Paşinyan, yoxsa katolikos?

post-img

Bu qarşıdurmada qriqorian kilsəsi təkcə təşviqatçı və təbliğatçı deyil, həm də təşkilatçı rolunda çıxış edir

Ermənistanın siyasi səhnəsində dövlətlə kilsə arasında ziddiyyət getdikcə dərinləşir və bu qarşıdirma artıq hakimiyyət uğrun­da açıq mübarizə müstəvisinə keçib. Baş verən hadisələr, sadəcə, kənardan idarə olunan “müxalifət qrupları”nın hakimiyyə­ti ələ almaq ssenarisi deyil. Ölkədə erməni apostol kilsəsi ilə baş nazir Nikol Paşinyan arasındakı qarşıdurma düşmənçiliyə çevri­lib. Erməni apostol kilsəsi insanları mövcud iqtidarı devirmək üçün meydana səsləyir. Kilsə bunu təxribatçı, revanşist keşiş Baqrat Qalstanyanın əli ilə həyata keçirməyə çalı­şır. Bütün ermənilərin katolikosu, patriarx II Qareginin ətrafındakı arxiyepiskopların moizələrinə görə, dövlət əbədi deyil, kilsə isə daimidir və onun arxasınca getmək lazım­dır. Yəni, Ermənistan deyilən coğrafi mə­kanda “hakimi–mütləq” dövlət yox, erməni apostol kilsəsi olmalıdır və onun başında qriqorian dini icmasının liderləri dayanma­lıdırlar. Kilsənin və katolikosların nüfuz və təsirinin həmişə güclü olduğu erməni cə­miyyəti indi seçim qarşısındadır. Kilsə – Pa­şinyan qarşıdurması özünün kulminasiya nöqtəsinə çatıb. 

Erməni xalqı kilsənin girovluğunda

Son iki əsrdə böyük imperiyaların er­mənilərdən Osmanlı Türkiyəsinə qarşı is­tifadə etməyə çalışdığı danılmaz faktdır. Bu missiyanı könüllü qəbul edən, hay­ları təxribata və xəyanətə sövq edən isə məhz erməni qriqorian kilsəsi olub. 

Mövzu ilə bağlı “XQ”-yə açıqlama verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İs­mayılov bildirir ki, erməni qriqorian kil­səsi uzun əsrlər boyu hayları öz ətrafında həm birləşdirib, həm də təşkilatlandırıb: “Müasir Ermənistan qriqorian kilsəsinin uzunmüddətli fəaliyyətinin nəticəsidir. Haylar özlərinin milli kimliklərini qoruyub saxladıqlarına görə məhz kilsəyə borclu­durlar. Onlar tarixlərinin bütün mərhələlə­rində “bir məzhəb, bir millət” prinsipi ilə formalaşıblar. Yəni, kilsə monolit idelogi­ya daşıyıcısı missiyasını yerinə yetirib. Bu mənada kilsə sadəcə dini təsisat de­yil, ictimai, ideoloji, siyasi, hətta iqtisadi mərkəz rolunu oynayıb. Başqa sözlə, kilsə dövlətin funksiyalarını yerinə yetir­diyi üçün cəmiyyətdə aparıcı güc sayılıb. Güclü təşkilatlanmaya, intensiv təbliğata və dayanıqlı maliyyəyə malik qriqorian kilsəsi “böyük Ermənistan” ideyası na­minə terrora belə əl atıb. On doqquzun­cu əsrin sonları, iyirminci əsrin əvvəlləri və sonuncu iki Qarabağ müharibəsi belə nümunələrlə “zəngindir”. Erməni xalqı son iki əsrdə kilsənin girovuna çevrilib, – deyə bilərik”.

Qafqazda sülh üçün real imkanın yarandığı indiki məqamda da erməni qriqorian kilsəsinin buna mane olmağa çalışdığını deyən komitə sədrinin müavi­ni hesab edir ki, ya erməni xalqı kilsənin girovluğundan azad olub, nəhayət, qon­şuları ilə barışığa gələcək, ya da sülhə qarşı çıxacaq: “İndi erməni cəmiyyəti seçim qarşısındadır. Qanunvericiliyin­də etiqad azadlığı yazılsa da, qriqorian kilsəsinə geniş imtiyazların verilməsini nəzərdə tutan müddəalar yer alır. Bu ölkənin “Vicdan azadlığı və dini qurum­lar haqqında” qanununda qeyd olunub ki, erməni apostol kilsəsinin erməni xalqının milli kimliyinin və onun Ermənistanın dini həyatındakı əhəmiyyətinin, milli mənsu­biyyətinin qorunub saxlanılmasında rolu əvəzsizdir. Yəni, qanunvericilikdəki bu kimi ikili standartlar cəmiyyəti dövlətlə, faktiki olaraq, üz-üzə qoyur”. 

Sağlam düşünənlərin səsi güclənir 

“Ermənistandakı xaos həm dərinləşir, həm də geniş miqyas alır. Bu vəziyyətdə hakimiyyət öz gücünü göstərməlidir. Prin­sip etibarilə, Hayastan reallığında əks-spi­ral hərəkəti həmişə mövcuddur. Bunun qarşısını almaq üçün Nikol Paşinyan müt­ləq fövqəladə tədbirlər görməlidir”. 

Tanınmış teleaparıcı və siyasi şərhçi Tofiq Abbasov İrəvanda daxi­li siyasi durumu, davam edən etiraz aksiyasını və qüvvələr nisbətini şərh edərkən belə deyib. Hazırda Ermənis­tanda baş verənləri köhnəliklə yeniliyin mübarizəsi kimi xarakterizə edən siyasi şərhçi yeniliyi Paşinyan və onun ko­mandasının təmsil etdiyi qənaətindədir: “Azərbaycanın dörd kəndi qanuni və real sahibinə qaytarıldıqdan sonra əv­vəlcə narazı qüvvələrin qara-qışqırığı başladı, sonra birdən-birə “bu kəndlər heç vaxt erməni kəndi olmayıb”, “on­lar Azərbaycan kəndləridir”, “biz onları qaytarmalı idik” deyən ağıllı insanların səsini eşitdik. Hazırda sosial şəbəkələ­rin erməni seqmentində sağlam düşün­cəli insanların səsləri, təmkinli müha­kimələri çoxalmaqdadır.

T.Abbasovun sözlərinə görə, Ermə­nistan özünün yeni tarixinin son otuz il­dən də artıq müddətini itirib: “Çünki, o, başqasının olanı özünküləşdirmə, kin və ədavət, türkofobiya, azərbaycanofobiya siyasətinə üstünlük verib. Amma nəti­cədə heç nə əldə edə bilməyib. Yalnız İkinci Qarabağ müharibəsindəki məğ­lubiyyətin acı bəhrələrini dadmalı olub. Halbuki Azərbaycan daim ədalətin tərə­fində olub və bu həqiqət getdikcə yüksə­lir, bütün digər amillərə üstün gəlir”.

Azlıqdakıların hakimiyyət iddiası

2018-ci ildə hakimiyyətə gələn Paşin­yan kilsə ilə münasibətləri nizamlamağı bacarmadı. Altı il bundan əvvəl hamıya bəlli idi ki, erməni kilsəsi 20 il hakimiy­yətdə olmuş “Qarabağ klanı” ilə geniş əlaqələrə malik idi. Eçmiədzin Koçaryan və Sarkisyan iqtidarının yeritdiyi siyasi kursu dəstəkləyib. Amma bu amil Paşin­yanla kilsə arasında ziddiyyətin kəskinləş­məsinə gətirib çıxaran tək səbəb deyildi.

“Nikol Paşinyan çox vaxt itirib, amma bu, onun təqsiri deyil, əksinə, Azərbay­canla barışmaq istəməyən separatçı re­vanşistlərin, radikalların yetərsizliyidir. İndi Ermənistan daxilindəki siyasi qüvvələr bir həqiqəti dərk etməlidirlər ki, reallıqdan imtina, qarşıdurma, eskalasiya yolu artıq keçmişdə qalıb. Koçaryanların, sarkis­yanların dünənki hökmü yoxdur. Onlar elə hesab edirlər ki, hakimiyyəti ələ alsalar, köhnə siyasətlərini yenidən həyata keçir­mək şansını qazana biləcəklər”,– deyən siyasi şərhçi bunun qəti şəkildə mümkün olmadığına diqqəti yönəldir: “Həm də tək­cə ona görə yox ki, Azərbaycan buna heç vaxt imkan verməyəcək. Məsələ ordadır ki, erməni xalqı artıq oyanıb. O, Qarabağ klanının prosesləri əks istiqamətə apardı­ğını, səhvlərlə dolu keçmişə qapı açmaq istədiyini yaxşı başa düşür. Halbuki irəliyə baxmaq, qonşularla dialoq qurmaq və birlikdə etimad mühitini yaratmaq barədə düşünmək lazımdır. Erməni siyasətçiləri arasında hələ də davam edən sərt qarşı­durma siyasətindən yorulmuş indiki nəslin tələbləri, gözləntiləri barədə düşünməyin məqamıdır”.

Haylar “dənizdən-dənizə böyük Ermə­nistan”, “miatsum”, “Artsax”, “öz müqəd­dəratını təyinetmə” kimi dünyaya sırıma­ğa çalışdıqları yalanlardan əl çəkmədən, qonşularla normal münasibətlər qurma­dan, “qədim tarix”ləri barədə uydurdiqları miflərdən azad olmadan xain və xəbis xis­lətlərindən qurtula bilməyəcəklər. 

“Əgər qərarların qəbul edilməsi sözü­gedən cahil qəsbkarların əlində olsaydı, onlar əsla heç vaxt sərhədlərin delimita­siyasına, sərhəd dirəklərinin qurulmasına, hərbçilərin mübadiləsinə və digər şərtlərə razı olmazdılar. Bu gün Ermənistanın sağ­lam düşüncəli elitası daxili konsensusa nail olmağa necə kömək etmək və normal siyasətin yürüdülməsinə maneələr yara­dan qüvvələri susdurmaq barədə düşün­məlidir. Bundan ötrü ictimai rəy institutları Paşinyanın siyasi mövqeyinin yüksəlməsi naminə ciddi səy göstərməlidirlər”, – deyə ekspert vurğulayıb.

Nadürüstlük kompleksi

Obyektiv şəraitin və sadə məntiqin dik­tə etdiyi reallığın prizmasından yanaşanda da xaçpərəst hayları anlamaq çox çətindir. Baxmayaraq ki, xalqımız onların ikiüzlü, nankor xislətinə, çörəyi dizinin üstə olma­sına yaxşı bələddir, amma yenə də şərqli genişürəkliliyinə salıb barışığa gələcəyinə, bundan sonra qonşusu ilə dürüst davrana­cağına inanmaq istəyir. Hətta bu zaman onlara xilaskar kimi qucaq açan, son iki əsrdə kilsə ilə yanaşı, erməni varlığının qo­runmasında özəl xidmətləri olan Rusiyaya qarşı hansı hərəkətlərə yol verdiyinə canlı şahidlik etsə də, yenə ümidini üzmür. 

Gerçəklik ondan ibarətdir ki, həm Pa­şinyan hakimiyyəti, həm də erməni qriqo­rian kilsəsi, ən azı, son 30 ildə bölgədə baş vermiş bəşəri cinayətlərin müəllifləri­dir. Fərq ondadır ki, Paşinyan bu çirkaba son altı ildə bulaşıb, kilsənin isə bu sahə­də qanlı və böyük “əmək stajı” daha çox­dur. Hazırda mövcud hakimiyyət əleyhinə çıxışların əsas motivi onun Azərbaycanla münasibətləri normallaşmaq istiqamətin­də atdığı konkret addımlardır. Nikol Paşin­yan hakimiyyəti bu addımları kifayət qədər gərgin şəraitdə – bir tərəfdən Qərbin, di­gər tərəfdən Rusiyanın və bunlardan heç də az təhlükəli sayılmayan diaspor və kil­sənin təzyiq və təhdidəri fonunda atır.

Son üç il yarımda Paşinyanın əley­hinə etirazlar, ciddi səviyyədə “istefa!” tələbləri az olmayıb. Amma o, bütün bun­lara baxmayaraq hakimiyyətdə qalmağı bacarıb. Ona görə ki, Nikol Paşinyanın kürsüsündə qalmasında maraqlı olan güclər var. Qərb hələ ki, Ermənistanda mövcud hakimiyyətin dəyişməsini istəmir. Çünki baş nazir qərbli tərəfdaşlarına vəd etdiklərinin hamısını yerinə yetirməyib. Amma bir faktı da nəzərə alaq ki, müha­ribədə uduzan Paşinyan ikinci müddətə baş nazir seçilən nadir siyasətçilərdəndir. 

İmran BƏDİRXANLI
XQ





Siyasət