4 ayda bu sahədən 4 milyard 184 milyon manat gəlir götürülüb
Prezident İlham Əliyevin nəqliyyat-logistika sahəsinə diqqət və qayğısının nəticəsidir ki, bu gün Azərbaycanın beynəlxalq yükdaşımalarda fəaliyyəti getdikcə genişlənir. Bu, müxtəlif istiqamətlərdə hərəkət edən nəqliyyat vasitələrinin sayının getdikcə artması, mövcud sahədə bazarın şəffaflaşması nəticəsində “kölgə”də işləyən daşıyıcıların qeydiyyata alınması, onların bəzilərinin fəaliyyətinin bərpa edilməsi, bəzilərinin isə daxili bazardan beynəlxalq bazara keçidinin reallaşması ilə bağlıdır. Bundan savayı, yükdaşımalarda qanunvericiliyin təkmilləşdirilməsi də daim diqqət mərkəzində saxlanılır.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, ölkəmizin nəqliyyat üzrə gəlirləri 2024-cü ilin yanvar–aprel aylarında 4 milyard 184 milyon manat (keçən ilin müvafiq dövrü ilə müqayisədə 21 faiz çox) olub.
Cari ilin birinci rübündə Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi isə 7 milyon 980,6 min ton, yük dövriyyəsi isə 3 milyard 233,8 milyon ton-km olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, daşınmış yüklərin həcmində əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,3 faiz və 9 faiz artım müşahidə olunub.
Qeyd edək ki, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 3 milyon 763,3 min ton, o cümlədən Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizi ilə 1 milyon 966,9 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 2 milyon 432,1 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 1 milyon 698,9 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 86,3 min ton təşkil edib.
Yüklərin 3 milyon 607,4 min tonu və ya 45,2 faizi dəmir yolu nəqliyyatı, 2 milyon 527,5 min tonu və ya 31,7 faizi avtomobil nəqliyyatı, 1 milyon 845,7 min tonu və ya 23,1 faizi dəniz nəqliyyatı ilə daşınıb. Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 60,2 faizini və ya 4 milyon 808 min tonunu tranzit yüklər təşkil edib.
Yeri gəlmişkən, keçən il ərzində respublikamızın nəqliyyat vasitələri ilə ölkə ərazisindən tranzit daşımalarının həcmi 3,8 dəfə artaraq 36 min 387 ədəd təşkil edib. 2021-ci ildə bu nəqliyyat vasitələri ilə ölkə ərazisindən cəmi 9 min 551 ədəd tranzit daşımalar həyata keçirilmişdisə, 2022-ci ildə bu rəqəm 23 min 366-a çatıb.
Burada diqqətçəkən mühüm bir məqam odur ki, son 3 ildə Azərbaycan ərazisindən istifadə etməklə avtomobil nəqliyyatı ilə tranzit yük daşımalarını həyata keçirən xarici ölkə, eləcə də Azərbaycan yük avtonəqliyyat vasitələrinin sayında ciddi artım müşahidə edilib. Belə ki, xarici ölkə nəqliyyat vasitələri ilə respublikamızın ərazisindən 2021-ci ildə 85 min 293 ədəd tranzit daşıma reallaşdırılmışdısa, 2022-ci ildə 176 min 789 ədəd, 2023-cü ildə isə 229 min 756 ədəd tranzit daşıma həyata keçirilib. Beləliklə, bu dövrdə avtomobil nəqliyyatı ilə Azərbaycandan keçməklə həyata keçirilən tranzit yük daşımalarının cəmi sayı 2021-ci ildə 94 min 844, 2022-ci ildə 200 min 155, 2023-cü ildə isə 26 min 6143 olub. Ümumilikdə, avtomobil nəqliyyatı ilə tranzit yük daşımaları son 3 ildə 2,8 dəfə çoxalıb.
Beynəlxalq yük daşımalarından bəhs edərkən, onu da vurğulayaq ki, son illərdə Azərbaycan Orta Dəhlizin ən yüksək səviyyədə reallaşdırılması üçün öz üzərinə düşən işləri tam yerinə yetirib. Bakı–Tbilisi–Qars dəmiryolu xəttinin istifadəyə verilməsi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma gücünün artırılması, eləcə də respublikada nəqliyyat və logistika infrastrukturunun yaxşılaşdırılması ilə bağlı genişmiqyaslı layihələr həyata keçirib.
Hazırda yükdaşımaların artmasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) fəaliyyəti daha çox diqqət çəkir. Bu marşrut Çindən Türkiyəyə və Avropa ölkələrinə, eləcə də əks istiqamətdə yük axınının artırılmasına xidmət etməklə region ölkələrinin ticarət-iqtisadi əlaqələrinin səmərəliliyinin yüksəldilməsində mühüm rol oynayır.
Azərbaycan Orta Dəhlizin inkişafına daim önəm verib, bu istiqamətdə reallaşdırılan layihələrin gerçəkləşdirilməsini diqqət mərkəzində saxlayıb. Prezident İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda aprelin 23-də keçirilən beynəlxalq forumda bu gün Orta Dəhlizə heç vaxt olmadığı qədər ehtiyac yarandığını, Çindən gələn və Azərbaycandan keçən yüklərin ildən-ilə artdığını vurğulayıb. Ölkə rəhbəri daha sonra deyib: “Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı biz Siandan çıxmış və Bakıya çatmış konteyner qatarının birgə qarşılanma mərasimini keçirdik. Beləliklə, bu, ölkələrimiz arasında əməkdaşlığımızın birgə nümayişi idi. Sözsüz ki, Qazaxıstanla Çin daha fəal əməkdaşlıq edir. Lakin Azərbaycanla Çin də əməkdaşlıqlarını çox ümidverici və çox nəticəyönümlü şəkildə inkişaf etdirir”.
Göründüyü kimi, Azərbaycanda ölkəmizlə bağlı olan bütün nəqliyyat marşrutlarının, o cümlədən Orta Dəhlizin inkişafına xüsusi diqqət yetirilib. Bununla əlaqədar bir sıra mühüm layihələr və proqramlar reallaşdırılıb. Belə ki, dövlət başçısının rəhbərliyi ilə “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafına dair (2006–2015-ci illər) Dövlət Proqramı”, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”, “Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və inkişafına dair Dövlət Proqramı (2006–2015-ci illər)”, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010–2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” və s. müxtəlif istiqamətləri əhatə edən çoxsaylı proqramlar uğurla həyata keçirilib.
Azərbaycanın nəqliyyat dəhlizlərində rolunun artırılması baxımında ötən il noyabrın 23-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün” Fəaliyyət Planının əhəmiyyətini də vurğulamaq lazımdır.
Qeyd edək ki, son illər nəqliyyat sektorunda bu sahənin dayanıqlılıq, etibarlılıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi standartlarına uyğunluğu baxımından konkret və sistemli layihələr həyata keçirilib. Sözügedən istiqamətdə aparılan dövlət siyasəti ölkəmizin sosial-iqtisadi inkişafına, əhalinin rifahının yüksəlməsinə, dövlətimizin iqtisadi qüdrətinin artmasına yönələn tədbirləri əhatə edib. Aparılan siyasət institusional islahatlar yolu ilə idarəetmənin təkmilləşdirilməsi, nəqliyyat əməliyyatlarında informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə və dövlət tənzimləmə mexanizmlərinin tətbiqi yolu ilə sağlam rəqabət mühitinin formalaşması məqsədi daşıyıb.
Vaqif BAYRAMOV
XQ