Hansına inanaq: Peskova, yoxsa Qriqoryana?

post-img

Ermənistandakı rus qoşunları ilə bağlı incəliklər

Rəsmi İrəvan Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun fikirlərinə münasibət bildirib. Münasibət nədən ibarətdir və kim tərəfindən ifadə olunub, bu barədə söz açacağıq. Hələlik isə görək D.Peskov nə demişdi. O bildirmişdi ki, Ermənistan baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı rus sərhədçilərinin Ermənistan–İran və Ermənistan–Türkiyə sərhədlərində xidmətlərini davam etdirmələrini istəyib. Rəsmi İrəvanın şəxsində Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryan isə vurğulayıb ki, baş nazir tərəfindən belə bir xahiş səslənməyb. Daha doğrusu, müzakirə zamanı Ermənistan–İran və Ermənistan–Türkiyə sərhədlərindəki rus hərbçilərlə bağlı məqam gündəmə gəlməyib. 

Yada salaq ki, D.Peskov Putin və Pa­şinyan arasında danışıqlardan sonra iki ölkə liderlərinin rus sərhədçilərinin İrə­vanın “Zvartnots” beynəlxalq hava lima­nından və digər mövqelərdən çıxarılması məsələsi ilə bağlı razılığa gəldiklərini də açıqlamışdı. Digər mövqe isə Ermənis­tan–Azərbaycan sərhədidir. O sərhəd ki, ora ruslar Ermənistanın istəyi ilə 44 günlük müharibədən sonra yerləşdiril­mişdi. Hətta, bəzi mənbələr yerləşdiril­mənin müharibə gedişində baş verdiyini və bunun Azərbaycan Ordusunun daha dərinlərə irəliləməməsi üçün edildiyini vurğulayır. 

Qriqoryan Peskovun fikirlərinə müna­sibət bildirərkən dəqiqləşdirib ki, liderlərin təmasında söhbət məhz Azərbaycanla sərhəddəki rus qoşunlarının çıxarılma­sından gedib. Yeri gəlmişkən, onu da vurğulayaq ki, rəsmi İrəvan əvvəlcə Pes­kovun açıqlamasını görməzdən gəlmişdi. Amma nə oldusa, sonradan Qriqoryan münasibət bildirmək qərarına gəldi. Gö­rünür, erməni qərblilər Peskovun açıq­lamasındakı “xahiş” sözündən, yumşaq desək, incidilər. 

Mövzuya Paşinyanın bu yaxınlarda xüsusi təyinatlı səfir vəzifəsindən istefa vermiş sabiq silahdaşı, “İşıqlı Ermənis­tan” partiyasının lideri Edmon Marukyan da toxundu. O, videomüraciətində rəs­mi İrəvandan heç bir təkzib olmadığını vurğulayaraq, hakimiyyətdən Peskovun bəyanatına münasibət bildirməyi tələb etdi. Marukyan xüsusən ABŞ Prezidenti­nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın erməni tərəfinin xahiş ritorikası ilə bağlı nə düşündüyü ilə maraqlanırdı. Çox güman, sabiq səfir Sallivanın Er­mənistan Təhlükəsizlik Şurasının katibi A.Qriqoryanla yaxın təmaslarını nəzərdə tutub. Qeyd edək ki, Qriqoryanın Britani­ya kəşfiyyatının rəhbəri Riçard Murla da yaxın əlaqələri var. 

Mövcud məsələdə bəzi ekspertlər Qriqoryanın açıqlamasını adları çəkilən hər iki şəxsin təzyiqinin məhsulu olaraq qiymətləndirirlər. Ekspertlər diqqəti təh­lükəsizlik katibinin bəyanatının Paşin­yanla görüşdən sonra verilməsinə çə­kirlər. Yəqin, katib baş nazirə qərblilərin mesajlarını çatdırıb. İkinci isə mesajın ictimailəşməsinə razılıq verib. Daha doğ­rusu, Paşinyan Qriqoryana tapşırıb ki, Peskovun fikirlərinə münasibət baxımın­dan bir şey fikirləşsin. Sonuncu isə ba­cardığı qədər Putin-Paşinyan təması ilə əlaqədar öz versiyasını irəli sürüb.

Deməli, rus qoşunları Azərbaycanla sərhəddən və “Zvartnots” hava limanın­dan çıxarılır. Belə bir durumda, əlbəttə, sual yaranır: Bəs Ermənistan–Türkiyə və Ermənistan–İran sərhədlərindəki rus qo­şunları? Bəs “Zəngəzur dəhlizi” məsələ­sində İrəvanın qaldırdığı ərazi bütövlüyü və suverenlik tələbləri? Axı, üçtərəfli bə­yanata əsasən, Naxçıvana yolda təh­lükəsizliyi Rusiya Federal Təhlükəsizlik Xidməti qorumalı idi. Ermənistan bundan boyun qaçırır. Əslində, Qriqoryanın açıq­lamasındakı məntiq də budur. Türkiyə ilə sərhəd bir yana, bir halda ki, Ermənis­tanın İranla sərhədini də Rusiya sərhə­dçiləri qoruyurlar, o zaman onların Nax­çıvan yolunda da eyni funksiyanı yerinə yetirmələrində hansı problem ola bilər? 

Əlbəttə, rəsmi İrəvan məsələni prob­lem kimi görür. Çünki anti-Azərbaycan ritorikasını davam etdirir. Ancaq hələlik əsas məqam başqadır. Əsas məsələ Pa­şinyan hakimiyyətinin anti-Rusiya dirəni­şidir. Daha dəqiq desək, başlıca məqam Peskovun diplomatik tonlu və müəyyən mənada Putin–Paşinyan görüşü əsna­sında qalxmış rus qoşunlarının Ermənis­tandan çıxarılması ajiotajını malalamağa hesablanmış açıqlamasına Qriqoryanın cavabıdır. Bu cavabın Nikolun Putindən xahiş etmədiyi vurğusu Rusiya–Ermənis­tan münasibətlərinin gərginlik fazasının yüksək saxlanılması deməkdir. 

R.ƏVƏZ
XQ

Siyasət