TDT-yə üzv dövlətlərin ədliyyə nazirlərinin 2-ci iclası

post-img

Noyabrın 20-də Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin ədliyyə nazirləri Bakıda keçirilən toplantı çərçivəsində bir araya gəliblər.

Azərbaycanın ədliyyə naziri Fərid Əhmədovun sədrliyi ilə keçirilən iclasda Türkiyənin ədliyyə naziri Yılmaz Tunç, Özbəkistanın ədliyyə naziri Əkbər Taşkulov, Qazaxıstanın ədliyyə naziri Yerlan Sarsembayev, Qırğız Respublikasının ədliyyə nazirinin müavini İsgəndər Sıdıqalıyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.

Görüş çərçivəsində 2024-cü il sentyabrın 9-da imzalanmış Astana Bəyannaməsində nəzərdə tutulan istiqamətlər üzrə görülmüş işlərin icra vəziyyəti müzakirə olunub, üzv dövlətlər arasında hüquq və ədliyyə sahəsində əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbirdə Astana Bəyannaməsinin müddəalarına uyğun olaraq, üzv dövlətlər tərəfindən hüquq və ədliyyə sahəsində rəqəmsal transformasiya və innovativ həllərin tətbiqi üzrə həyata keçirilən işlər və qabaqcıl təcrübələr təqdim olunub, hərtərəfli və funksional elektron ədliyyə sisteminin xidmət keyfiyyətini artırması, prosesləri sadələşdirməsi və istifadəçiyönümlü mühitin formalaşmasına töhfə verməsi qeyd edilib və qarşılıqlı maraq doğuran məsələlər nəzərdən keçirilib.

Görüş zamanı TDT-yə üzv dövlətlərin ədliyyə nazirlikləri arasında mülki işlər üzrə hüquqi yardım haqqında Azərbaycanın təşəbbüsü ilə çoxtərəfli Saziş layihəsinin hazırlanması istiqamətində Ekspert Qrupunun fəaliyyəti, eləcə də Məhkəmə Ekspertizasının Mərkəzləşmiş Şəbəkəsinin yaradılması üzrə fəaliyyətə başlamış İşçi Qrupunun gördüyü işlər diqqətə çatdırılıb. İştirakçılar TDT-yə üzv dövlətlərin Ədliyyə nazirliklərinin 3-cü iclasının 2026-cı ildə Türkiyədə keçirilməsi barədə razılığa gəliblər.

XQ

Son xəbərlər