Ermənistan və Gürcüstan hakimiyyətləri müxalif təhdidlə üz-üzə
Müsahibimiz Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxovdur
Cənubi Qafqaz regionundakı 3 respublikadan ikisində – Gürcüstan və Ermənistanda son vaxtlar kütləvi etiraz aksiyaları keçirilir. Əgər Gürcüstanda etiraza çıxanlar “Xarici təsirlərin şəffaflığı haqqında” qanunun onları Avropaya və bütövlükdə, Qərbə inteqrasiya yolundan, dolayısı ilə əməkdaşlıqdan uzaqlaşdıracağını düşünürlərsə, Ermənistandakı etirazçılar Azərbaycanla münasibətlərin yaxşılaşmasını istəmədikləri üçün küçələrə çıxıblar. Başqa sözlə, gürcülər əməkdaşlıq istədikləri, ermənilər isə istəmədikləri üçün küçələrə çıxıblar. Əslində, baş verənlər bizim üçün gözlənilməz deyil. Gürcülər əməkdaşlıq tərəfdarı olduqları üçün hər zaman irəli gediblər, ermənilər isə ötən onilliklər ərzində yerlərində saymağa davam edirlər. Məhz İrəvanın işğalçılığı səbəbindən Azərbaycandan start götürən mühüm nəqliyyat-kommunikasiya və enerji xətləri bu gün Ermənistandan deyil, Gürcüstandan keçir.
Qonşu ölkələrdə baş verən hadisələr, eləcə də gündəmin digər aktual məsələləri ilə bağlı Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxovla söhbətləşdik. Müsahibəni təqdim edirik.
– Fikrət müəllim, Azərbaycanla delimitasiya sahəsində əldə edilən razılaşmaya etiraz əlaməti olaraq, aprelin sonlarından Ermənistanda aksiyalar keçirilir. Bu aksiyalarla bağlı fikirlərinizi bilmək istərdik...
– Aydın məsələdir ki, bu, sadəcə olaraq, bir erməni din xadiminin şəxsi təşəbbüsü ilə başlanan etiraz aksiyası deyil. Xaricdə onun arxasında dayanan müəyyən qüvvələr var. Təbii ki, Rusiya Nikol Paşinyanın fəaliyyətindən çox narazıdır. Çox güman ki, burada Rusiyanın da marağı var. Daxildə də aksiyaların arxasında Robert Koçaryan, Serj Sarkisyan, Qarabağ klanının digər nümayəndələri, revanşistlər, radikallar dayanıblar. Bu qüvvələrin Paşinyana qarşı birləşməsi istiqamətində canlanma gedir. Amma söhbət heç 4 kəndin Azərbaycana qaytarılmasından getmir. Bu, sadəcə olaraq, bəhanədir. Onlar yaxşı başa düşürlər ki, həmin kəndlər Azərbaycana məxsusdur. Hətta, Ermənistanın ikinci prezidenti Sarkisyan da kəndlərin ötən əsrin 90-cı illərinin əvvəllərində işğal olunduğunu etiraf etmişdi. Öz fikirlərini bununla “əsaslandırmağa” çalışmışdı ki, guya, Azərbaycan orada qaz borusunu partlatmaq istəyirmiş. Yəni, dövlət başçısına yaraşmayan belə cəfəng söhbət etmişdi.
Biz görürük ki, Ermənistanda hakimiyyət uğrunda mübarizə gedir. Paşinyanı və onun komandasını devirmək istəyirlər. Görünən həm də odur ki, onların gücü çatmır. Onlar nümayişkəranə şəkildə Tavuş vilayətindən İrəvana yürüş etməklə və mitinqə müəyyən əhalini toplamaqla heç nəyə nail ola bilmirlər. Arada parlamentdə Paşinyanın impiçmenti məsələsini ortaya atırlar. Amma orada da səs çoxluğu əldə edə bilmirlər. Eyni zamanda, onlar hesab edirlər ki, Paşinyan özü istefa verməlidir. Bu da alınmır. Digər tərəfdən onların heç xarizmatik liderləri də yoxdur. Heç özləri də Paşinyanı kimin əvəz edəcəyini bilmirlər. Yəni, öz aralarında da qalmaqallı vəziyyət yaranıb. Hətta, absurd təklif də irəli sürülür ki, bəlkə arxiyepiskop Baqratın özü baş nazir olsun?! Bütün bunlar aksiyaların artıq ciddiyə alınmadığını göstərir.
Reallıq bundan ibarətdir ki, erməni cəmiyyəti artıq yorulub. Onlar 2020-ci ildə 44 gün başqa dövlətin ərazisində nə üçün döyüşdüklərini, qan tökdüklərini, nəyi, kimi müdafiə etdiklərini düşünürlər. Başa düşürlər ki, onlar Azərbaycanın torpağında idilər, biz onların ərazisində deyildik. Orada müəyyən təbəqələr artıq bu reallıqları başa düşürlər. Buna görə də mən Paşinyan əleyhinə keçirilən aksiyaların uğurla başa çatacağını, yəni onların baş naziri asanlıqla devirə biləcəklərini düşünmürəm.
– Ermənistanda aksiyaların başlanmasından bir aya yaxın vaxt ötür. İndiyədək hansısa uğur qazana bilməyən revanşistlər hələ də küçələrdən çəkilmək istəmirlər. Sizcə, onlar bundan sonra nəyə ümid edirlər?
– Aksiyaların necə yekunlaşacağı hakimiyyətdən asılıdır. Əgər hakimiyyət daha konkret və radikal addımlar atsa, aksiyaların təşkilatçılarını qanunsuz hərəkətlərinə görə həbs etsə, bu məsələdə Paşinyan iqtidarı, necə deyərlər, qalib ayrılacaq. Bununla ölkədə sabitlik faktiki olaraq, bərpa edilə bilər. Amma Paşinyan hökuməti buna liberal yanaşacaqsa, günlərlə meydanda “nağıl danışmağa” imkan yaradacaqsa, əlbəttə, etirazçılar daha radikal addımlar da ata bilərlər. Bunlar çox incə, eyni zamanda, mühüm məqamlardır. Yəni, hakimiyyət özünü və dövlətçiliyi qorumağa qadir olmalıdır. Əgər hansısa keşişlər, təsadüfi ünsürlər, dövlətçiliyə qarşı çıxış edən dairələr varsa, onlara qarşı konkret radikal addımlar atmaq lazımdır. Burada gözləmə vəziyyətində dayanmaq olmaz. Zənnimcə, Paşinyan bunu aydın dərk etməlidir. Çünki o, özünü böyük demokrat hesab edir. Amma atdığı “demokratik addımlar”, seyrçi mövqedə qalmaq onun devrilməsinə də gətirib çıxara bilər.
Düzdür, hazırda Ermənistanda baş verən proseslər elə də güclü deyil. Qeyd etdiyimiz kimi, onların güclü lideri də yoxdur. Amma etirazçılar, əlbəttə, ölkədə sabitliyi poza bilərlər. Düşünürəm ki, onun arxasında dayanan qüvvələr elə bu məqsədi güdürlər. İstəyirlər ki, Ermənistanda sabitlik pozulsun, iğtişaşlar baş versin. Bundan sonra isə onlara lazım olan proseslər yaşansın. Paşinyana qarşı çıxanların əsas məqsədi də budur.
– Ermənistanla yanaşı, regionun digər dövlətində – Gürcüstanda da etiraz aksiyaları keçirilir. Özü də Ermənistandan fərqli olaraq, Gürcüstandakı aksiyalar ardıcıllığı və kütləviliyi ilə diqqəti cəlb edir. Eyni zamanda, Qərb ölkələri mitinqçilərə açıq dəstək verirlər. Hətta, mayın 15-də Latviya, Litva, Estoniya və İslandiya xarici işlər nazirləri parlament binasının qarşısına gələrək etiraz aksiyasında iştirak ediblər. Bu barədə də sizin fikrinizi bilmək maraqlı olardı...
– Gürcüstanda çox maraqlı bir vəziyyət yaranıb. Avropa İttifaqı əl-ayağa düşüb ki, “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsi qəbul edilməməlidir. Guya, bu, Gürcüstan dövlətinin maraqlarına ziddir. Hədə-qorxu gəlirlər. Tbilisini Avropa İttifaqına qəbul etməməklə qorxudurlar və sair. Bu qarşıdurmanın arxasında müəyyən maraqlar dayanır. Söhbət qərbpərəst və ruspərəst qüvvələrdən gedir. Gürcüstan hakimiyyəti bəlkə də heç ruspərəst deyil. Onlar, sadəcə olaraq, Qərbin, Avropa İttifaqının diktəsi ilə yaşamaq istəmirlər. Avropa ölkələrinin nümayəndələri Tbilisiyə gələndə baş nazir onları heç qəbul etmədi. “Gürcü arzusu”nun qurucusu Bidzina İvanişvili də onlarla görüşmək istəmədi. Bu o deməkdir ki, Gürcüstan rəhbərliyi onların daxili işlərinə müdaxilə edilməsini istəmir.
Amma Gürcüstanda vəziyyət gərgin olaraq qalır. Parlamentdə üçüncü oxunuşdan keçən qanuna prezident imza atmalıdır. Prezident isə imza atmayacağını, veto qoyacağını bildirdi. Lakin parlamentin bundan sonra qanun layihəsini yenidən səs çoxluğu ilə qəbul etmək hüququ var. Bütün bunlar özlüyündə müəyyən siyasi böhran əlamətidir. Gürcüstanda hakimiyyət kifayət qədər güclüdür. Hazırda əlindən gələni edəcək ki, qanun qəbul edilsin və həyata keçirilsin. Amma bu, heç də Gürcüstanda tam sabitliyin yaranacağı demək deyil. Çünki qonşu ölkədə bu zəmində qarşıdurma var. Qarşıdurmanı aradan qaldırmaq üçün hakimiyyət ona qarşı çıxış edənlərin başçıları ilə görüşməlidir. İzah edilməlidir ki, qanunun qəbulu heç də Gürcüstanın Avropadan uzaqlaşması, bunun dövlətin və xalqın maraqlarına zidd qanun olması, yaxud onun maraqlarına zərbə vurulması demək deyil. Yəni, məsələni qarşılıqlı anlayış və güzəştlərlə həll etmək lazımdır. Düşünürəm ki, Gürcüstan hakimiyyəti və müxalifət bu istiqamətdə ortaq dil tapmalıdırlar.
– İstərdik digər bir mövzuya keçid alaq. ATƏT-in 1992-ci ildə yaratdığı Minsk qrupu adlanan qurum 2020-ci ilədək keçmiş münaqişənin həlli, ərazilərimizin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etmədi. Buna baxmayaraq, Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatlar hələ də ləğv edilməyib. ATƏT-in fəaliyyətdə olan sədri İan Borqun bu həftə Bakı və İrəvana səfəri onsuz da hər zaman aktual olan məsələni yenidən gündəmə gətirdi. Siz bu ziddiyyəti necə şərh edərdiniz?
– 1992-ci ilin martında ATƏT-in Minsk qrupu yarananda Azərbaycanda ona böyük ümidlər var idi. Çünki 1988-ci ildə Qarabağda başlanan separatçı hərəkat daha da genişlənmiş, 1992-ci ilin yanvarından Ermənistanla Azərbaycan arasında tammiqyaslı müharibəyə çevrilmişdi. Əlbəttə, biz müharibəyə son qoyulmasını və Minsk qrupunun beynəlxalq hüquqa uyğun konkret təkliflər irəli sürməsini istəyirdik. Amma ümidlərimiz puça çıxdı. Çünki biz Minsk qrupunun yalnız öz maraqları çərçivəsində fəaliyyət göstərdiyini gördük. Qrupun irəli sürdüyü təkliflər də tam mənada Azərbaycanın maraqlarına zidd idi. Onlar bizə gah “ümumi dövlət” təklif edirdilər, gah keçmiş DQMV-yə daxil olmayan və işğal edilmiş 7 rayondan beşini (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Ağdam) qaytarmağı, ikisini (Kəlbəcər və Laçın) isə qaytarmamağı təklif edirdilər. Bütün bu təkliflər, təbii ki, Azərbaycanın maraqlarına zidd idi. Biz bu təkliflərə heç vaxt razı ola bilməzdik.
Nəhayət, tam aydın oldu ki, Minsk qrupu keçmiş münaqişənin həllini tapmasına yönələn addımlar atmaqda deyil, məsələni sadəcə, dondurmaqda, status-kvonu möhkəmləndirməkdə və torpaqlarımızı bizdən tədricən qoparmaqda maraqlıdır. Təbii ki, biz buna razı ola bilməzdik. Prezident İlham Əliyev bunu işğal dövründə və ondan sonra dəfələrlə bildirmişdi. Dövlətimizin başçısı mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bunu kifayət qədər açıq və prinsipial şəkildə bir daha diqqətə çatdırdı.
Həmsədrlər gedib özlərinə iş tapsınlar. Hazırda dünyada bir çox münaqişələr mövcuddur. Onlarla məşğul ola bilərlər. Çünki biz Qarabağ məsələsini artıq həll etmişik. Daha bizə hansısa vasitəçi lazım deyil.
– ATƏT-in Minsk qrupuna həmsədrlik etmiş üç dövlətdən biri – Fransa ilə Azərbaycan arasında münasibətlər son illərdə rəsmi Parisin təqsiri üzündən xeyli soyuyub. Bu istiqamətdə son addım Fransa daxili işlər naziri Jerald Darmanenin açıqlamasıdır. O, bəyan edib ki, Azərbaycan Yeni Kaledoniyada baş verən hadisələrə müdaxilə edir. Maraqlıdır ki, fransız nazir müstəmləkə zülmündən qurtulmaq, müstəqillik əldə etmək istəyən kanak xalqını separatçılar adlandırıb. Halbuki, əsl separatçılar ötən əsrin 80-ci illərinin sonlarında Qarabağda mərkəzi hakimiyyətə qarşı hərəkata başlayanlardır. Fransa rəsmilərinin bu ikili standartları barədə nələri qeyd etmək olar?
– Ən maraqlısı odur ki, Fransa parlamenti “Artsax”la bağlı qətnamə qəbul edir, prezident Makron ermənilərin 2023-cü ildə Qarabağdan könüllü köçünə görə bizi suçlayır, bunu etnik təmizləmə adlandırır, amma özləri XIX əsrdən başlayaraq, Yeni Kaledoniya xalqına işgəncə verir. Fransa onlara nəinki müstəqillik, heç öz dillərində yazıb-oxumaq hüququ da vermir. Bu həftənin əvvəlində Fransa hökuməti kütləvi etirazların baş verdiyi adaya qoşun göndərib. Makron həmin ərazidə fövqəladə vəziyyət elan edib və hakimiyyətin istənilən zorakılıq təzahürünə sərt reaksiya verəcəyini bildirib.
Ancaq bütün bunlara baxmayaraq, Fransa rəsmiləri bizi təqsirləndirirlər. Görəsən, bizim təqsirimiz nədir? Yerli xalqın öz dilində oxuyub-yazmaq, yaxud müstəqillik istəyi? Əgər onların nümayəndələri Bakıya gəliblərsə və burada hansısa tədbirdə iştirak ediblərsə, bu, Azərbaycanın orada Fransaya qarşı mübarizəsi deməkdirmi? Biz onları nə silahla təmin edirik, nə də maliyyələşdiririk. Amma biz hesab edirik kanak xalqının müstəqillik əldə etmək hüququ var. Parisin bu cür çıxışlar etməsi tamamilə əsasızdır.
Fransa, ilk növbədə, azsaylı xalqların hüquqlarının təmin olunması məsələsinə diqqət yetirməlidir. Habelə, ölkə daxilində proseslərə nəzarət etməlidir. “Sarı jiletlilər” hərəkatının iştirakçılarının hüquqları barədə fikirləşməlidir. Çünki Fransa daxilində də çox mürəkkəb proseslər gedir. Parisi daha çox bu məsələlər narahat etməlidir. Nəinki Azərbaycanın, guya, Yeni Kaledoniyaya hansısa köməklik etməsi. Bizi bu məsələdə təqsirləndirməyə onların nə haqqı, nə də əsası var. Bunlar hamısı qəbuledilməz siyasi bəyanatlardır. Biz buna qarşı həm rəsmi, həm də ictimaiyyət səviyyəsində çox konkret və prinsipial cavablar veririk.
Səxavət HƏMİD
XQ