“Böyük Qayıdış”a maliyyə dəstəyi artır

post-img

Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası üçün dövlət büdcəsindən olduqca böyük vəsait ayrılır. Maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, 2020-ci ilin sonundan etibarən azad olunmuş ərazilərin yenidən qurulmasına hər il büdcə imkanları səfərbər edilərək cari ilin əvvəlinə 17,6 milyard manat sərf edilib, 2025-ci ilin sonuna qədər isə bu məbləğin 22 milyard manata çatması gözlənilir. 2026-cı ildə isə bu xərclər büdcənin təxminən 8,4 faizini təşkil edəcək.

Nazir vurğulayıb ki, 2026-cı ilin büdcəsinin ilk prioriteti məhz Böyük Qayıdış proqramıdır və imkanlar artdıqca azad edilmiş ərazilərdə quruculuq işləri sürətləndirilməlidir. Bu göstəricilər onu göstərir ki, Azərbaycan büdcəsinin böyük hissəsi məhz qədim yurd yerlərinin abadlaşdırılmasına yönəldilir – dövlət büdcəsi layihəsində “Böyük Qayıdış” istiqamətinə öncəliklə maliyyə təminatı ayrılması nəzərdə tutulub.

Azad edilən ərazilərdə yüzlərlə yaşayış məntəqəsi bərpa olunur. Proqramın ilk mərhələsində ümumilikdə 100 yaşayış məntəqəsinin – şəhər və kəndlərin yenidən qurulması nəzərdə tutulur. Hazırda Qırmızı Bazar, Zar, Hadrut kimi yeni qəsəbələrin salınmasını, Laçın, Füzuli, Cəbrayıl və Zəngilan şəhərlərinin mərkəzinin yenidən qurulması sürətləndirilir.

İnfrastruktur layihələrinə xüsusilə böyük diqqət yetirilir. Qısa müddətdə Füzuli və Zəngilan rayonlarının beynəlxalq hava limanları istifadəyə verilib, Laçın üçün yeni hava limanının tikintisinə başlanılıb. Bölgədə yol şəbəkəsi də yenilənir – Kəlbəcərdә Toğanalı–Kəlbəcər avtomobil yolunun çəkilməsi xüsusi önəm daşıyır. Su və elektrik təminatı gücləndirilir: Kəlbəcərdә “Çıraq” və “Soyuqbulaq” kiçik su elektrik stansiyaları açılıb, ümumi gücü gələcəkdə 75,5 MVt-a çatacaq.

Sənaye və xidmət sahələrində də layihələr aparılır. Kəlbəcərdə dayandırılmış “İstisu” mineral su zavodunun yeni tikilisi həyata keçirilir – zavodun 7,8 min kvadratmetr sahəsi 100 işçi ilə fəaliyyətə başlayacaq, Almaniya istehsalı şüşə və plastik qablaşdırma xətləri quraşdırılacaq (günlük gücü 16 min və 8 min flakon). Azad ərazilərdə turizm infrastrukturuna da sərmayə qoyulur: “İstisu” müalicə-istirahət kompleksinin bərpası layihəsi üzrə 32 min m² sahədə 145 otaqlı sanatoriya tikiləcək. Bu və digər sənaye və turizm obyektlərinin tikintisi lokal iqtisadi canlanmaya töhfə verəcək.

“Böyük Qayıdış” proqramı çərçivəsində inşa olunan obyektlər həm də yeni iş yerləri təmin edir. Məsələn, Kəlbəcərdәki yeni zavod 100 nəfərə iş imkanı təmin edəcək. Bakıdan ayrılmış büdcə vəsaitləri nəticəsində bölgələrdə məktəblər, xəstəxanalar, bazar və digər sosial obyektlər tikilir. Nəticədə, yüz milyonlarla manatlıq investisiya ilə həyata keçirilən layihələr regionların gələcək inkişafı üçün bünövrə yaradır. Dövlət büdcəsindən daimi yatırımlar ərazilərin infrastruktur baxımından müasirləşdirilməsinə şərait yaradaraq uzunmüddətli iqtisadi artım üçün zəmin formalaşdırır.

“Böyük Qayıdış” Azərbaycanın 2030-cu ilədək olan 5 prioritetindən biri kimi müəyyən edilib. Qeyd edək ki, dövlət başçısının tapşırığına uyğun olaraq, bu proqramın layihələrinə maliyyə dəstəyi dövlət büdcəsində ilk sırada yer alıb.

XQ

İqtisadiyyat