Son illər planetmizdə baş verən iqlim dəyişikliklərinin təzahürü olan qlobal istiləşmənin törətdiyi çətinliklər bütün bəşəriyyəti ciddi narahat edir. Müşahidələr göstərir ki, iqlim dəyişiklərinin fəsadları dünyanın ayrı-ayrı ölkələrində temperatur tərəddüdləri ilə yanaşı, sel və daşqınlara səbəb olur ki, bunun da nəticəsində iqtisadiyyatın bir çox sahələrinə, xüsusən də kənd təsərrüfatına ziyan dəyir.
Bakıda keçirilmiş “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu”nda da bu barədə ətraflı bəhs olunub, iqlim dəyişiliklərinin mənfi təzahürləri və onların aradan qaldırılması ilə bağlı geniş müzakirələr aparılıb, bir sıra maraqlı təkliflər irəli sürülüb. Həmin tədbirdə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edərək deyib ki, hazırda iqlim dəyişiklikləri müxtəlif ölkələrdə böyük fəsadlar yaradaraq biznesin və ümumilikdə, iqtisadiyyatın inkişafının qarşısını alır.
Artıq bütün dünya iqlim dəyişiklikləri ilə mübarizəyə səfərbər olunub. Dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platformasının fəal iştirakçılarından birinə çevrilmiş Azərbaycanda da bu baxımdan mühüm tədbirlər həyata keçirilir. “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu”nda bu barədə ətraflı məlumat verən nazir Muxtar Babayev deyib ki, Azərbaycan “yaşıl enerji”yə keçid üçün böyük tədbirlər həyata keçirir, sərmayələr cəlb edir.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin əsas hədəflərindən biri də məhz Azərbaycanda bərpaolunan enerji mənbələrinin potensialından səmərəli istifadənin gücləndirilməsindən ibarətdir. Təsadüfi deyil ki, biznes forumunda COP29-un Azərbaycanda keçirilməsinin təsadüfi xarakter daşımadığını vurğulayan M. Babayev deyib ki, Azərbaycan Prezidenti iqlim dəyişikliyinin təsirinin azaldılmasını prioritet siyasət hesab edir.
Yeri gəlmişkən, ölkəmizin alternativ və bərpaolunan enerji potensialı ilə zəngin olması artıq öz təsdiqini tapıb. Belə ki, son tədqiqatlar Azərbaycanın quru ərazisində 27,5 min meqavat həcmində bərpaolunan enerji potensialının mövcudluğunu təsdiqləyib. Bunun isə 3 min meqavatı külək enerjisinin, 23 min meqavatı günəş enerjisinin, 380 meqavatı bioenerjinin, 520 meqavatı dağ çaylarının payına düşür. Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bütövlükdə isə, ölkəmizin bərpaolunan enerji sahəsində potensialı 200 qiqavata yaxın qiymətləndirilir.
Hazırda həmin potensialın hərəkətə gətirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir, “yaşıl enerji” istehsalı ilə əlaqədar cəlb olunan sərmayələr nəticəsində ölkəmizin ayrı-ayrı yerlərində günəş, külək və su elektrik stansiyaları tikilir. Artıq Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin Bakının Qaradağ rayonunda reallaşdırdığı layihə real fəaliyyət sahəsinə çevrilib. Ötən ilin oktyabr ayında istismara verilmiş “Qaradağ” Günəş Elektrik Stansiyasında istehsal tədricən artır. Yeri gəlmişkən, bu ilin yanvar–aprel aylarında Azərbaycanın günəş elektrik stansiyalarında 144,4 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,6 dəfə çoxdur. Bununla yanaşı, ilin ilk 4 ayında ölkənin külək elektrik qurğularında 21 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Yaxın illərdə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə reallaşdırılan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi ilə əlaqədar bu sahədə də ciddi artım əldə ediləcək. Hesabat dövründə, həmçinin Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 90,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,4 faiz çoxdur.
Bütün bunlarla yanaşı, yaxın vaxtlarda Böyük Britaniyanın BP şirkəri işğaldan azad olunmuş Cəbrayıl rayonunda “Şəfəq” Günəş Elektrik Stansiyasının inşasına başlayacaq. Eyni zamanda qarşıdakı illərdə ölkənin bir sıra ərazilərində günəş və külək elektrik stansiyalarının da tikintisi nəzərdə tutulur. Bütün bu layihələrin həyata keçirilməsi nəticəsində 2030-cu ilə kimi ölkəmizin enerji təminatının 30 faizi “yaşıl enerji”dən ibarət olacaq.
Bugünlərdə isə energetika naziri Pərviz Şahbazovla “China Energy Engineering Group Co.Ltd” şirkətinin sədri Song Hailiangin rəhbərlik etdiyi və “China Energy International Group Co. Ltd” şirkətinin sədri Lyu Zexiangin da daxil olduğu nümayəndə heyəti arasında keçirilən görüşdə Çinlə “yaşıl enerji” əməkdaşlığının inkişafı müzakirə edilib. Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə bərpaolunan enerji üzrə çoxistiqamətli əməkdaşlıq əlaqələrinin inkişafına və COP29 çərçivəsində Çin şirkətləri ilə birgə fəaliyyətə dair müzakirələr aparılıb.
Görüş zamanı Çində və qlobal miqyasda energetika və infrastruktur sənayeləri üçün sistematik, inteqrasiya olunmuş, hərtərəfli inkişaf planları və xidmətləri təqdim edən “China Energy Engineering Group Co.Ltd” şirkətinin həyata keçirdiyi layihələr barədə məlumat verilib. Çin şirkətlərinin ölkəmizdə nəhəng bərpaolunan enerji potensialının reallaşdırılması üzrə genişmiqyaslı fəaliyyət sahələrində iştiraka maraq göstərdikləri diqqətə çatdırılıb. “Yaşıl enerji” dəhlizləri və interkonnektorların yaradılması, bərpaolunan enerjinin ixracı, “yaşıl hidrogen” və “yaşıl ammonyak”ın istehsalı-nəqli, həmçinin enerji saxlanc sistemləri üzrə əməkdaşlıq imkanları dəyərləndirilib.
Energetika Nazirliyi ilə “China Gezhouba Group Overseas Investment” şirkəti arasında imzalanmış 2 qiqavat gücündə bərpaolunan enerji layihələrinin həyata keçirilməsinə dair Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə edilib. Eyni zamanda 60 və 100 meqavat gücündə günəş elektrik stansiyalarının tikintisi ilə bağlı görülən tədbirlər və növbəti addımlar nəzərdən keçirilib.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev biznes forumundakı çıxışı zamanı deyib ki, ölkəmizin “yaşıl” potensialından təkcə hökumət deyil, özəl sektor, biznes strukturları da istifadə etməlidir. Azərbaycanda hazırda dekarbonizasiya haqqında qanun layihəsinin hazırlandığını diqqətə çatdıran nazirin sözlərinə görə, həmin sənəddə müəssisələrin tullantılarının tənzimlənməsi, yeni texnologiyalardan istifadə edərək tullantıların minimuma endirilməsi kimi məsələlər nəzərdə tutulub. “Qanunun qəbulundan sonra atmosferə atılan zərərli maddələrin həcminin daha çox azalması müşahidə olunacaq. Azərbaycan 2030-cu ilə qədər atmosferə atılan zərərli qazları 40 faiz azaldacaq”,–deyə o əlavə edib.
Mirbağır YAQUBZADƏ
XQ