Türklüyün zəfər yolu

post-img

19 May Türkiyənin Qurtuluş Savaşı Günüdür

Hər il may ayının 19-da Türkiyədə Atatürkü anma, Gənclik və İdman bayramı təntənə ilə qeyd edilir. “Anıtkabir” kompleksi ziyarət olunur, Atatürkün xatirəsi ehtiramla anılır və İstiqlal Marşı oxunur.

Hər bir xalqın taleyində və tarixində dönüş nöqtələri olur. Türk milləti tarix­də bir neçə qurtuluş mərhələsi yaşayıb. Hələ qədim Ərgənokon dastanında tür­kün qurtuluş arzusu, idealı əksini tapıb. 1919-cu ilin 19 mayı oldu. Sonradan Atatürk olacaq Qazi Mustafa Kamalın Samsundan gəmi ilə çıxışı türk tarixində ümidin, inamın işartısı, geridönməz yeni mərhələnin başlanğıcı olub. 

Xatırladaq ki, Birinci Dünya müharibə­sinin sonuna yaxın – 30 oktyabr 1918-ci il Mudros müqaviləsi Qərb imperializmi tərəfindən türk millətinə verilən ölüm hök­mü idi. Mustafa Kamal o zaman belə dedi: “Millətin istiqlalını yenə də millətin əzm və qərarı qurtaracaqdır”. Qurtuluş savaşı bu fəlsəfə ilə başlandı və zəfərlə nəticələndi. 

“Azərbaycan Türk Ocağı” İctimai Bir­liyinin sədri, tarix üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Akif Aşırlı həmin çətin, lakin şərəfli dövr barədə fikirlərini bizimlə bölüşdü:

– “Mudros müqaviləsinə əsasən, Türkiyə əraziləri İngiltərə, Fransa və Yu­nanıstan arasında bölünmüşdü. İstanbul ingilis əsgərləri ilə dolu idi. O zaman haki­miyyətdə olan İttihad və Tərəqqi partiyası iş başından çəkildi. Dövlətdə artıq baş­sızlıq yaranmışdı. Mustafa Kamal Paşa da ittihadçı kimi siyasi fəliyyətə başla­mışdı. Lakin Qurtuluş savaşı ərəfəsində artıq onların arasında fikir ayrılığı var idi. Amma ittihadçılar gücləri çatan qədər Mustafa Kamal Paşa və silahdaşlarına kömək edirdilər. Onları Vətən idealı bir­ləşdirirdi. 

Təəssüf ki, o zaman Osmanlı sultan­lığı Atatürkün ölümünə fitva vermişdi. Bu da, sözsüz ki, xalqın müəyyən hissəsini şübhəyə salmış, Mustafa Kamalla tam həmrəylik göstərməsinə mane olmuşdu. Bu zaman xarici işğala qarşı Mustafa Kamal müttəffiq axtarmağa başladı ki, o da Sovet Rusiyası oldu. Çünki o dövrdə İngiltərə hər iki qüvvəyə qarşı mübarizə aparırdı. Sözsüz ki, sovetlərin də ma­rağı Türkiyənin bolşevikləşməsində idi. Həmin dövrdə dünya inqilabı nəzəriyyə­si gündəmdə idi. Bolşeviklər də bu işə Şərqdən başlamaq istəyirdilər. Mustafa Kamal Atatürkün böyüklüyü onda oldu ki, sovetlərin bu marağından istifadə etdi. O, cümhuriyyəti bolşevik ölkəsi qurmadı. Amma ən çətin dövrdə özünün hərəkatı­na dayaq tapa bildi. 

Azərbaycan da o dövrdə çətin du­rumda idi. Buna baxmayaraq, Azərbay­can Cumhuriyyəti gizli şəkildə də olsa, Qurtuluş Savaşına yardım edirdi. Türkiyə İstiqlaliyyət müharibəsi Azərbaycan icti­maiyyətinin müxtəlif təbəqələrindən əhə­miyyətli və artan dəstək almışdı.

Sovet dövründə isə Nəriman Nərima­nov Türkiyəyə yardımın başında dururdu. Onun Atatürkə “Paşam, qardaş qardaşa borc verməz, əl tutar” fikri bu gün də ak­tuallığını qoruyur. 

Bəli, 1919-cu il mayın 19-da başlayan Türk Qurtuluş Savaşı Türkiyə Böyük Millət Məclisinin (TBMM) qurulması ilə özünün ən pik nöqtəsinə çatdı.Daha sonra Atatür­kün rəhbərliyi ilə aparılan hərbi əməliyyat­lar tam uğurla yekunlaşdı. TBMM 1923-cü ilin 29 oktyabrında Türkiyə Cümhuriyyəti­nin yaradıldığını elan etdi.

Dünya türkün qüdrətinə heyran qal­mışdı. Hətta böyük hind siyasi lideri Ma­hatma Qandi kimi bir şəxsiyyət də bu mübarizədən ilham alaraq öz xalqının azadlığı uğrunda hərəkata başçılıq et­mişdir. 

Bu gün də Türkiyə Şərq üçün nümunə cümhuriyyət kimi rolunu davam etdirir. 

Ceyhun MİRZƏLİ,
Əli ƏLİYEV
XQ

Mədəniyyət