“Qarabağ Tallin” beynəlxalq minifutbolda gümüş qazandı

post-img

Belçikanın paytaxtı Brüssel şəhərində müxtəlif Avropa ölkələrində yaşayan azərbaycanlıların, eləcə də digər millətləri təmsil edən həvəskar komandaların iştirak etdiyi III Beynəlxalq Mini-Futbol Turniri – “Suqovuşan” başa çatıb. Turnirdə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Ukrayna və Pakistan da daxil olmaqla müxtəlif ölkə və təşkilatları təmsil edən 24 komanda mübarizə aparıb.
Estoniyada yaşayan azərbaycanlıları bir araya gətirən “Qarabağ Tallin” komandası da bu nüfuzlu turnirdə iştirak edib. Turnirin reqlamentinə əsasən, hər komandaya heyətinə bir legioner daxil etmək icazəsi verilirdi.

Estoniya–Azərbaycan Cəmiyyəti “Birlik”, “Shaurma Kebab”, “Kamikadze və Armudu”, “Chairud OÜ” şirkətlərinin dəstəyi sayəsində komanda beynəlxalq turnirdə iştirak etmək və Estoniyanı Avropanın idman arenasında layiqincə təmsil etmək imkanı qazanıb.

Yarış ərzində “Qarabağ Tallin” komandası 9 oyun keçirib və bunların 8-də qələbə qazanıb. Komanda qrup mərhələsini və pley-off oyunlarını uğurla keçərək finala yüksəlib. Həlledici görüşdə rəqibinə məğlub olan “Qarabağ Tallin” turnirin gümüş mükafatçısı adını qazanıb.

Komandanın futbolçusu Lev Visman xüsusi fərqlənərək turnirin ən yaxşı oyunçusu seçilib.

“Suqovuşan” beynəlxalq turnirinin gümüş medalları “Qarabağ Tallin” komandası üçün uğur olmaqla yanaşı, birlik, qarşılıqlı dəstək və ortaq məqsədin ölkə hüdudlarından kənarda da nailiyyətlərə aparmasının növbəti sübutu olub.

XQ











İdman