşğulluq proqramlarının genişləndirilməsinin, eyni zamanda, sahibkarlığın, xüsusilə, kiçik və orta sahibkarların dəstəklənməsinin məqsədəuyğun olduğunu bildirdi: “Kiçik və orta sahibkarlığı inkişaf etdirməklə biz bölgələrdə işsizliyi və bununla da miqrasiyanı aradan qaldıra bilərik. Sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrə son qoyulmalıdır. Bölgələrdə hansısa işə başlamaq üçün mərkəzi icra hakimiyyəti orqanlarından icazələrin alınması kimi bürokratik asılılıqlar aradan qaldırılmalıdır”.

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova bildirdi ki, üç və daha çox uşaqlı ailələrə sosial dəstək proqramlarının həyata keçirilməsi vacibdir: “Bu gün Ümumdünya Uşaq Hüquqları Günüdür. Uşaq yalnız ailənin deyil, eyni zamanda, mənsub olduğu xalqın, dövlətin ən böyük və qiymətli sərvətidir. Ona görə də büdcəyə uşaqlarla bağlı təkliflərimi bir daha səsləndirmək istəyirəm. Məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması, uşaq bağçalarında və təhsil müəssisələrində tibbi və psixoloji xidmətin təşkili, beynəlxalq təcrübəni öyrənməklə üç və daha çox uşaqlı ailələrə sosial dəstək proqramlarının həyata keçirilməsinə ehtiyac var”.

Həmçinin bir sıra deputatların çıxışından sonra Milli Məclis “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda qəbul etdi. 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat, xərcləri 41,7 milyard manat məbləğində nəzərdə tutulur. Gələn il icmal büdcənin gəlirləri 45 milyard manat, xərcləri 48,8 milyard manat, kəsiri isə 3,9 milyard manat proqnozlaşdırılır.

Milli Məclis 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrini də ilk oxunuşda qəbul etdi. 2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur. Bu, 2025-ci illə müqayisədə 15 manat və yaxud 5,3 faiz çoxdur.

Sənədə əsasən, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat müəyyən edilir. Müzakirələrdən sonra hər iki sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul olundu.

Plenar iclasda “Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi də müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edildi. Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üzrə xərcləri 8.483.070.000 manat olaraq müəyyənləşdirildi.

Büdcə zərfinə daxil olan "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edildi. Belə ki, 2026-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) büdcə xərclərinin 266,4 milyon manat (2025-ci illə müqayisədə 2,2 faiz çox) olması proqnozlaşdırılır. Sənədə əsasən, xərclərin 238,3 milyon manatının İSF-nin gəlirlərinin (15,5 faiz çox), 28,1 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (48,25 faiz az) hesabına qarşılanması nəzərdə tutulur. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq ilk oxunuşda qəbul olundu. Bununla da Milli Məclisdə büdcə müzakirələrinin ikinci günü yekunlaşdı.

Deputat Azər Allahverənov XQ-yə açıqlamasında bildirdi ki, Sosial Müdafiə Fondunun gələn il üçün xərclərinin 8,48 milyard manat səviyyəsində müəyyən edilməsi sosial siyasətin ardıcıl və məqsədyönlü icrasının nümunəsidir:

– Bu rəqəm dövlətin əhali qarşısında sosial öhdəlikləri uğurla yerinə yetirmək üçün kifayət qədər geniş imkanlara malik olduğunu göstərir: “2025-ci illə müqayisədə Fondun xərclərinin artması son illər dövlətin əhalinin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər və sosial təminat mexanizmlərinin ehtiyac səbətinə uyğunlaşdırılması ilə bağlıdır. Bu isə sevindirici haldır. Dövlət Sosial Müdafiə Fondunun müəyyən etdiyi öhdəliklərdən yararlanan bütün kateqoriyalar üzrə rifahın yüksəldilməsi əsas fəaliyyət istiqaməti kimi müəyyən edilib.

Layihədə 159,97 milyon manatlıq ehtiyat vəsaitindən istifadə nəzərdə tutulur ki, bu da 2026-cı il üzrə maliyyə dayanıqlığının təmin olunmasına xidmət edir. Əgər sosial öhdəliklərin icrası zamanı xərclərin tam ödənilməməsi kimi vəziyyət yaranarsa, həmin fərq Ehtiyat Fondundan transferlər hesabına qarşılanacaq. Biz bunu əvvəlki illərdə də müşahidə etmişik. Dövlət büdcəsinin müzakirəsi zamanı Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti hər zaman diqqət mərkəzində saxlanılır.

Tacir SADIQOV
XQ



Siyasət