Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin rəisi general-mayor Əşrəf Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 26-dan noyabrın 4-dək Çin Xalq Respublikasında səfərdə olub.
Nazirliyin mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Çin Milli Aviasiya Texnologiyaları İdxalı və İxracı Korporasiyasının vitse-prezidenti Lyu Yi ilə görüşüb.
Görüşdə Azərbaycan və Çinin fövqəladə hallarla mübarizə üzrə müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrinin əhəmiyyəti qeyd olunub, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında xüsusi əhəmiyyət kəsb edən aviasiya sahəsində ən son texnologiyaların tətbiqinin vacibliyi vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində FHN-in nümayəndə heyəti Çin Milli Aviasiya Texnologiyaları İdxalı və İxracı Korporasiyasının fəaliyyəti ilə yerində tanış olub, bir sıra görüşlər keçirib.




