Beynəlxalq Muğam Mərkəzində I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu çərçivəsində Kalvalı Əli Dədənin 150 illiyi münasibətilə konsert proqramı təşkil olunub.
Tədbirdə çıxış edən Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən Sahib Paşazadə bu cür konsertlərin təşkilinin əhəmiyyətindən danışıb. O, çağdaş Azərbaycan zurna-balaban məktəbinin inkişafında mühüm xidmətləri olan Kalvalı Əli Dədənin yaradıcılığına nəzər salaraq, ustad sənətkara həsr olunan mərasimin Azərbaycan musiqi irsinə verilən dəyərin bariz nümunəsi olduğunu bildirib.
Sahib Paşazadə Türk xalqlarının ortaq mədəniyyətinə töhfə olan qədim nəfəs alətlərindən birinin balaban olduğunu söyləyib. Qeyd edib ki, balaban Azərbaycan musiqisində 7 əsas muğamdan biri sayılan “Segah” pərdəsi üzərində qurulduğu üçün onun mahir ifaçıları da, sözsüz ki, ruhları muğamla yoğurulmuş Azərbaycan türkləri sayılırlar.
“Zurna, balaban, tar, kamança kimi alətlərin başqa xalqlarla müqayisədə ifadə imkanları baxımından türk xalqlarında özünəməxsus cəhətləri vardır”, – deyən Sahib Paşazadə ölkəmizdə maddi və qeyri-maddi irsin, Azərbaycanın zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqində, UNESCO-nun müvafiq siyahılarında yer almasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğulayıb.
O, çıxışının sonunda bildirib ki, Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu türk dünyasının ədəbi-nəzəri, mənəvi-estetik dünyasının bütün bəşəriyyət üçün böyük mənəvi qida olduğunu bir daha təsdiq edəcək.
Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaşzadə çıxışında vurğulayıb ki, Türk dünyasının ənənəvi musiqisi və milli kimlik məsələləri bir-biri ilə sıx bağlıdır.
Onun sözlərinə görə, Türk dünyasının musiqi irsi həddindən artıq zəngindir. Türk xalqlarının tarixi salnaməsində qəhrəmanlıq ruhu, zəngin yaradıcılıq ənənəsi var. Bu tədbirlər sayəsində biz həm də türk dünyasının geniş və zəngin musiqi mədəniyyətini daha dərindən öyrənmiş oluruq.
AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev isə çıxışında Türk dünyasının musiqi irsindəki ortaq dəyərlərin elmi müstəvidə araşdırılmasının vacibliyinə toxunub. Bildirib ki, tədbir həm də Kalvalı Əli Dədənin yaratdığı musiqi məktəbini xatırlamaq və sənət irsini dəyərləndirmək üçün fürsətdir.
Daha sonra konsert proqramı təqdim olunub.
Proqramda türk xalqlarının nümayəndələri müxtəlif musiqi nömrələri ilə çıxış ediblər.
Qabil YUSİFOĞLU
XQ







