Rahatlıq zonası fenomeni: inkişafın qarşısını alan psixoloji baryer

post-img

Müasir dövrdə insan davranışlarının və şəxsi inkişaf prosesinin təhlili zamanı tez-tez rast gəlinən anlayışlardan biri də “rahatlıq zonası”dır. Bu termin fərdin özünü təhlükəsiz, sabit və tanış mühitdə hiss etdiyi psixoloji vəziyyəti ifadə edir. İlk baxışdan bu zona insan üçün komfort və daxili rahatlıq təmin etsə də, uzunmüddətli perspektivdə inkişafın qarşısını alan mühüm psixoloji baryerə çevrilə bilər.

Rahatlıq zonası insanın risklərdən uzaq durmaq meyli ilə sıx bağlıdır. Psixoloji baxımdan fərd bilinməyən situasiyalardan çəkinir, çünki bu hallar qeyri-müəyyənlik və uğursuzluq ehtimalı yaradır. Nəticədə insan öz potensialını reallaşdırmaq imkanlarından könüllü şəkildə imtina edir və mövcud vəziyyətlə kifayətlənir. Bu isə inkişaf prosesində stagnasiyaya səbəb olur.

Araşdırmalar göstərir ki, insanın inkişafı məhz rahatlıq zonasından kənarda baş verir. Yeni bacarıqların əldə edilməsi, fərdi keyfiyyətlərin formalaşması və uğur qazanmaq üçün fərd müəyyən risklərə getməli, yeni təcrübələrə açıq olmalıdır. Lakin dəyişiklik qorxusu və psixoloji müqavimət bu prosesin qarşısını alan əsas amillərdən biridir.

Rahatlıq zonasının digər mühüm təsirlərindən biri də motivasiya səviyyəsinin aşağı düşməsidir. Eyni fəaliyyətlərin təkrarlanması, yeni çağırışların olmaması insanın daxili enerjisini zəiflədir və həyatın monotonlaşmasına gətirib çıxarır. Bu vəziyyət isə həm şəxsi, həm də peşəkar sahədə geriləməyə səbəb ola bilər.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, rahatlıq zonası tamamilə mənfi anlayış deyil. Qısa müddətli psixoloji sabitlik və emosional balans üçün bu zona müəyyən qədər vacibdir. Lakin əsas məsələ bu zonada uzun müddət qalmaq deyil, onu tərk etməyi bacarmaqdır. Məhz bu halda fərd öz imkanlarını genişləndirə, yeni perspektivlər qazana və daha yüksək nəticələr əldə edə bilər.

Rahatliq zonası fenomeni müasir insanın qarşılaşdığı əsas psixoloji baryerlərdən biri kimi qiymətləndirilə bilər. İnkişaf və uğur əldə etmək üçün fərd qorxularını idarə etməyi, riskləri düzgün qiymətləndirməyi və dəyişikliklərə açıq olmağı öyrənməlidir. Çünki əsl inkişaf məhz tanış sərhədlərin kənarında başlayır.

Aişə Cəfərquliyeva

Sosial həyat