Fransız politoloqun nüvə silahından danışması məsuliyyətsizlikdir
Son vaxtlar Fransanın Afrika qitəsindəki keçmiş müstəmləkələrində və dənizaşırı adlandırılan, faktiki olaraq, müstəmləkə torpaqlarında baş verənlər Yelisey sarayındakıların, necə deyərlər, yuxusunu ərşə çəkib. Xüsusilə, Parisdən 16 min 758 kilometr uzaqlıqda yerləşən, təyyarə ilə 28 saatlıq yol olan Sakit okeandakı Yeni Kaledoniyada baş verənlər bu baxımdan diqqəti cəlb edir.
Fransa hökuməti mayın 13-də kütləvi etirazların baş verdiyi Yeni Kaledoniyaya qoşun göndərdiyini bildirib. Ölkə prezidenti Emmanuel Makron həmin ərazidə fövqəladə vəziyyət elan edib və hakimiyyətin istənilən “zorakılıq təzahürünə” (?) sərt reaksiya verəcəyini açıqlayıb. Yeni Kaledoniya hökuməti isə mayın 14-də komendant saatı tətbiq edib və Çin sosial şəbəkəsi “TikTok”a qadağa qoyub. Ancaq komendant saatı və ictimai toplantılara qadağa qoyulmasına baxmayaraq, iğtişaşlar sonrakı günlərdə də davam edib. Məhkumların yerli həbsxanadan qaçmağa cəhdinə dair məlumatlar da var.
Qeyd edək ki, Yeni Kaledoniyada etirazlar Fransa parlamentinin yerli qanunvericilik orqanına seçkilərin prosedurunu dəyişdirən qanunu qəbul etməsindən sonra başlayıb. Mayın 15-də qəbul edilən dəyişikliklərə əsasən, 10 il Yeni Kaledoniyada yaşayan Fransa vətəndaşları səsvermə hüququna malik olacaqlar. Bu, Yeni Kaledoniyanın yerli əhalisi olan kanak xalqını qəzəbləndirib. Onlar öz ölkələrində siyasi təsirlərinin azalacağından, fransızların siyasi təsirinin isə artacağından ehtiyat edirlər.
Onu da bildirək ki, Yeni Kaledoniya Fransanın dənizaşırı əraziləri arasında yeganə xüsusi statuslu inzibati-ərazi qurumudur. Onun gələcək statusu müzakirələr və danışıqlar nəticəsində müəyyən edilməlidir. Kanak xalqı daha müstəmləkə zülmünə boyun əymək istəmir və müstəqil yaşamaq arzusundadır. Bu da təbiidir. Çünki XXI əsrdə müstəmləkəçilik qəbuledilməzdir. Ancaq Paris baş verənlərə görə təqsiri özündə görmək əvəzinə, başqalarını borclu çıxarmağa çalışır. Fransanın daxili işlər naziri Jerald Darmanan Azərbaycanı adadakı müstəqillik tərəfdarlarını dəstəkləməkdə ittiham edib. “France-2” televiziya kanalına müsahibə verən nazir deyib: “Bu, fantaziya deyil. Təəssüf ki, bəzi separatçılar (?) Azərbaycanla razılığa gəliblər”. Darmanen hansı müdaxilədən söhbət getdiyini dəqiqləşdirməyib.
Fransalı politoloq Lui Düklo isə sosial şəbəkə hesabında ölkəmiz əleyhinə fikirlər paylaşıb. O, yazıb: “Azərbaycan Fransaya qarşı sabitliyi pozan fəaliyyətlər həyata keçirir, amma biz heç nə etmirik. Hər həftə bizə qarşı müdaxilə və ya casusluq aktlarını görürük. Rusiya, Çin, Azərbaycan...”
Fransız politoloqun yazdıqları daxili işlər nazirinin irəli sürdüyü yanlış tezislərin davamı kimi qiymətləndirilə bilər. Onlar Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarı olanların etirazlarını dəstəkləməkdə günahlandırmaqdansa, diqqəti öz ölkələrinin bu cür etirazlara səbəb olan xaricdəki uğursuz siyasətinə yönəltmələri daha doğru olardı. Təkcə Yeni Kaledoniyanı deyil, dünyanın müxtəlif yerlərindəki, ümumilikdə, 560 min kvadratkilometrə malik ərazini müstəmləkəyə çevirən, orada yaşayan 3 milyona yaxın əhalini istismara məruz qoyan Fransa başqalarını ittiham etmək əvəzinə, öz əməllərindən utanmalıdır.
Fransız politoloqun yazdıqlarının sonrakı hissəsi də diqqəti cəlb edir. Bu yazılanlar rəsmi Parisin mövqeyi ilə tam olaraq, üst-üstə düşür. Sanki politoloq adlanan bu şəxs Yeliseydən aldığı təlimatları özünün sosial şəbəkə hesabında tirajlayıb: “Belə bir təsəvvür yaranır ki, biz hücuma məruz qalanda nadir hallarda özümüzü müdafiə edirik. Fransanın dişlərini göstərməsinin vaxtıdır. Təzyiq etməyin yolları var: Azərbaycan səfirini çağırmaq, iqtisadi sanksiyalarla hədələmək, Ermənistana dəstəyi artırmaq... Fransa nüvə dövlətidir, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, Avropa İttifaqı və NATO-nun qurucu üzvüdür. Statusumuzu qoruyub saxlamaq bizdən asılıdır”.
Lui Düklonun açıqlamasında Azərbaycanın gücünün etiraf edilməsi diqqət çəkən məqamlardandır. O, ölkəmizin adını Rusiya və Çin kimi böyük güclərlə bir sırada çəkir. Halbuki, Azərbaycan, nəinki, Fransanın, dünyanın heç bir ölkəsinin daxili işlərinə qarışmayıb. Ölkəmiz əvvəl Qoşulmama Hərəkatının sədri, indi isə sədrlik “üçlüyü”ndə təmsil olunan dövlət kimi neokolonializm meyillərinin artmasından ciddi narahatlığını dəfələrlə bəyan edib. Rəsmi Bakı hesab edir ki, dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir.
Bundan əlavə, politoloqun dediyi kimi, iqtisadi sanksiyalardan söhbət gedirsə, bunun da adekvat cavabı olacaq. Azərbaycan da öz növbəsində Fransanın nəhəng neft-qaz şirkəti olan “Total”la əməkdaşlığa yenidən baxa, onu ölkəmizdən çıxara bilər. Yada salaq ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransanın ölkəmizə qarşı davamlı fəaliyyət göstərməsini nəzərə alaraq, 2024-cü il yanvarın 18-də Azərbaycan hökumətinə aşağıdakı tədbirlərin görülməsi ilə bağlı çağırış etmişdir:
1. Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulsun.
2. Fransa ilə bütün iqtisadi əlaqələr dayandırılsın.
3. “Total” şirkəti də daxil olmaqla, bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın.
4. Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməsin.
Görünür, fransız politoloq unudub ki, Fransanın Azərbaycana hansısa iqtisadi sanksiyalar tətbiq edəcəyi təqdirdə bundan elə ən çox onun ölkəsinin şirkətləri ziyan çəkəcək.
Fransız politoloqun nüvə silahından bəhs etməsi isə olduqca yersiz, yanlış, təxribatçı və təhlükəli hərəkətdir. Nüvə silahı yaradıldığı vaxtdan indiyədək cəmi bir dəfə – 1945-ci ildə istifadə olunub. Nə “Soyuq müharibə” dövründə, nə də Rusiya ilə kollektiv Qərb arasında savaşın getdiyi hazırkı dövrdə nüvə silahından istifadə barədə açıqlamalar verilir. Bu mənada, Lui Düklonun bir qədər məsuliyyətli olmasına ehtiyac var.
Əgər Fransanın Azərbaycanla diplomatik əlaqələri tamamilə pozmaq niyyəti varsa, bunun da adekvat cavabı olacaq. Necə deyərlər: Təsir əks–təsirə bərabərdir.
Səxavət HƏMİD
XQ