Radikallar bu yolla siyasi iflasdan xilas olmağa çalışırlar
Ermənistanda siyasi durumun sabit görünməsinə baxmayaraq, hakimiyyətlə müxalifət arasında kəskin ziddiyyətlər qalmaqdadır. Bu ziddiyyətlər kənardan aşkar şəkildə hiss olunur. Baş nazir Nikol Paşinyan hökuməti islahat xəttini davam etdirməyə çalışsa da, cəmiyyətin müxtəlif sosial təbəqələrində etimad problemi qalmaqdadır.
Radikal müxalifət isə yeni situasiyadan istifadə edərək hakimiyyətə təzyiqi artırır. Lakin onların təqdim etdiyi alternativ ictimai-siyasi və sosial-iqtisadi model real həll yolu kimi qəbul edilmir. Bu düşərgənin sərt çağırışları ölkədə onsuz da zəif olan sabitlik mühitinə əlavə risklər yaradır. Keçmiş siyasi elitanın təsiri altında formalaşan bu qrup daha çox emosional narazılığın üzərində dayanır və konstruktiv mövqe sərgiləmir. Son aylarda müzakirə olunan islahat paketləri də həm hakimiyyətin, həm də müxalifətin müxtəlif dairələrində ziddiyyətli münasibətlə qarşılanır. İrəvanın dəyişkən xarici siyasət xətti daxili dinamikanı daha həssas edir və siyasi yükü artırır. Hökumət isə bütün qeyri-müəyyənliklərə baxmayaraq fəaliyyətini davam etdirməyə çalışır və yaxın dövrdə daha praqmatik addımlar atacağını bəyan edir.
Bu arada müxalifətin noyabrın 20-də Baş prokurorluğun binası qarşısında etiraz aksiyası keçirəcəyi məlum olub. Məlumatı “Facebook”da canlı yayım zamanı Erməni İnqilabi Federasiyası – “Daşnaksütyun”un təmsilçisi, parlamentdəki “Hayastan” deputat fraksiyasının üzvü İşxan Saqatelyan açıqlayıb. O bildirib ki, aksiyanın keçirilməsində məqsəd siyasi məhbuslara dəstək verməkdir.
***
Jurnalist Karpis Paşoyan “Aysor” media qurumunun “Sual var” verilişində Gümrü seçkilərinin nəticələrinin müxalifətlə amansız zarafat olduğunu bildirib. O, müxalifət qüvvələrinin səhvən eyni uğuru digər icmalarda təkrarlaya biləcəklərinə inandıqlarını, lakin hökumətin dərs çıxardığını, taktikasını dəyişdirdiyini və istənilən nəticələrə nail ola bildiyini iddia edib. Paşoyan qeyd edib ki, müxalifət hökumətə qarşı həqiqətən meydan oxuya bilməsə, oxşar nümunə ümumxalq seçkilərində də təkrarlana bilər. Eçmiədzin seçkisinin təcrübəsi parçalanmış, atomlaşmış müxalifətin iştirakının səmərəsiz olduğunu göstərib. Səslərin dağılmasının qarşısını almaq üçün geniş konsolidasiya lazımdır. O bildirib ki, bu gün əsas problem bir sualdadır: bütün müxalifət qüvvələri həqiqətən Nikol Paşinyanın istefasını istəyirlərmi? Əlavə edib ki, bəziləri seçki resurslarından sövdələşmə vasitəsi kimi istifadə etmək, digərləri sadəcə mandat, başqaları isə şöhrətlənmək istəyir.
Onu da bildirək ki, noyabrın 18-də ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 23-cü payız sessiyası çərçivəsində Ermənistan və Azərbaycan parlament nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib. Ermənistan tərəfinin yaydığı məlumata görə, görüş oktyabrın 21-də Cenevrədə Ermənistan və Azərbaycan parlamentlərinin sədrləri arasında əldə edilən razılaşmaya uyğun olaraq baş tutub.
Görüş zamanı tərəflər Vaşinqton sammitinin müsbət rolunu vurğulayıb, əldə edilən razılaşmaları və Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsi üçün atılan gələcək addımları müzakirə edib və hər iki ölkə parlamentlərinin bu prosesi dəstəkləməsinin vacibliyini bildiriblər. İki dövlət arasında etimad quruculuğu tədbirlərinin həyata keçirilməsində parlamentlərin roluna xüsusi diqqət yetirilib. Hər iki tərəf beynəlxalq təşkilatlar çərçivəsində parlament üzvləri arasında konstruktiv dialoqun vacibliyini vurğulayıb.
***
Bütün bu prosesləri uzlaşdırdıqda belə qənaətə gəlmək mümkündür ki, Ermənistanda siyasi mühit son həftələrdə yenidən aktiv fazaya keçib və bu proses xüsusilə müxalifətin fəaliyyətində özünü daha aydın göstərir. Noyabrın 20-də Baş prokurorluğun binası qarşısında keçiriləcəyi açıqlanan aksiya müxalifətin gündəmi ələ almaq cəhdinin növbəti nümunəsi hesab olunur. İşxan Saqatelyanın siyasi məhbuslarla bağlı səsləndirdiyi çağırış formal olaraq humanist məqsədlər üzərində qurulsa da, əslində radikal müxalifətin sosial və siyasi meydanda daha görünən mövqe tutmaq istəyi ilə bağlıdır. Bununla belə, geniş ictimai çevrələrdə müxalifətin həmin aksiyalara real təsir gücü ilə bağlı ciddi şübhələr qalmaqdadır.
Gümrü seçkilərinin nəticələri müxalifət üçün həm uğursuzluq, həm də siyasi reallığın dəyişdiyinin göstəricisi oldu. Jurnalist Karpis Paşoyanın bu nəticələri “amansız zarafat” kimi təsvir etməsi emosional yanaşma kimi qəbul edilsə də, Ermənistan siyasətində baş verən transformasiyanın konturlarını anlamaq baxımından müəyyən mənzərə yaradır. Paşoyan hesab edir ki, müxalifət uzun müddət özünü olduğundan daha güclü sayıb və müəyyən icmalardakı lokal nailiyyətləri ümumi seçki mühitinə şamil etməyə çalışıb. Onun toxunduğu ən mühüm məsələlərdən biri müxalifətdəki parçalanmadır. Jurnalistin fikrincə, Eçmiədzin seçkiləri göstərdi ki, atomlaşmış müxalifət anlayışı artıq sırf siyasi termindən çıxaraq real vəziyyəti təsvir edən anlayışa çevrilib. Bir-birindən ayrı platformalarda, fərqli şəxsi maraqlarla çıxış edən siyasi qruplar səs bölgüsünü qaçılmaz edir və bu, hakimiyyət üçün əlavə üstünlük yaradır. Paşoyanın “bizə ağıllı və çevik müxalifət lazımdır” fikri əslində sadə bir müşahidəni ifadə edir: müxalifət yalnız hökumətə təzyiq etmək üçün deyil, həm də siyasi reallıqların şərhini düzgün təqdim etmək üçün funksional olmalıdır. Hazırkı reallıq isə göstərir ki, mövcud müxalifət həm təşkilati, həm də intellektual baxımdan bir neçə ildən bəri qarşılaşdığı böhranı hələ də aşa bilmir.
Müxalifət daxilində dərin sual doğuran əsas məqam Paşinyanın istefasının real məqsəd olub-olmamasıdır. Paşoyanın “bütün müxalifət qüvvələri doğrudan da Paşinyanın getməsini istəyirmi?” sualı siyasi düşərgənin daxili ziddiyyətlərini ifşa edir. Bir qrup üçün seçki resursları ticarət vasitəsidir, digərləri parlament mandatı uğrunda rəqabət aparır, bir başqa zümrə isə siyasi prosesləri şəxsi nüfuz qazanmaq imkanı kimi görür. Bu müxtəlif yanaşmalar müxalifətin vahid mərkəzdən idarə olunmasını mümkünsüz edir və onların real siyasi gücə çevrilməsi ehtimalını azaldır.
Bütün bu proseslər fonunda Ermənistan–Azərbaycan münasibətlərindəki irəliləyiş daxili siyasətə əlavə təsir göstərir. ATƏT Parlament Assambleyasının İstanbul sessiyası çərçivəsində keçirilən görüş, Vaşinqton sammitinin müsbət qiymətləndirilməsi və iki ölkə parlamentlərinin dialoq imkanlarının genişləndirilməsi Ermənistanda siyasi qüvvələrin mövqelərinə birbaşa təsir edir. Sülh prosesinin irəliləməsi Ermənistan cəmiyyəti üçün həm ümid, həm də gərginlik mənbəyinə çevrilib. Müxalifət bu prosesi özünə sərf edən formada təqdim etməyə çalışır, lakin Paşinyan komandası sülh gündəmini möhkəmləndirməklə siyasi üstünlüyünü qorumağa nail olur.
İndiki durum göstərir ki, müxalifətin elan etdiyi aksiya qısamüddətli rezonans yarada bilər, lakin onun uzunmüddətli siyasi nəticəsi yenə də zəif olacaq. Müxalifət öz daxilində konsolidasiya prosesini başa çatdırmadan və real siyasi məqsədləri müəyyənləşdirmədən geniş ictimai dəstək toplamaq imkanına malik deyil. Ermənistanda siyasi mübarizənin yeni mərhələsi daha çox strateji təfəkkür tələb edir və bu tələbin ödənməsi hazırda mümkünsüz görünür.
Beləliklə, müxalifət hələ də vahid güc mərkəzinə çevrilmək qabiliyyətini nümayiş etdirə bilmir. Noyabrın 20-nə planlaşdırılan aksiya müxalifət üçün simvolik əhəmiyyət daşısa da, real siyasi təsir gücü məhdud olacaq. Gümrü və Eçmiədzin seçkiləri müxalifətin parçalanmasının sistem xarakteri aldığını, hakimiyyətin isə təşkilati baxımdan daha çevik və üstün vəziyyətdə olduğunu sübut etdi. Ermənistan–Azərbaycan parlament dialoqunun intensivləşməsi fonunda müxalifətin gündəmi ələ almaq cəhdləri əvvəlki kimi effekt vermir.
Politoloq Ramiyə Məmmədovanın fikrincə, Ermənistandakı mövcud siyasi dinamika göstərir ki, müxalifət hələ də funksional siyasi qüvvəyə çevrilmək üçün lazımi institusional hazırlığa malik deyil. Onun sözlərinə görə, noyabrın 20-nə planlaşdırılan aksiya daha çox imic xarakteri daşıyır və real siyasi dəyişiklik yaratmaq potensialından uzaqdır: “Gümrü və Eçmiədzin seçkilərinin nəticələri müxalifət daxilindəki parçalanmanın dərinliyini, şəxsi ambisiyaların ümumi maraqları üstələdiyini bir daha nümayiş etdirdi. Bu isə müxalifətin geniş elektorat qarşısında cəlbediciliyini azaldır və onun siyasi rəqabət imkanlarını məhdudlaşdırır. Hakimiyyət isə qarşı tərəfin bu zəifliyindən ustalıqla istifadə edir, idarəetmədə çevik yanaşma nümayiş etdirir və seçki proseslərinə nəzarət imkanlarını gücləndirir. Ermənistan–Azərbaycan münasibətlərində dialoqun intensivləşməsi, parlamentlərarası görüşlərin müsbət fon yaratması hökumətin mövqeyini daha da möhkəmləndirir. Çünki sülh gündəmi hazırda həm beynəlxalq dəstək, həm də daxili sabitlik üçün əsas siyasi resurs hesab olunur. Belə şəraitdə müxalifətin fəaliyyəti daha çox fraqmentar xarakter daşıyır və strategiya çatışmazlığı açıq görünür. Yekun olaraq, qeyd etmək istərdim ki, yaxın perspektivdə ölkədə siyasi balansın dəyişməsi real görünmür”.
Səxavət HƏMİD
XQ


