REŞ erməni iqtidarına qarşı: Paşinyan istefaya getməlidir!

post-img

Rusiyadakı erməni lobbi və diaspor təşkilatlarının təmsilçiləri Ermənistan baş naziri Nikol Paşinyan iqtidarına qarşı birləşiblər. Bunu onların Moskvada “Prezident” otelində keçirilmiş toplantısı da sübut edir. Söhbət Rusiya Erməniləri Şurasının (REŞ) genişləndirilmiş iclasından gedir. 

Bəli, həqiqətən də, Rusiyanın erməni icmasının təmsilçilərinin Paşinyan iqtida­rına qarşı birləşmələri müşahidə olunur. “Prezident” oteli kimi mötəbər məkanda paytaxt Moskva ilə yanaşı, Rusiyanın dörd bir yanından erməni təşkilatlarının məsul şəxslərinin bir araya gəlməsi bu­nun təsdiqidir. Üstəlik, sözügedən top­lantıya dünyanın müxtəlif bölgələrindən də nümayəndələr qatılıb. Bolşevizmin banisi Lenin bir zamanlar “Bütün ölkələ­rin proletarları, birləşin!” deyirdi. İndi REŞ “bütün dünyanın erməniləri, birləşin” şüa­rı ilə aləmə car çəkir. Bu qurumda bir araya gələnlərin, elə “Prezident” otelinə toplaşan ermənilərin danışıqlarından gəlinən nəticə budur: nəinki Ermənistan cəmiyyətinin, bütövlükdə, dünya erməni­liyinin ciddi müalicəyə ehtiyacı var. Çünki xəstəlik özünün pik həddinə çatıb. 

REŞ-in iclasında qəbul edilmiş qətnamə tədbirdə müzakirə olunan məsələlərin ümumi yekunu sayıla bilər. Müzakirələrin başlıca xəttini bu tezis təş­kil edirdi: Qarabağ itirildisə, Ermənistan da itiriləcək. Yəni, həyəcan təbili məhz bu tezis əsas götürülərək çalınırdı. Vəziy­yətən çıxış yolu isə məlumdur. Yenidən Rusiyanın himayəsi altına girmək, başqa heç nə. Göründüyü kimi, beyin mərkəz­ləri olaraq fəaliyyət göstərən təşkilatların təmsilçilərinin gəldikləri qənaət mütiliyə əsaslanır. 

REŞ-in qətnaməsində bildirilib ki, Er­mənistanın təhlükəsizliyini təmin etmək üçün digər təsirli mexanizmlər olmadığı şəraitdə Ermənistan–Rusiya münasibət­lərinin korlanması həyata keçirilir və bu, Bakının növbəti təcavüzü üçün şərait ya­radır, ölkənin müdafiə qabiliyyətinin güc­ləndirilməsini çətinləşdirir, ərazi itkilərinə və təhlükəsizlik sisteminin aşınmasına gətirib çıxarır.

Rusiya erməniləri onu da bildirib­lər ki, baş nazir Nikol Paşinyan iqtidarı cəmiyyətdə bölücü xətlərin salınması, ənənəvi mənəvi və dünyəvi institutların dəyərsizləşdirilməsi yolu ilə Ermənista­nın və ermənilərin əsrlər boyu formalaş­mış müsbət imicini məhv edir. Hakimiyyət Azərbaycanla alçaldıcı barışıq siyasəti aparır. Mövcud şəraitdə “Vətən naminə Tavuş” milli hərəkatına rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyana yardım göstərmək üçün dünya ermənilərinin po­tensialı və səyləri birləşməlidir. Konsoli­dasiya Erməni Apostol Kilsəsi ətrafında olmalıdır.

REŞ-in qətnaməsində vurğulanıb ki, N.Paşinyanın hakimiyyəti illərində ölkə­nin müdafiə qabiliyyətini gücləndirmək, yeni açılan iqtisadi imkanlardan istifadə etmək, beynəlxalq strukturlarda fəal iş­ləmək, Ermənistanın dostları və müttə­fiqləri, diaspor ilə münasibətləri korlama­maq üçün hər cür imkan var idi: “Amma hakimiyyət “sülh gündəmi” adlanan pla­nın pərdəsi altında tamam başqa xətt yü­rüdürdü. İndi isə milli maraqlardan, Azər­baycan qoşunlarının işğalı altında olan ölkənin otuzdan çox yaşayış məntəqə­sinin sərhədlərinin və ərazilərinin qorun­masından söhbət gedəndə qeyri-fəaldır. Öz xalqına qarşı mübarizə aparır”.

REŞ-in Paşinyan hökumətinin nü­mayişkaranə şəkildə anti-Rusiya xəttini həyata keçirməsindən, onun Ermənis­tan vətəndaşlarının rifahının Rusiya ilə iqtisadi əlaqələrdən nə dərəcədə asılı olduğunu nəzərə almamasından söz açılan qətnaməsində, həmçinin bildirilib ki, erməni iqtidarı “qonşularla barışıq” adlı saxta gündəliyi insanların şüuruna yeritmək üçün manipulyativ üsullarından faydalanır. REŞ bütün bunların Azərbay­canın, guya, aqressiv ritorikasının vüsət aldığı, Bakının İrəvana münasibətdə al­çaldıcı davranış xətti seçdiyi bir dövrdə yaşandığını diqqətə çatdırır. Ən əsası: “Cənubi Qafqazda yaşayan xalqların can atdığı sülhdən yalnız İrəvanda ha­kimiyyətə yeni, sağlam qüvvələr, liderlər gəldikdən sonra danışmaq mümkün ola­caq. Paşinyan nə qədər tez istefa versə, dövlətimiz və xalqımız bu vəziyyətdən bir o qədər az itkilərlə çıxacaq. Ölkədə və re­gionda sülh və firavanlıq perspektivi bir o qədər reallaşacaq”.

Qətnamədə Ermənistanın güc struk­turlarının rəhbərlərinə və əməkdaşları­na çağırış da olunub. Bildirilib ki, onlar fəaliyyətlərini dayandırsınlar, dinc etiraz aksiyalarının iştirakçılarına, o cümlədən jurnalistlərə qarşı sərt zorakılıq üsul­larından istifadədən çəkinsinlər: “Biz, həmçinin müxtəlif növ kütləvi informa­siya vasitələrini, bloqları və kanallar­dan tutmuş internet saytlara, elektron və çap mediasına qədər hər kəsi çirkli informasiya texnologiyalarından istifadə etməklə, böhtan, təhqir və digər antiso­sial hərəkətlərlə ictimaiyyəti çaşdırma­ğın yolverilməzliyi barədə xəbərdarlıq edirik”. 

R. ƏVƏZ
XQ

Siyasət