20 Noyabr – Qarakənd faciəsi

post-img

20 noyabr XX əsr tariximizin qara səhifələrindən biri – Qarakənd faciəsinin ildönümüdür. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən Azərbaycanın hərbi helikopterinin vurulmasından 34 il keçir. Rəsmi məlumatlara görə Qarakənd üzərində 300 metr yüksəklikdə uçan Mİ-8 N-72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 radələrində vurulmuşdur. 

Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, Baş Prokuror İsmət Qayıbov, Azərbaycan Respublikası Dövlət Katibinin köməkçisi Rafiq Məmmədov, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini Qurban Namazəliyev, sabiq Daxili İşlər Naziri Məhəmməd Əsədov, Millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, Baş Nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının Şöbə müdiri, jurnalist Osman Mirzəyev, Azərbaycan televiziyasının jurnalisti Alı Mustafayev, AzTV-nin operatoru Fəxrəddin Şahbazov və işıqçı Arif Hüseynzadə, Qazaxıstan Respublikası Daxili İşlər Nazirinin müavini Saylau Serikov, Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəisi Vladimir Kovalyov və helikopter heyətinin komandiri və üzvləri, ümumilikdə 22 nəfər həlak olmuşdur. 

Qarakənd faciəsindən sonra Bakıda kütləvi mitinqlər olmuşdur. Rusiyanın İTAR-TASS Agentliyinin verdiyi məlumata görə helikopter dumanlı havada qayalara çırpılmışdır. Lakin istintaq materiallarına görə helikopterdə raket partlayışıına müvafiq gövdə deşikləri aşakar olunmuşdur. Bəzi araşdırmalarda göstərilir ki, Gülablı və Yenikənd istiqamətlərində hərbi maşınlarda qurulmuş və Ağdam, Xocalı hava limanlarının uçuş və enmə zolaqlarını nəzarətə götürən radarlar vasitəsilə saat 14:05-də Ağdamdan Qarakənd istiqamətinə uçan Mİ-8 N-72 helikopterin rabitə əlaqələri kəsilmişdir. Qırılmış rabitə ilə bağlı ilkin məlumatlar Xocavənd istiqamətində ötürülmüş, lakin törədilən faciə haqqında ilkin məlumat təqribən 6 saatdan sonra verilmişdir. Ağdam, Xankəndi və Xocavənd hərbi birləşmələrinin komandanlığından heç bir məlumat daxil olmamışdır. 

Faciə haqqında xəbər Xankəndindən erməni dilində yayımlanan “Vətən və vətəndaş” verilişinin xəbərlər bölümündə saat 15:30-da yayımlanmışdı. Həmin gün İrəvan radiosu saat 16:15-də həmin faciənin “qəza” kimi şərhini vermişdir. Həlak olanlar arasında Azərbaycanın görkəmli ictimai-siyasi xadimləri də var idi. 

Bu gün də onların ruhu ehtiramla yad olunur. Xalq Vətənini sevən, onun yolunda şəhid olan dəyərli vətəndaşlarını, dövlət xadimlərini heç vaxt unutmur. Onlar Azərbaycan naminə vertalyota minmişdilər, amma hiyləgər düşmənin növbəti planından xəbərsiz idilər. Tarix və zaman qarşısında vətəndaş borcunu dərk edib, vertalyota minən və Qarbağın taleyi üçün çırpınan ürəklər susdurulsa da, bu gün onların ruhu Azərbaycanın səmalarındadır. Onlar da Vətənimizin xilası naminə Şəhid oldular. Bu gün 20 noyabr faciəsinin şəhidlərinin ruhu da rahatdır. Çünki Qarabağ torpaqları erməni daşnaklarından xilas olub. Müstəqil, suveren Azərbaycan torpaqlarında böyük quruculuq işləri gedir. Şəhidlərimizin ruhu daima Qarabağ torpaqlarının səmasındadır. Həyat belədir, şəhidsiz torpaqlar olmur. Vətən torpaqlarının azad olması üçün canını, qanını qurban verən oğulların sayəsində Azərbaycanın suverenliyi bərpa olundu. 

Allah Şəhidlərimizə rəhmət eyləsin!

Kəmalə Abdinova,

XQ

 

                      

Sosial həyat