Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayon rəhbərliyinin digər nümayəndələri ilə birlikdə rayon mərkəzi xəstəxanasına müraciət edərək burada müalicə alan iki qəhrəman şəhid atasını-Goranlı kənd sakini İlqar Əliyevi və Tatarlı kəndindən olan Eldəniz Həsənovu ziyarət edib. Bu görüş yalnız bir protokol səfəri deyil, həm də hörmətin, ehtiramın və mənəvi borcun ifadəsi kimi yadda qalıb.
Söhbət zamanı rayon rəhbəri şəhid atalarının səhhəti, müalicə prosesi və sosial qayğıları ilə yaxından maraqlanıb. O, bildirib ki, dövlətimizin şəhid ailələrinə olan diqqəti yalnız rəsmi qərarlarla məhdudlaşmır, bu, həm də gündəlik münasibətdə, qayğıda və onlara göstərilən sonsuz ehtiramda öz əksini tapır. “Siz tək deyilsiniz. Övladlarınız bu xalqın övladıdır və onların qəhrəmanlığı hər birimizin fəxarət yeridir”,- deyə Məhərrəm Quliyev şəhid atalarına səslənib.
Görüş zamanı şəhid ataları göstərilən diqqətə görə təşəkkür edib, övladlarının Vətən uğrunda döyüşlərdə göstərdikləri şücaəti qürurla xatırlayıblar. Onlar bildiriblər ki, ölkə rəhbərliyinin, eləcə də yerli icra orqanlarının bu münasibəti onların mənəvi dayaq nöqtəsidir.
Müalicə alan şəhid atalarının hər biri həm tibbi personal, həm də rəhbərlik tərəfindən xüsusi qayğı ilə əhatə olunur. Bu isə cəmiyyətimizin şəhid ailələrinə olan dərin bağlılığının bariz nümunəsidir.
Bu ziyarət bir daha göstərdi ki, şəhid atalarının çəkdiyi ağrı, yaşadığı itki təkcə onların deyil-bütün bir xalqın ürəyinin yanğısıdır. Onların hər birinə göstərilən hörmət, əslində, şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramdır.
Xəstəxanada olarkən Məhərrəm müəllimin “Yastığınız yüngül olsun, şəhid atası” sözləri dövlətimizin və xalqımızın hər zaman onların yanlarında olacağına daha bir əyani sübutdur.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri






