Azərbaycan Milli Elmlər Akademiyası bizim
milli sərvətimizdir, onu qoruyub saxlamalıyıq.
Ümummilli lider Heydər Əliyev
Bu il Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının 80 illik yubileyi təntənəli şəkildə qeyd ounur. Ötən müddət ərzində Elmlər Akademiyası ölkəmizin elmi və intellektual həyatının əsas dayaqlarından birinə çevrilib. Burada fəaliyyət göstərən alimlər təkcə elmin müxtəlif sahələrində mühüm nəticələr əldə etməklə kifayətlənməyib, həm də Azərbaycan elminin dünyaya inteqrasiyasında böyük rol oynayıblar.
Azərbaycan elminin böyük bayramı günlərində Elmlər Akademiyanın keçdiyi inkişaf yoluna, onun bugünkü reallıqlarına və gələcək perspektivlərinə nəzər salmaq üçün AMEA-nın Şəki Regional Elmi Mərkəzinin nüfuzlu alimlərindən bir neçəsi ilə görüşüb “Sizin üçün Azərbaycan Milli Elmlər Akademiyası hansı mənəvi və elmi dəyərləri təcəssüm etdirir?” sualı ilə müraciət edərək onların fikirlərini öyrəndik. Həmin müsahibələri XQ-nin oxucularına təqdim edirik.
–Şəki Regional Elmi Mərkəzin direktoru, fizika üzrə fəlsəf doktoru, dosent Yusif Şükürlü:
–Azərbaycan Milli Elmlər Akademiyası elə bir elm məbədidir ki, bu model bütün dünyada elmi sistemin əsas dayağı kimi qəbul edilir. Elmlər Akademiyası elmi tədqiqatların aparıldığı, alimlərin fəaliyyət göstərdiyi, yeni biliklərin formalaşdırıldığı və bu onun cəmiyyətə, istehsalata ötürülməsini təmin edən mühüm elmi-institusional qurumdur. Başqa sözlə, Elmlər Akademiyası yeniliklərin cəmiyyətə inteqrasiyasını həyata keçirən, elmi ideyaları praktik müstəviyə yönəldən həm strateji bir yol, həm də bir daşıyıcı funksiyasını yerinə yetirir.
Alimlər və tədqiqatçılar elmə yüksək məsuliyyət və fədakarlıqla yanaşan insanlardır. Onlar sanki elmin məbədində çalışan ruhanilər kimi biliklərə xidmət edir, elmin müqəddəsliyini qoruyurlar. Onların fəaliyyəti ənənəvi iş qrafiki ilə məhdudlaşmır, elmi yaradıcılıq prosesi sutkanın müxtəlif saatlarına yayılır, bəzən isə gecə və səhər saatlarını da əhatə edir. Alim üçün iş yeri təkcə laboratoriya və ya kitabxana deyil, çox vaxt kitab və məqalələrlə dolu masası, kompüterinin arxasında keçirdiyi uzun saatlar onun əsas “elmi məkanı”na çevrilir. Bu mənada alimin gündəlik həyatı intellektual axtarışlarla formalaşan fasiləsiz bir prosesdir.
Elmlər Akademiyası hər bir ölkənin “düşünən beyni”, elmi-intellektual potensialının mərkəzi kimi çıxış edir. Burada formalaşdırılan elmi yeniliklər əvvəlcə araşdırılır, sistemləşdirilir, elmi sübutlar, təcrübə və rasional əsaslar üzərində dayanmalı, iddiaların doğruluğu elmi metodologiya vasitəsilə təsdiq edilməlidir.
Əlbəttə, fikir və söz azadlığı hər bir demokratik cəmiyyətin əsas prinsiplərindəndir. Lakin elə düşüncələr, elə ideyalar var ki, onların cəmiyyətə təqdimatı yalnız elmi sübutlara əsaslanmalı, elmi əsaslarla təsdiq edilməlidir. Elm bu baxımdan həqiqətin müəyyənləşdirilməsi üçün ən etibarlı vasitə rolunu oynayır.
Bəs elm nədir? Elm-təbiətin və cəmiyyətin qanunauyğunluqlarını dərk etməyə yönəlmiş, Allah tərəfindən yaradılmış qanunların insan ağlı ilə öyrənilməsi və onlardan məqsədyönlü istifadəni təşkil edən prosesidir. Alimin əsas vəzifəsi bu qanunauyğunluqları öyrənmək, nəticələri təhlil və sintez edərək onları praktik istifadəyə yararlı formaya gətirməkdir.
Akademiyanın mövcudluğu hər bir dövlətin intellektual səviyyəsini, elmi potensialını və beynəlxalq nüfuzunu müəyyən edən mühüm göstəricilərdən biridir. Elə buna görə də ümummilli lider Heydər Əliyev haqlı olaraq demişdir: “Azərbaycan Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir, onu qoruyub saxlamalıyıq!”. Bu fikir bu gün də elm adamlarımız üçün milli ideya və çağırış kimi dəyərləndirilir.
Alimlik uzunmüddətli zəhmət və intellektual yetişmə tələb edən bir prosesdir. Əsl alimin formalaşması üçün onilliklər boyu elmi fəaliyyət, tədqiqat təcrübəsi və müstəqil düşüncə bacarığı zəruridir. Elmdə yaşlı nəsil alim-ağsaqqalların rolu xüsusilə böyükdür, onlar elmin istiqamətə yönələn gənc tədqiqatçılara yol göstərən mənəvi körpüləridir.
Eyni zamanda, elmi inkişafın mühüm şərtlərindən biri Elmlər Akademiyasının gəncləşdirilməsidir. Çünki elmin davamlılığı gənc nəslin fəal iştirakı ilə mümkündür. Gənc alimlər elmi sistemə gətirilən müasir bilik, bacarıq və texnologiyaları təhsilə, istehsalat və iqtisadiyyata daşıyan əsas qüvvədirlər. Dünyada qəbul olunmuş prinsiplərə əsasən, elm həm təcrübəli alimlərin müdrikliyi, həm də gənc tədqiqatçıların enerjisi üzərində yüksəlir. Buna görə də elm fədailərinin əməyinə dəyər verilməsi, eləcə də gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması Elmlər Akademiyasının davamlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Şəki Regional Elmi Mərkəzin Bitkilərin biokimyası şöbəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent Zərbalı Xəlilov:
–Elm ilk növbədə inkişaf və rifahın təminatıdır. Elmlər Akademiyası elmin ən yüksək pilləsini təmsil edir. Burada çalışan hər bir alim həm nəzəri, həm də praktiki baxımdan dərin bilik və peşəkarlığa malik olmalıdır.
Elm dövlətin inkişafının əsas dayaqlarından biridir. Elmə yatırılan hər 1 manatın gələcəkdə 5-10 manat əlavə gəlir gətirə biləcəyini unutmamalıyıq. Bu baxımdan, yüksək iqtisadi səmərə verən elmi nəticələrin istehsalata tətbiqi üçün bütün zəruri şəraitin yaradılması olduqca vacibdir.
Elm və istehsalat arasında möhkəm əlaqələrin qurulması, elmi nailiyyətlərin real iqtisadi göstəricilərə çevrilməsi ölkəmizin həm sosial rifahına, həm də ümumi inkişafına mühüm töhfə verəcəkdir.
Şəki Regional Elmi Mərkəzin Tarix və epiqrafika şöbəsinin aparıcı elmi işçisi, pedaqoji elmlər doktoru, professor Firəddun İbrahimov:
-Elmlə məşğul olan bütün qurumlar və sistemlər mənim üçün müqəddəs ocaqlardır. Bunun səbəbi ondan ibarətdir ki, elm bəşər təcrübəsinin zənginləşdirilməsinə, insan idrakının sərhədlərinin genişləndirilməsinə xidmət edən ən ali məqsədlərdən birini daşıyır. Elm dəyərlər yaradan, gerçəkliyə yeni mənalar gətirən bir fəaliyyət sahəsidir və məhz bu səbəbdən onun missiyası müqəddəsdir.
Azərbaycan Respublikasının inkişaf tarixində, xüsusilə də elmin tərəqqisində Azərbaycan Milli Elmlər Akademiyası bütün dövrlərdə bu müqəddəs vəzifəni yüksək ləyaqətlə yerinə yetirmişdir. Müxtəlif düşüncə sahibləri bu qurum haqqında fərqli fikirlər söyləmişlər. Bu, təbiidir və məntiqi baxımdan da başadüşüləndir. Lakin elmin mahiyyətini dərindən dərk edən, onun insan azadlığının təmininə və mənəvi yüksəlişə xidmət etdiyini anlayan insanlar Elmlər Akademiyanın cəmiyyət qarşısında daşıdığı missiyanın böyüklüyünü dərk edirlər.
Əslində, elə bir azərbaycanlı yoxdur ki, Azərbaycan Milli Elmlər Akademiyasının elmi nailiyyətlərindən faydalanmamış olsun. Hər bir vətəndaş, birbaşa və ya dolayı şəkildə, Elmlər Akademiyasının fəaliyyətinin nəticələri ilə qarşılaşır və ondan istifadə edir.
Azərbaycan Milli Elmlər Akademiyasının təşkilati strukturu və idarəetmə mexanizmi daim təkmilləşmə prosesindədir. Mən bu sistemin strukturuna dair xüsusi fikir bildirmək istəməzdim, lakin onun daha mükəmməl səviyyəyə çatdırılması, xüsusilə maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində çalışan hər kəsə dərin ehtiramımı bildirirəm. Bu işdə kiçik də olsa, töhfə verən insanlar elmə, milli inkişafımıza xidmət edən şəxsiyyətlərdir və onlar hər cür təqdirə layiqdirlər.
Milli Elmlər Akademiyası elə bir elmi məbəddir ki, burada yalnız idrakın, düşüncənin tələbatı ödənilir. Burada məqsəd ruhun ehtiyaclarını qarşılayaraq insanın mənəvi kamilliyinə xidmət etməkdir. Elmlər Akademiyası sosial varlığın ali məqsədlərinə yönəlmiş mənəvi-intellektual mərkəzdir.
Bu səbəbdən Elmlər Akademiyasının mövcudluğu təkcə elmi deyil, həm də milli-mənəvi əhəmiyyət daşıyır. O, qorunmalı, inkişaf etdirilməlidir, hər kəs bu müqəddəs elmi ocağın yaşaması və tərəqqisi üçün əlindən gələni əsirgəməməlidir.
Şəki Regional Elmi Mərkəzin Bitkilərin biomüxtəlifliyi və Genefond şöbəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov:
–Artıq səksənə yaxın yaşım var və ömrümün 52 ilini elmə həsr etmişəm. Bu illərin böyük bir hissəsini Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi kimi çalışmışam. Mənim üçün AMEA sadəcə bir iş yeri deyil, həyatımın mənası, ömür yolumun ayrılmaz parçasıdır.
Elm mənim üçün yalnız bir peşə deyil, elmi və mənəvi potensialımın dövlətin və xalqın tərəqqisi və inkişafı naminə reallaşdırmağım üçün məkan, həm də mənəvi və ruhi qida mənbəyidir. Yazdığım hər bir məqalə, əldə etdiyim hər bir nəticə mənə yaşamaq eşqi verir. Mən gördüyüm elmi işdən zövq alıram, yeni biliklər kəşf etdikcə, insanlığın ümumi bilik xəzinəsinə kiçik də olsa töhfə verdikcə, özümü mənəvi cəhətdən daha dolğun hiss edirəm.
Hər gün işimi bitirdikdən sonra özümə bir sual verirəm: “Bu gün mən elm üçün, Elmlər Akademiyası-Şəki Regional Elmi Mərkəz, ümumiyyətlə, elm üçün nə etdim?” Bu sual mənim üçün həm mənəvi hesabat, həm də daxili motivasiyadır. Elm adamının vicdanı elə onun gündəlik hesabatıdır– gördüyü işin dəyəri ilə, elmi vicdanla ölçülür.
Azərbaycan Milli Elmlər Akademiyası mənim üçün bir elm ocağından çox, bir həyat məktəbidir. Burada keçirdiyim illər mənə öyrədib ki, elmə sədaqət, çalışqanlıq və fədakarlıq insanı mənəvi baxımdan ucaldır.
Mən bu gün də eyni sevgi və məsuliyyətlə elmlə məşğul oluram. Çünki elm- düşüncənin, yaradıcı təfəkkürün və insan ruhunun ən ali ifadəsidir. Mənim üçün elm həm həyat tərzi, həm də həyatın mənasıdır.
Şəki Regional Elmi Mərkəzin Landşaftşünaslıq şöbəsinin rəhbəri, geologiya-minerologiya üzrə fəlsəfə doktoru Hüseyn Mustafabəyli:
–Mən 1976-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzində fəaliyyət göstərirəm. Bu illər ərzində elmi (geokimya, biogeokimya, landşaftşünaslıq sahələri üzrə) və pedaqoji (kimya və coğrafiya fənləri üzrə) fəaliyyətimi tamamilə bu elm ocağı ilə bağlamışam.
Həyatım boyu qazandığım bütün elmi və peşə uğurları, əldə etdiyim təcrübə və nailiyyətlər birbaşa AMEA-nın Şəki Regional Elmi Mərkəzinin zəngin elmi mühiti, əməkdaşlıq ruhu və akademik ənənələri ilə sıx bağlıdır.
Bu Mərkəz mənim üçün sadəcə bir iş yeri deyil–o, elmi inkişaf, yaradıcı düşüncə və intellektual formalaşma məktəbidir. Burada keçdiyim elmi yol, qarşılaşdığım insanlar və birgə fəaliyyət göstərdiyim həmkarlar mənim elmi dünyagörüşümün və tədqiqat mədəniyyətimin formalaşmasında mühüm rol oynamışdır.
AMEA və Şəki Elmi Mərkəz mənim üçün elmə sədaqətin, tədqiqat ruhunun və milli elmi düşüncənin təcəssümüdür.
Şəki Regional Elmi Mərkəzin elmi işlər üzrə direktor müvini, filolologiya elmləri doktoru, dosent Kamil Adışirinov:
–Azərbaycan Milli Elmlər Akademiyası respublikanın ən nüfuzlu elmi müəssisələrindən biri olmaqla, ölkəmizdə elmin inkişafını istiqamətləndirən, dövlətin elmi siyasətinin həyata keçirilməsində mühüm rol oynayan aparıcı elmi təşkilatdır. Ümummilli lider Heydər Əliyev vaxtilə AMEA-nı “ölkəmizin milli sərvəti” adlandırmaqla onun əvəzsiz əhəmiyyətini dahi uzaqgörənliklə vurğulamışdır. Bu fikrin mahiyyəti ondan ibarətdir ki, elm insan həyatının, cəmiyyətin tərəqqisinin və dövlətin davamlı inkişafının əsas dayağıdır.
Bu baxımdan, AMEA-nın və onun çoxsaylı alimlər ordusunun ölkəmizin elmi-intellektual potensialının gücləndirilməsində, Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafına töhfə verməsində rolu olduqca böyükdür.
Elmin inkişafına xüsusi diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu barədə haqlı olaraq qeyd etmişdir: “Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycanın intellektual elitası cəmləşir. Elmlər Akademiyasının inkişafı Azərbaycanda elmin inkişafına birbaşa təsir göstərir və müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir.”
Şəki Regional Elmi Mərkəzin Mülki Müdafiə Qərargahının rəisi Yusif Rəhimov:
–Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasında elmin inkişafının təmin edilməsində və elm sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən ali elmi təşkilatıdır.
Elmlər Akademiyasında Azərbaycan ədəbi-ictimai fikrinin, mədəniyyətinin, tarixi-mədəni irsinin, adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunmasına və inkişaf etdirilməsinə dair ardıcıl və sistemli elmi tədqiqatlar həyata keçirilir.
Eyni zamanda təbiət, cəmiyyət və insan haqqında yeni biliklər əldə etməklə, Azərbaycan Respublikasının iqtisadi, sosial, mədəni və innovativ inkişafına xidmət göstərilir.
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik tarixi eyni zamanda bir neçə nəsil alimlərin elmi irsini özündə birləşdirir. Bu irsin qorunması və inkişafı, gənc tədqiqatçıların yetişməsi elmi ənənələrin davamlılığını təmin edir. Məhz bu baxımdan elmimizin veteran nümayəndələri kimi, gənc alimlərin fikirləri də xüsusi maraq doğurur.
AMEA-nın Şəki Regional Elmi Mərkəzin Tarix və epiqrafika şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə d Rahim Həsənov:
– Milli Elmlər Akademiyası mənim üçün elmə xidmətin, biliklərin dərinləşməsinin və şəxsiyyətin intellektual inkişafının mərkəzidir. 2012-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzində fəaliyyət göstərirəm. Bu illər ərzində elmi potensialımı artırmaq, sistemli tədqiqatlar aparmaq və yeni biliklər qazanmaq imkanı əldə etmişəm.
Akademiya mənə həm ölkə daxilində, həm də xaricdə keçirilən beynəlxalq elmi konfranslarda iştirak etmək, tanınmış alimlərlə tanış olmaq və elmi təcrübə mübadiləsi aparmaq üçün geniş imkanlar yaratmışdır. Bu fəaliyyət mənim elmi dünyagörüşümün formalaşmasında və tədqiqat bacarıqlarımın inkişafında mühüm rol oynamışdır.
AMEA-da çalışmaq mənə yalnız elmi biliklərimi dərinləşdirmək deyil, həm də milli elmin inkişafına, onun beynəlxalq səviyyədə tanınmasına töhfə vermək imkanı qazandırmışdır.
Milli Elmlər Akademiyası mənim üçün elmə sədaqətin, araşdırma həvəsinin və yaradıcı düşüncənin simvoludur. Burada keçirdiyim hər gün elmi fəaliyyətimə yeni məna, yeni məqsəd və mənəvi dəyər qatır.
Şəki Regional Elmi Mərkəzin Ekoloji coğrafiya şöbəsinin rəhbəri, coğrafiya üzrə fəlsəfə doktoru Qafqaz Ağabalayev :
–Azərbaycan Milli Elmlər Akademiyası mənim üçün təkcə elmi idarəetmə və tədqiqat mərkəzi deyil, həm də milli düşüncənin, intellektual potensialın və elmi irsin qorunduğu müqəddəs bir elm ocağıdır. AMEA Azərbaycan elminin inkişaf istiqamətlərini müəyyənləşdirən, gənc tədqiqatçıların formalaşmasına geniş imkanlar yaradan, eyni zamanda ölkənin sosial-iqtisadi, ekoloji və mədəni tərəqqisinə elmi əsaslarla töhfə verən aparıcı bir elmi qurum kimi mühüm əhəmiyyət daşıyır.
Milli Elmlər Akademiyasında elmi fəaliyyət göstərmək mənim üçün həm böyük məsuliyyət, həm də dərin qürur mənbəyidir. Çünki burada həyata keçirilən tədqiqatlar və əldə olunan elmi nəticələr yalnız fərdi nailiyyətlərlə məhdudlaşmır, bütövlükdə Azərbaycanın elmi nüfuzunun möhkəmlənməsinə xidmət edir.
AMEA-nın strukturunda çalışmaq mənə elmin fundamental prinsiplərini daha dərindən öyrənmək, müxtəlif sahələr üzrə təcrübəli alimlərlə əməkdaşlıq etmək və öz tədqiqat istiqamətimi sistemli şəkildə inkişaf etdirmək imkanı qazandırıb.
Azərbaycan Milli Elmlər Akademiyası mənim üçün həm milli elmimizin sabit dayağı, həm də gələcək nəsillərə elmi irs mirası qoymaq məqsədilə yaradılmış intellektual məkandır. Burada fəaliyyət göstərmək elmə, xalqa və dövlətə xidmətin ən ali formasıdır.
Beləliklə, AMEA-nın Şəki Regional Elmi Mərkəzində biri-biri ilə uzlaşan elmi baxışlar, subyektiv fikirlər göstərir ki, Azərbaycan Milli Elmlər Akademiyası həm keçmişin zəngin irsini qoruyub-saxlayır, həm də elmin gələcəyinə inamla baxır. Səksən illik tarix təkcə yubiley deyil, elmə və biliyə olan davamlı bağlılığın simvoludur.
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə AMEA ailəsini səmimi qəlbdən təbrik edir, elmimizin inkişafı naminə gələcək tədqiqat fəaliyyətlərində daha böyük nailiyyətlər və uğurlar arzulayırıq.
Reyhan Mənəfova
Şəki Regional Elmi Mərkəzin
İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri

